Qarabağ Azadlıq Təşkilatının “QAT. Qarabağa doğru” WhatsApp qrupunun növbəti qonağı Türkiyədə yaşayan Azərbaycan əsilli siyasətçi, Türkiyə ictimai siyasi prosesslərinin fəal iştirakçısı, son parlament seçkilərində AKP-dən millət vəkilliyinə namizəd Samir İsgəndəroğlu olub.
Bu barədə Musavat.com-a QAT-dan xəbər verilib.
Məlumata görə, QAT sədri Akif Nağı, qrupun moderatoru Barat Abbasoğlu “Qarabağ məsələsi Türkiyədə gündəmdə” adlı ictimai dinləmələrin məqsədi, mahiyyəti və əhəmiyyəti ilə bağlı məlumat veriblər. Sonra Samir İsgəndəroğlu mövzuya ilkin münasibətini bildirib, sualları cavablandırıb. İctimai dinləmələrdə Türkiyənin siyasi partiyalarının və hakimiyyətinin Qarabağ məsələsinə münasibəti, Türkiyədə Ermənistanla münasibətlərin istiləşdirilməsi cəhdləri, Türkiyədə yaşayan ermənilərin Dağlıq Qarabağa sərbəst səfər etməsi, Qarabağ məsələsinin Türkiyə mediasında işıqlandırma yox dərəcəsində olmasının səbələri, azərbaycanlı iş adamlarının bu məsələdə passivliyi müzakirə edilib. Həmçinin ermənilərin Türkiyəyə gələrək qeyri-leqal yaşamalarına şərait yaradılması, Azərbaycanyönlü sivil toplum təşkilatlarının fəaliyyəti, Türkiyə-Rusiya yaxınlaşmasının Qarabağ münaqişəsinin həllinə təsir imkanlarından danışılıb.
Bundan əlavə, gənclərin guya Qarabağa qayıtmaq istəyinin olmaması ilə bağlı fikirlərin yanlışlığı, Türkiyənin Qarabağ məsələsində bizə əməli dəstəyinin olub-olmaması, ermənilərin Türkiyədə sərbəst təbliğat aparmalarına şərait yaradılması, Türkiyənin ermənistanla qeyri-rəsmi iqtisadi əlaqələri müzakirə predmetinə çevrilib. Eyni zamanda Ankarada Xocalı soyqırımı muzeyinin fəaliyyət göstərməsi, savaş başlayacağı təqdirdə Türkiyənin bizə hərbi yardım göstərəcəyi ehtimalları, Türkiyədə həqiqi Azərbaycan işinin qurulması, real və strateji işlərin təşkil edilməsi, soydaşlarımızın Türkiyədə yüksək postlar tutmaq prespektivləri və digər məsələlər müzakirə olunub.
