Aprelin 27-dən koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar Azərbaycan ərazisində tətbiq olunmuş məhdudiyyətlərin bir qismi bu gündən yumşaldılır. Bunun nəticəsində bəzi iş və xidmət sahələrində fəaliyyət də bərpa edilir. Söhbət fərdi tədris və repetitor xidmətlərindən gedir. Eyni zamanda kitab, qəzet, dəftərxana mallarının satışına icazə veriləcək. Həmçinin çap, surətçıxarma, fotoatelye, fərdi mənzillərdə təmizlik, dərzi xidmətlərinin fəaliyyətlərinə də qadağa götürüləcək. Bundan əlavə kosmetika, ətriyyat, geyim, ayaqqabı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti də icazəli olacaq. Üstəlik, mobil cihazların, ehtiyat hissələrinin, aksessuarlarının satışı və təmiri də bu sıraya aiddir.
Ekspertlər bildirirlər ki, bu proseslər fonunda ölkə yavaş-yavaş normal həyata dönür. Buna səbəb Azərbaycanda koronavirusla bağlı pozitiv nəticələrin əldə edilməsi, sağalanlarla yoluxanlar nisbəti arasında fərqin yaranmasıdır. Lakin müvafiq dövlət qurumlarının nümayəndələri, o cümlədən də ekspertlər bildirirlər ki, karantin rejiminin birdən-birə tamamilə yumşaldılması, ciddi fəlakətlərə gətirib çıxara bilər. Ona görə də hesab edilir ki, mayın 4-dən sonra belə karantin rejimi tamamilə aradan qaldırılmayacaq. Ekspertlərin fikrincə, mərhələli şəkildə tətbiq edilən karantin rejimindən, dünyada da olduğu kimi mərhələli şəkildə də çıxılacaq.
Hazırda dünyanın bir sıra ölkələrində də karantin rejimi mərhələli formadan aradan qaldırılır. Baxmayaraq ki, həmin ölkələrdə yoluxma və ölüm halları davam edir, insanların özləri də artıq evdə qalmaq istəmir, işə getmək üçün aksiyalar belə keçirirlər.
Konkret desək, ötən həftə Almaniyanın Berlin şəhərində koronavirus epidemiyası ilə mübarizə üçün tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə etiraz olaraq aksiya keçirilib.
Etirazçıların əsas tələbi konstitusiya hüquqlarının bərpası olub. Onlar bildirib ki, məhdudlaşdırıcı tədbirlər ölkə vətəndaşlarının mülki və iqtisadi hüquqlarının pozulmasıdır. Plakatlardakı şüarlar arasında: “Vətəndaş hüquqlarının pozulmasını dərhal ləğv et!”, “Oyan! Konstitusiya ilə nə baş verir?” olub.
Onu da bildirək ki, Almaniyada karantin rejimi yumşaldılıb. Belə ki, ölkədə 800 kv/m sahəsi olan mağazalar açılıb. Ticarət mərkəzləri və böyük mağazalar ciddi gigiyena qaydaları çərçivəsində xidmət göstərməyə başlayıb. Erkən saatlarda xidmətin başlanmasına baxmayaraq, çox az sayda insan ticarət mərkəzlərinə gedib. Vətəndaşların sosial məsafə qaydalarına riayət etdiyi və maska taxdığı müşahidə olunub.
Dünyada hazırda gün ərzində ən çox yoluxma və ölüm halları ABŞ-da qeydə alınır. Bununla belə ABŞ-ın da bəzi ştatlarında karantin rejimi aradan qaldırılıb. Belə ki, ABŞ-ın Corcia, Oklahoma və Alyaska ştatlarında tətbiq olunan karantin məhdudiyyətləri yumşaldılıb. Corcia və Oklahoma ştatlarında bovlinq zalları, bərbərxanalar və SPA mərkəzlərinin açılmasına icaza verilib. Alyaskada isə restoran və pərakəndə satış məntəqələrində tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Hər üç ştatda açılan mağaza və restoranlara gedən müştərilərin sosial məsafə qaydasına əməl etmələri tələb olunur.
Çexiya Respublikası da aprelin 24-dən vətəndaşların respublika daxilində sərbəst hərəkətinə və onun hüdudlarından kənara çıxmasına qoyulan qadağaları ləğv edib. Bu gündən isə qeyd etdiyimiz ölkədə universitetlər fəaliyyətə başlayacaq. Çexiyada mayın 11-də ticarət mərkəzlərinin, muzeylərin, bərbərlərin, iki həftədən sonra isə otel və restoranların açılması planlaşdırılır. Ötən həftə Norveçdə bağçalar açıldı.
ABŞ-dan sonra yoluxmanın ən çox olduğu İspaniyada isə bu gündən etibarən uşaqların hava almaları üçün çölə çıxmalarına da icazə veriləcək. Fransada isə karantin rejimi ilə bağlı mayın 11-dən sonra qərar veriləcək. Polşada isə yüz kvadrat metrdən böyük müəssisələr və kilsələrin fəaliyyətinə icazə verilir. Eyni zamanda İranda beynəlxalq magistral yollar, ticarət mərkəzləri və mağazalar açılıb. Qazaxıstan hökuməti də karantin qaydalarını tədricən yumşaltmaq barədə qərar verib. Növbəti həftədə karantin rejimini yumşaldan dövlətlərin sayında ciddi artım olacağı proqnozlaşdırılır.
Onu da bildirək ki, hələ koronavirusun yayıldığı ilk günlərdə alimlər açıqlamalar verirdilər ki, bu virusa yoluxma may ayından etibarən enən xətt üzrə gedəcək...
