|
“Martda ümumilikdə 7698 nəfər tibb işçisinə müddətli əlavə ödənilib”

Agentlik: “Ödənişlər xəstəxanalar tərəfindən təqdim edilən siyahı əsasında müəyyənləşdirilir”

Azərbaycanda koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin maaşına mart ayından etibarən artım edilib. Bu, iyul ayına qədər davam edəcək. Lakin iddialar səslənir ki, həkimlərin əmək haqları ilə bağlı verilən qərar yerlərdə icra olunmur. Bildirilir ki, bəzi həkimlərin əmək haqları qaldırılmayıb və onlara baş həkimlər tərəfindən könüllü olaraq işlədikləri üçün maaşlarında artımın olmayacağı bildirilib. Eyni zamanda belə iddialar da var ki, ödənişlər hələ də həkimlərə çatmayıb.

Bəs həqiqətən vəziyyət necədir?

Bildirək ki, Nazirlər Kabinetinin qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilir:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

Qərara əsasən bu işlər Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə həvalə edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Yeni Müsavat”a bildirilib ki, həkimlərə qeyd edilən artımın ödənilməsi həyata keçirilir və bu məsələdə problem yoxdur. Agentliyin mətbuat xidmətindən bildirilib ki, ödənişlər xəstəxanalar tərəfindən təqdim edilən siyahı əsasında müəyyənləşdirilir:

“Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə mart ayı üzrə müddətli əlavələrin ödənilməsinə başlanılıb.

Belə ki, Bakı şəhəri üzrə 122 dövlət tibb müəssisəsinin tibb işçilərinə, respublikanın digər şəhər və rayonları üzrə 5 dövlət tibb müəssisəsinin tibb işçilərinə iş vaxtına mütənasib olaraq müddətli əlavələr ödənilib.

Mart ayı üzrə ümumilikdə 7698 nəfər tibb işçisinə müddətli əlavə ödənilib. Onların 2489 nəfəri həkim, 4478 nəfəri orta və kiçik tibb işçisi, 731 nəfəri isə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin sürücüləridir.

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

Tibbi profilaktik tədbirləri həyata keçirən 4484 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində

Təcili tibbi yardım xidməti göstərən 2961 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 58 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 195 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində".

Bildirilib ki,  mart ayı üzrə ümumilikdə tibb işçilərinə, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin sürücülərinə 5.3 milyon manat  məbləğində müddətli əlavə ödənilib:

“Məlumat üçün bildirək ki, müddətli əlavələrin mart ayına nəzərdə tutulan hissəsinin digər dövlət tibb müəssisələri üzrə hesablanması və ödənilməsi prosesi davam edir. Belə ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən mart ayı üzrə müddətli əlavələr digər tibb işçilərinə də ödəniləcəkdir. Növbəti həftədən isə aprel ayı üzrə müddətli əlavələrin hesablanması və ödənilməsi təmin ediləcəkdir.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına əsasən  tibbi profilaktik tədbirləri həyata keçirən tibb işçilərinin əhatə dairəsinin müəyyən edilməsi Agentliyə tapşırılmışdır. Agentlik 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarın əhatə dairəsini aşağıdakı kimi genişləndirib:

Tibb müəssisələrində yaradılmış çağırış üzrə qeydiyyat jurnallarında qeydə alınmış sorğuya əsasən tibbi xidmətləri göstərən ailə həkimləri, sahə həkimi-terapevtlər, sahə həkimi-pediatrlar və orta tibb işçiləri;

Təcili tibbi yardım xidmətinin və Təcili Yardım Avtobazasının sürücüləri;

Tibb müəssisələrinin rəhbərləri, stasionar tibbi xidmətə cəlb edildiyi hallar istisna olmaqla, tibb müəssisəsi rəhbərinin müavini - baş həkimlər;

COVID-19 infeksiyasına yoluxma ehtimalı yüksək olan xəstələrin təcrid edilməsi üçün istifadə olunan tibb müəssisələrində (qurumlarda, müəssisələrdə, təşkilatlarda) tibbi xidmət göstərən tibb işçiləri;

COVID-19 infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən tibb müəssisələrinin bütün kateqoriyadan olan digər tibb işçiləri".