|
Yeni deputatlar oturduqları yerdən razıdırlar

Arzu Nağıyev və Razi Nurullayev deyilənləri təkzib edir

9 fevralda keçirilən parlament seçkilərində ilk dəfə mandat qazanan deputatların yenidən bu hüququ əldə edən həmkarları ilə münasibətlərinin necə olduğu maraq doğurur. Qanunverici orqanın ilk iclasından sonra bəzi iddialar yayıldı ki, deputatlardan onlara ayrılan yerdən narazı qalanlar olub.

Bütün bunlarla bağlı yeni deputatlardan bəzilərinin fikirlərini aldıq.

Politoloq Arzu Nağıyev yer məsələsində narazılıqların olduğu barədə iddiaları qəbul etmir: “Aparat rəhbərliyi müəyyən edir ki, kim harada oturmalıdır. Əvvəlcə mən bir deputatla yanaşı oturmuşdum. Sonradan dedilər ki, iki metrlik məsafə saxlamaq lazımdır. Ona görə də həmin millət vəkilini bir neçə kreslo o tərəfdə oturtdular, mən yerimdə qaldım. Kim yuxarı çıxdı, yaxud aşağı düşdü, fərq görmürəm. Müəyyən yaş məhdudiyyəti də olmadı. Məsələn, 57 yaş mənim olsun, yeni seçilən bir millət vəkilinin də 27. Buna da baxılmadı deyərdim. Sadəcə olaraq, dedilər ki, yeriniz buradır.

Kimlər deputat seçildi? - EXİT POLL - Report.az

Yuxarı ilə aşağının yalnız bir fərqi var. Yuxarıda elektron səsvermə yoxdur. Orada aparatın bir nəfər əməkdaşı olur. Təxminən 18-19 nəfər yuxarıda adam olur. Onlar orada əl qaldırmaqla səs verirlər. Eyni zamanda orada mikrofonlar da işləyir. Onların hər birinin danışığı üçün bütün şərait yaradılıb. Bir problem yoxdur. Deputatın nə vaxtsa yerini dəyişə biləcəyinə gəlincə, bu barədə nəsə deyə bilmərəm. Bunun necə tənzimləndiyi texniki məsələlərə aiddir. Mənim üçün prinsipial bir fərq yoxdur. Desəydilər ki, get yuxarıda otur, dalaşası deyildim ki. Mikrofon var, danışmaq istəyirsənsə danış. Səs verəndə də ya düyməni basdın, ya da əl qaldırdın, bunda ciddi fərq axtarmaq düzgün deyil. Kim bunu necə qəbul edirsə, bu onun özündən asılıdır”.

Azərbaycanda prezidentliyə daha bir namizəd bəlli oldu

Yeni AXCP-nin sədri Razi Nurullayev: “Yenidən seçilən hər bir deputatla çox yaxşı münasibətlərim var. Onlar haqqında tam təsəvvürə malik deyildim. Çünki görüşməmişdik. Onların hər birinin nə qədər dəyərli insan olduğunu gördüm. Mehribanlıqlarının şahidi oldum. Onun üçün də hər biri ilə çox rahat şəkildə dil tapa bildim. Deyərdim ki, heç adaptasiya dövrü yaşamadım. Bəlkə də bu, siyasi təcrübəmdən daha çox irəli gəldi. Mənim üçün Allaha şükürlər olsun ki, hər şey çox rahat oldu. Hər kəsdən çox böyük hörmət gördüm. Onların hər birinə də yüksək hörmətlə yanaşıram. Açığı, mənim üçün bir çox həqiqətlər də üzə çıxdı. Kənardan belə sual yaranır ki, onlar orada nə işlə məşğuldurlar, seçicilərin problemləri ilə məşğul olurlar, ya yox, iclaslarda nəyi müzakirə edirlər. Amma gördüyüm budur ki, bütün deputatların hamısı seçicilərin problemləri ilə məşğul olurlar. Həqiqətən parlament dövlət işinin qaynadığı yerlərdən biridir. Orada əyləşən hər kəs dövlət, seçicilər üçün böyük işlər görüblər. Kənarda olduğum vaxt, açığı, bunları təsəvvür etmirdim. Bizdə sual var idi ki, deputatlar işləyirlər ya yox, seçicilərinin yanındadırlar, yoxsa yox. Hətta bu cür düşüncəyə düşdüyüm üçün mən də müəyyən qədər sıxıntı keçirirəm. Çünki son aylarda bunun tam əksini görmüşəm. Yer məsələsi ilə bağlı suallara bir neçə dəfə cavab vermişəm. Ciddi bir narazılığın bununla bağlı olmasından xəbərsizəm. Parlamentdə ən sonuncu kresloda otururam. Amma bundan heç bir narazılığım yoxdur. Mənə elə gəlir ki, oradakı bütün kreslolar deputatlar üçündür. Kimsə qabaqda, ortada, yaxud da arxada oturmalıdır. Arxa sırada oturan deputatla ilk sırada əyləşən deputatın hüquqları eynidir. Sonuncu sırada oturan deputat ilk də danışa bilər, sonuncu da. Digər tərəfdən, öndə olan deputatın ola bilər ki, fəaliyyəti ilə arxa sırada əyləşəndən heç bir fərqi olmasın. Bu cür fərqləndirmələri absurd hesab edirəm. Ola bilsin ki, kimlərsə qabaqda oturmaq istəyib, arxaya düşüb, ona görə də müəyyən inciklik yaranıb. Bunu da doğru saymıram. Çünki orada inciməli bir şey yoxdur. Hər kəsin mikrofonu var, sözünü deyə bilir. Ola bilsin ki, bu deyilənlər kimlərsə tərəfindən şişirdilib. Amma belə bir şey yoxdur”.