|
ADR-dəki müsavatçılar narahatlıq içində

 

Müsavat Partiyasının sonuncu Məclisinin iclasında Vurğun Əyyubun Məclis üzvlüyünə xitam verilməsindən sonra partiya rəhbərliyinə qarşı sosial şəbəkələrdə və mediada müxtəlif iradlar səsləndirilir. Baxmayaraq ki, Vurğun Əyyub özü Məclis üzvlüyünə xitam verilməsindən narahat olmadığını, bu məsələnin onu qətiyyən maraqlandırmadığını bildirib, bir sıra insanlar Müsavat rəhbərliyini günahkar elan etməkdədirlər. 

 
 
Müsavat Qadınlar Birliyinin sədri, ADR İdarə Heyətinin üzvü Ellada Məmmədli report.az-a bildirib ki, onlar Vurğun Əyyubu Məclis üzvlüyündən çıxarması düzgün deyildi.

O, bu addımı Müsavatın indiki rəhbərliyinin Vurğun Əyyuba qarşı kininin, qərəzinin göstəricisi hesab edir:“Bu qərəz uzun illərdir davam edir. Onlar öz varlıqlarını sübut etmək üçün belə bir addım atdılar. İstəyirlər ki, onlara biət edək. Müsavat rəhbərliyi Vurğun bəyin partiyadan çıxarılmasına çalışırdı, rəhbərlik dəfələrlə partiya özəyinə müraciət etsə də, onlar buna razılıq verməyiblər. Vurğun Əyyubu aşağılamaq üçün bütün vasitələrdən istifadə etdilər.
 
Qurultaydan sonra partiya rəhbərliyini kim tənqid edirsə, partiyadan uzaqlaşdırılır”.
E.Məmmədli Müsavat Məclisinin sonuncu toplantısında parlament seçkilərində partiyadan namizədliyini irəli sürən şəxslərlə bağlı təlimat və öhdəlik sənədinin qəbul edilməsinin anlaşılmaz olduğunu vurğulayıb: “Təlimat kifayət qədər təzadlıdır. Məclis namizədi təsdiq edə bilməz, müəyyənləşdirə bilər. Onlar seçkilərlə bağlı öhdəlik sənədi də qəbul ediblər. Bu təlimat və öhdəlik sənədi demokratik əsaslara ziddir. Vurğun bəylə bağlı atılan addımdan da belə görünür, ADR-də təmsil olunan Müsavat üzvlərinin namizədliklərinin irəli sürülməsini təsdiq etməyə bilərlər. Onlar bu işlərin hamısını özlərinə uyğun müəyyənləşdiriblər”. 
 
 
Müsavat başqanının müavini Səxavət Soltanlı isə “Yeni Müsavat”a bildirdi ki, Ellada Məmmədli özü də yaxşı bilir ki, Vurğun Əyyub özünü Məclis üzvü hesab etmədiyini dəfələrlə bəyan edib. Belə bir vəziyyətdə onun Məclis üzvü kimi saxlanması məntiqsiz olmaqla yanaşı, əslində Vurğun Əyyubun hüququnun pozulması olardı: “Adam özünü Məclisin üzvü hesab etmirsə, onu güclə orada saxlamağın mənası yoxdur. Məclis onun özünün iradəsini nəzərə alıb. Deputatlığa namizədlərin siyahısını isə Məclis səsvermə yolu ilə təsdiqləyəcək. Bu məsələdə də Müsavat rəhbərliyi heç kimə təzyiq etməyəcək, göstəriş verməyəcək. Hər bir Məclis üzvü öz iradəsi ilə səs verəcək. Kimlərin namizədliyinin təsdiqlənməsi isə məhz Məclis üzvlərinin iradəsindən asılı olacaq. Müsavat Partiyasının namizədlərini hər zaman Məclis təsdiq edib. Bu yenilik deyil, bu dəfə də belə olacaq. Kimsə bunu bilə-bilə Məclis üzvlərini təhqir edəcəksə, Məclisi aşağılayacaqsa, insanların inamın qazanmaq əvəzinə şübhəli fəaliyyətlə məşğul olacaqsa, nəticədə də həmin Məclisdən yetərli səs ala bilməyəcəksə, partiyanın rəhbərliyi nə edə bilər? Bu halda günahı Məclisdə və rəhbərlikdə yox, özündə axtarmaq daha məntiqli deyilmi?
 
 
Odur ki, Ellada Məmmədlinin həm Vurğun Əyyubun Məclis üzvlüyü məsələsi, həm də ADR-dəki müsavatçıların deputatlığa namizədliyi ilə bağlı iddiaları tamamilə uydurmadır".//Musavat