Bu günə qədər ABŞ-da 50 minə yaxın insan yeni tip koronavirusdan (COVİD-19) dünyasını dəyişib. Aparılan araşdırmalara görə, virusdan ölüm sayının 5/1-i qocalar evlərində yaşanıb.
“Associated Press”in araşdırmasına görə, bu günə qədər qocalar evində 10 min 217 nəfər koronavirusdan dünyasını dəyişib. Ən çox itki isə Nyu-Yorkda yaşanıb.
“Bir çox mütəxəssislər bunun səbəbini qocalar evlərinə yetərincə test verilməməsi ilə əlaqələndirir”. Bu sözləri ABŞ-dakı qocalar evləri ilə bağlı çalışan Kris Lakşon deyib.
Uzun zamandır ABŞ-ın qocalar evlərini təmsil edən Amerika Sağlamlıq Xidmətləri Birliyinin rəhbəri Mark Parkinson da qocalar evlərinə test verilməməsini, hökumətin bu müəssisələrə o qədər də diqqət ayırmadığını deyib:
“Artıq virusla mübarizə xəstəxanalarda deyil, qocalar evlərində yaşanır”.
Ən çox ölüm isə Nyu-Yorkun Bruklin əyalətində yerləşən qocalar evində yaşanıb. Buradakı müəssisədə 55 nəfər yaşlı dünyasını dəyişib. Məlum olub ki, bu günə qədər müəssisə sakinləri koronavirus testindən keçməyib.
Virciniya əyalətinin Riçmond qəsəbəsindəki qocalar evində isə 49 nəfər virusdan ölüb. Müəssisənin direkotru açıqlama verərək bildirib ki, müəssisəyə testlərin verilməsi 2 həftə gecikib.
Vaşinqtonda isə bir qocalar evində 43 nəfər virusdan ölüb.
Məlumata görə, ABŞ-da 15 min 600 qocalar evi var. Həmin müəssisələrdə isə 1,3 milyon yaşlı insan qalır.
Xatırladaq ki, iki gün öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Ofisinin rəhbəri Hans Kluqe də Avropada koronavirusdan ölüm hallarının yarısının qocalar evində baş verdiyini açıqlamışdı: “Orada işləyənlər tanınmayan qəhrəmanlardır. O işçilərə daha çox qoruyucu kostyum verilməlidir. Qocalar evində yaşlılara daha yaxşı baxılmalı idi, ancaq təəssüf ki, bu, belə olmadı”.
