|
Moldovada səfirlik və diaspor fəalları Qaqauziyada soydaşlarımıza yardım etdilər

Azərbaycanın Moldovadakı səfirliyi və diaspor fəalları Qaqauziya Muxtar Respublikasındakı aztəminatlı soydaşlarımıza yardım ediblər. Bu barədə musavat.com-a Moldovadakı səfirliymizdən məlumat verilib.

Səfir Qüdsi Osmanovun təşəbbüsü ilə yaradılan Operativ Qərargah indiyədək Moldova ərazisindəki bütün aztəminatlı soydaşlarımızı tapıb və onlara gərəkən yardımlar edilib.

Səfirlikdən verilən xəbərə görə, qərargaha sədr təyin olunan diaspor fəalı Maarif Rəhimov və digər qərargah üzvləri Qaqauziya Muxtar Respublikasına da gedərək, orada təhsil alan azərbaycanlı tələbələrə, həmçinin bu bölgədəki azərbaycanlı ailələrə ərzaq və maliyyə yardımı göstəriblər. Qaqauziyada onları Qaqauziya hakimiyyətinin xarici əlaqələr departamentinin rəhbəri Vitali Vlax qarşılayıb. Nümayəndə heyəti öncə Ulu öndər Heydər Əliyevin Qaqauziyadakı büstü önünə gül dəstələri qoyublar. Sonra isə Qaqauziyada təhsil alan azərbaycanlı tələbələr və azərbaycan ailələri ilə görüşərək, onlara yardım çatdırıblar. Azərbaycanlı tələbələr bildiriblər ki, səfirlik əməkdaşları onlarla daim əlaqədədir.

Qaqauziyadakı azərbaycanlılar pandemiya dövründə Azərbaycanda Prezident İlham Əliyevin xalqa, habelə xaricdəki vətəndaşlarımıza göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini çatdırıblar.

Bundan başqa, Qaqauziyada bir neçə soydaşımız orada qaqauz xanımla ailə qurublar, həmin ailələrə də diapor və səfirlik nümayəndələri baş çəkiblər.

Nəzərə çatdıraq ki, səfirliyin və diasporun yaratdığı qərargah həm Moldova hökumətinə, həm də Qauqauziyada yerli hökumətə koronavirusla mübarizəyə dəstək məqsədi ilə 20 min Moldova leyi də ianə köçürüb.

Xatırladaq ki, Qaqauziya kökəncə türklərin yaşadığı bölgədir. Onlar milliyyətcə türkdürlər, amma dinləri xristiandır.

Qaqauziya Moldovanın ən inkişaf etmiş bölgələrindən sayılır. Rusiya, Türkiyə və digər türkdilli dövlətlər bu regiona böyük sərmayelər yatırdır, bir çox sosial yönlü layihələr həyata keçirirlər. Azərbaycan Respublikası da bu prosesdə iştirak edir.

Qardaş qaqauzlar üçün Qaqauziyanın Çadır-Lunqa şəhərində Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən mədəni-təhsil mərkəzi inşa olnur və artıq tikinti sonuncu mərhələdədir. Layihənin açılışına Azərbaycan Prezidenti İlham Əliyev dəvət olunub. Eyni zamanda, Qaqauziya ilə Azərbaycanın Qəbələ şəhəri arasında qardaşlıq barədə sazişin imzalanması nəzərdə tutulub.

Habelə, xeyli sayda qaqauz tələbə Azərbaycanda müxtəlif ali təhsil ocaqlarında, o cümlədən Polis Akademiyasında dövlət hesabına təhsil alaraq, hazırda Qaqauziyada hüquq-mühafizə orqanlarında çalışırlar. Həmçinin, qarşılıqlı olaraq azərbaycanlı tələbələr də Qaqauziyada təhsil alırlar.