Koronavirus pandemiyası və iqtisadi böhran şəraitində Rusiyanın qaz nəhəngi olan “Qazprom” qaz ixrasının kəskin azalmasına hazırlaşır. Şirkətin hesablamalarına görə, böhran üzündən qaz ixracı 16,4 faiz azalacaq.
“Qazprom”un maliyyə-iqtisadi departamentinin rəhbəri Aleksandr İvannikovun sözlərinə görə, xarici alıcılara satılacaq qazın orta qiyməti 37 faiz azalaraq min kubmetr üçün133 dollara düşə bilər.
Fitch agentliyinin təbii sərvətlər və xammal məhsulları üzrə qrupunun rəhbəri Dmitriy Marniçenkonun sözlərinə görə, ssenari reallaşarsa, “Qazprom”un gəliri 42 milyard dollardan 22 milyard dollara düşəcək, ixrac əməliyyatları üzrə rentabellik əmsalı isə 4-5 dəfə azalacaq.
Ekspertlərin hesablamalarına görə, yaya doğru Avropada qazın qiyməti hər min kubmetr üçün 70 dollar azalaraq 120-130 dollara düşə bilər.
“Qazprom”un aprelin axırlarında açıqlanan 2019-cu il üzrə maliyyə hesabatından aydın olur ki, şirkətin mənfəəti 17 faiz satışdan gəliri isə 7 faiz azalıb.
Stokholm Arbitraj Məhkəməsinin qərarı əsasında Ukraynanın “Naftoqaz” şirkətinə ödəniş pul axınlarında 189,5 milyard rublluq mənfi saldoya səbəb olub.
Bu ilin yanvar-fevralında isə “Qazprom”un ixracdan gəlirləri 2 dəfə azalıb. Buna mülayim qış səbəbilə Avropanın qaz anbarlarında rekord ehtiyatın yığılması, həmçinin ABŞ maye qazının Avropada satışının kəskin artması səbəb olub.
Qeyd edək ki, aprel ayında Stokholm Arbitraj Məhkəməsi Polşanın PGNiG şirkətinin “Qazprom”a qarşı qiymətlə bağlı iddiasını təmin edərək Rusiya nəhəngini 1,5 milyard avro təzminat ödəməyə məhkum edib.
