Şimali Koreya lideri Kim Çen İnin keçmiş baş aşpazı Kendzi Fudzimoto siyasətçinin qidalanmada nəyə üstünlük verdiyini açıqlayıb.
Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Deyli Mirror” qəzeti məlumat yayıb.
Aşpazın sözlərinə görə, 2015-ci ildə Kim Çen İn hər axşam biri 175 funt sterlinq dəyərində iki şüşə “Cristal” şampanı içir və “Emmental” pendiri ilə bahalı Kobe steykini (yapon qara öküzlərindən alınan yüksək keyfiyyətli mal əti) yeyirdi.
Üstəlik, o, fua-qra və “Vaqyu” adlandırılan yüksək kalorili mal ətindən də imtina etmirdi. Bu yeməklərin bir porsiyasının qiyməti 240 funt sterlinqə çatırdı. Fudzimoto Şimali Koreya liderinin köpək balığından hazırlanan delikates şorbaların pərəstişkarı olduğunu da bildirib. Keçmiş baş aşpaz qeyd edib ki, məhz bunların sayəsində Kim Çen İnin çəkisi 127 kiloqramadək artıb.
Məlumdur ki, 36 yaşlı Kim Çen artıq çəki ilə yanaşı piylənmədən də əziyyət çəkir. Güman edilir ki, onun iştahının güclü olması və pəhrizə diqqət yetirməməsi aprelin 12-də ürək əməliyyatı keçirməsinin səbəbi olub.
