|
Polşa Norveçdən qaz almaq üçün kəmərin çəkilişinə başladı

Polşa hökuməti Rusiyadankənar mənbədən – Norveçdən qaz almaq istiqamətində real addım atıb. Belə ki, pölkı “Baltic Pipe” adlı qaz kəmərinin tikintisinə başlayıb.

Bu barədə Polşa prezidenti Anjey Duda televiziya vasitəsilə xalqa məlumat verib: “Kəmərin tikintisi başlanır. Söhbət Norveç şelfindən Danimarkaya daha sonra isə Danimarkadan Polşaya – bizim sahillərə gələcək “Baltic Pipe”dən gedir”.

Prezidentin sözlərinə görə, aprelin 30-da Polşa qaz şəbəkəsinin operatoru olan “Gaz-System” şirkəti layihənin icrası üçün “Saipem Limited” şirkəti ilə müqavilə imzalayıb: “Layihə bütün zəruri icazələri əldə edib. Bu layihə Avropa iqtisadiyyatı, Avrop Birliyinin enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir”.

A.Duda onu da bildirib ki, kəmərlə əldə olunan qazın bir hissəsi Polşa ərazisindən Ukraynaya ötürüləcək.

“Gaz-System”in rəhbəri Tomaş Stempen bildirib ki, “Balıtic Pipe” layihəsinin ümumi dəyəri 1,5 milyard avrodan yuxarıdır: “Bizim imzaladığımız indiki müqavilənin dəyəri isə 280 milyon avrodur”.

Qeyd edək ki, bu ilin yanvarında Avropa Komissiyası Polşa ilə Danimarka arasında “Baltic Pipe” qaz kəmərinin tikintisinə 215 milyon avro ayırıb. Avropa İttifaqının infrastruktur sahəsində tədbirlərinin maliyyələşdirilməsində başlıca alət olan Avropa Əlaqələndirmə Təsisatı (Connecting Europe Facility - CEF) xəttilə ayrılan həmin vəsait həm qaz kəmərinin dənizdəki hissəsinin tikintisinə, həm də Polşadakı qaz nəqli şəbəkəsinin yenilənməsinə sərf edilə bilər.

Bundan əvvəl də - 2015-ci, 2017-ci, 2018-ci illərdə CEF xəttilə maliyyə dəstəyi alan “Baltic Pipe” layihəsi Norveç yataqlarından Danimarkadan keçməklə Polşaya qaz nəqlini nəzərdə tutur. Plana görə illik ötürmə gücü 10 milyard kubmetr olacaq kəməri Polşa hökuməti 2022-ci il oktyabrın 1-dək tikib qurtarmağı hədəfləyir.