Ekspert: “Ümumilikdə götürəndə iqtisadi aktivliyin yavaş-yavaş başlaması pozitiv məsələdir”
Bu gündən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda, respublikanın digər ərazilərində isə tam sayda bərpa olunub. Eyni zamanda xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin, bütün sahələr üzrə fərdi ticarət obyektlərinin, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlərin fəaliyyəti bərpa olunub.
Azərbaycanda və dünyada koronavirus pandemiyasının ən çox iqtisadiyyata ziyan vurduğu bildirilir. Azərbaycanda karantin rejimi yumşaldılana qədər bir sıra dövlət müəssisələri istisna olmaqla, əksər qurumlarda, müəssisə və obyektlərdə fəaliyyətlər dayandırılmışdı. Ekspertlər bildirirdilər ki, bu hal iqtisadiyyata, pul dövriyyəsinə mənfi təsir edəcək.
Bəs hazırda yaranan aktivlik iqtisadiyyata, pul dövriyyəsinə necə təsir edəcək?
Bu barədə “Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, hələ ki yumşalma tədbirləri ümumi ticarət dövriyyəsinin böyük bir hissəsini əhatə etmir:

“Yəni yumşalma tədbirləri əsasən kiçik obyektlərə və daha çox da regionlara aiddir. Regionlarda bir çox obyekt və kafelərin açılmasına imkan yaradılıb. Lakin onların dövriyyəsini, gətirdikləri iqtisadi aktivliyi nəzərə alsaq, bu, elə də ciddi deyil. Bəzi sahələr isə ümumiyyətlə qapalıdır. Məsələn, hələ də turizmə aid sahələrin qapalı olduğunu görürük. Bakı şəhərində kiçik dükanların, gözəllik salonlarının açılması da dövriyyə etibarilə çox kiçik rəqəmlərlə ifadə olunur. Həm ticarət, həm də büdcəyə daxil olmaları götürsək, rəqəmlər çox kiçikdir. Lakin onu da deyim ki, ümumilikdə götürəndə iqtisadi aktivliyin yavaş-yavaş başlaması pozitiv xəbərdir. Bunun iqtisadiyyata hələ ciddi təsirinin olacağını söyləmək də çətindir. Manatın gələcək taleyi daha çox inzibati qərarlardan asılı olacaq. Mərkəzi Bankın verəcəyi inzibati qərar nədən ibarət olacaq, onu demək çətindir. Manatın məzənnəsi uzun müddətdir ki, eyni səviyyədə saxlanıb və bir müddət də saxlamağı düşünürlər. Lakin gələcəyi-xarici ticarətin genişlənəcəyi dövrü düşünsək və bu perspektivdən yanaşsaq, təbii ki, həm neft qiymətlərini, həm ticarət dövriyyəsini, həm də qonşu ölkələrin valyutalarının ucuzlaşmasını nəzərə alsaq, Azərbaycan manatı ilə bağlı da qərar verilməlidir”.
Ekspert hesab edir ki, indiki neft qiymətləri ilə məzənnəni uzun zaman saxlamaq olmaz:
“Yəqin ki, bir müddət sonra məzənnə ilə bağlı qərar veriləcək. Hazırda bir qədər kömək edən odur ki, pandemiya dövründə bir çox sahələr qapadılıb. Əsasən də qeyri-ərzaq ticarəti xeyli zəifləyib və bu, ölkədən valyuta çıxışının həcmini də azaldıb. Hərraclarda da görürük ki, valyutaya tələbat azalıb. Çünki ticarət əlaqələri zəifləyib. Ümumiyyətlə, qeyri-ərzaq ticarət əlaqələri demək olar ki, sıfırlanıb. Ona görə də buna bir tərəfdən sevinirlər, digər tərəfdən isə bu, o qədər də sevindirici deyil. Yəni ölkəyə mal gəlmirsə, deməli, bu, iqtisadi aktivliyə mənfi təsir göstərir. İqtisadi aktivlik isə artmırsa, deməli, iş yerləri yaranmır. İş yerləri də yaranmadığı təqdirdə əhalinin sosial vəziyyətində irəliləyiş əldə etmək çətin olacaq. Yəni bu, bir-biri ilə sıx bağlı məsələlərdir. Təbii ki, biz bir aya, 2 aya bir çox məhsullarda özümüz-özümüzü təmin edəcək səviyyədə istehsal yarada bilmərik. Bu, mümkün də deyil. Ona görə də iqtisadi aktivlik artmağa başladıqca ticarət dövriyyəsi canlansa, bunun özü pozitiv məsələdir. Çünki yeni iş yerlərinin yaranmasına əvvəlki iş yerlərinin bərpası mümkün olacaq. Lakin bu zaman da manata olan basqılar artacaq. Burada hökumətin zamanlama baxımından verəcəyi qərarlar önəmlidir. Hesab edirəm ki, məzənnəni indiki zamanda uzun müddət aşağı saxlamaq, doğru deyil. Bu, ölkə üçün gələcəkdə problem yarada bilər”.
