|
Zahid Oruc: “Bu, son dərəcə vacib siqnaldır”

“İctimai rəyi öyrənən Tədqiqatlar Mərkəzinin təmsilçisi kimi məsuliyyətlə deyə bilərik ki, ötən ilin sentyabrında keçirdiyimiz sosioloji sorğular zamanı respublikada prezidentdən başqa digər hakimiyyət orqanlarına münasibətin yüksək olmadığına şahid idik. Xüsusilə icra hakimiyyətləri və məhkəmə sisteminə münasibətdə problemlər özünü qabarıq göstərirdi”.

Bu fikirləri Milli Məclisin plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söylədi. Komitə rəhbəri verilən qərarların, atılan addımların effektivliyindən danışarkən bunları bildirdi: “Təsadüfi deyil ki, ölkə rəhbəri cənab İlham Əliyev dəflərlə xəbərdarlıqlarından sonra 16 mart 2020-ci il tarixli çıxışında deyirdi: “Əgər kimsə, yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu, alınmayacaq. Heç kimə güzəşt yoxdur. Hər kəs bərabərdir. Heç bir toxunulmaz məmur yoxdur. Hər kəs mükafatını da, cəzasını da öz əməlinə görə alacaqdır”. İcra hakimiyyəti rəhbərlərinin qanunsuz əməllərinə qarşı sərt tədbirlər və yeniləşmə bu sahədə müsbət dinamikaya səbəb oldu”.

Z.Oruc İnsan hüquqları üzrə Müvəkkilin illik məruzəsindən bəhas edərkən qeyd etdi ki, məruzənin “saglamlığın qorunması” ilə baglı bölmədə qeyd olunur ki, əlilliyin təyin edilməsi və qiymətləndirilməsində bir çox hallarda tibb müəssisələrinin göndərişləri qərəzli olaraq, yaxud qeyri-peşəkarlıq və laqeyd münasibət nəticəsində bir çox hallarda vətəndaşlara əlillik təyinatının aparılmasına mane olur: “Məruzədə, vətəndaşların təhsil hüququ ilə bağlı, “uşaqlar üçün ərazi üzrə ən yaxın məktəbi seçmək” tələbi də problem doğuran, uşaq və valideynlərin narazılığına səbəb olan məqam kimi öz əksini tapıb. Eləcə də Tibb Universitetinin 4-cü kurs hərbi tibb fakültəsinin bir qism tələbələrinin hüquqlarının bərpası istiqamətində Müvəkkilin çağırışı da Milli Məclis üzvlərinin diqqət mərkəzində saxlanması vacib məsələlərdən sayıla bilər”. Komitə rəhbəri bildirdi ki, vətəndaşların mənzil hüququnun təminatına dair narahatlıqların məruzədə yer alması təqdirəlayiqdir: “Belə ki, bu Bakı və digər şəhərlərdə insanların tikililər üzərində hüquqlarını rəsmiləşdirə bilməməsinin yaratdığı sosial, vətəndaşlıq, yaşayış yeri üzrə qeydiyyat sahəsində hüquqpozmalara səbəb olur və bu, son dərəcə vacib siqnaldır. Biz inanırıq ki, aparılan islahatlar, dövlət əmlakı və qeydiyyatı sahəsində İqtisadiyyat Nazirliyi yeni səlahiyyətlıri çərçivəsində əmlak və mülkiyyət aktlarının bütün vətəndaşlara verilməsində “ASAN xidmət ” modelini tətbiq etməyə nail olacaq”. Zahid Oruc həmçinin yeni Müvəkkilin ölkə başçısı tərəfindən aparılan islahatların ön sıralarında gedəcəyinə ümidvar olduğunu da vurğuladı: “Ombudsman İnstitutunun sosial şəbəkələrdə ayrıca hesabının yaradılması, eləcə də İnformasiya Müvəkkilliyi sahəsində ayrıca hesabat və məruzələri ictimaiyyətə təqdim olunması da onun sambalını daha artıracaq. Xüsusi məruzələr praktikasına söykənərək ölkəmizdə hüquq müdafiə təşkilatlarının fəaliyyətinə geniş yer veriləcəyinə, parlamentlə birgə araşdırmalar və sorgular aparılcağına inanırıq. Gəncə, Tərtər və s. işlərin adı altında ölkəmiz əleyhinə aparılan fəaliyyətlərə qiymət vermək, alternativ hesabatlar hazırlamaq da qarşıda duran ən mühüm vəzifələrdəndir. İnsan Hüquqları komitəsi bu yöndə tərəfdaşlardan biri olmağa hazırdır”.