Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müxalif siyasətçi Aleksey Navalnının “Rusiya üçün 5 addım” adlı iqtisadi xarakterli təşəbbüsünü populist proqram adlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə müxalifyönlü jurnalistlərin qurduğu və mərkəzi Latviyada yerləşən “Meduza” saytı məlumat yayıb.
Qeyd olunur ki, Aleksey Navalnı hər bir rusiyalıya “ləngimədən” 20 min rubl, azyaşlılara isə 10 min rubl verilməsinin lazım olduğunu bildirmişdi. Pandemiya ilə bağlı məhdudlaşdırmaların uzanması halında isə müxalif siyasətçi may və iyun aylarında da hər bir vətəndaşa 10 min rubl ödənilməsini təklif edib.
Bundan başqa, Aleksey Navalnı epidemiya dövründə mənzil-kommunal ödəmələrinin ləğv olunmasının, habelə kiçik və orta biznesə qoyulan vergilərin qaldırılmasının, onlara geri qaytarılmadan 2 trilyon rubl məbləğində yardım göstərilməsinin vacibliyini vurğulayıb.
Aleksey Navalnı bunun üçün hətta imzatoplama kampaniyasına başlayıb.
Dmitri Peskov isə müxalifət liderinin təkliflərini “ölkə və onun iqtisadiyyatının reallıqlarına zidd”, “populist və şişirdilmiş” olaraq dəyərləndirib. Onun sözlərinə görə, həmin proqramın tərtibatçılarında müvafiq səriştə səviyyəsi çatışmır.
Lakin A.Navalnının yuxarıda göstərilən ödəmə və güzəşt proqramı ölkənin bir çox aparıcı iqtisadçısı tərəfindən də dəstəklənib və dilə gətirilib. Bundan öncə Sergey Quriyev, Georgi Yegorov, Ruben Yenikolopov, Katya Juravskaya, Andrey Kovrijnıx, Andrey Malenko, Nadya Malenko, Maksim Mironov, Mariya Petrova, Konstantin Sonin kimi tanınmış iqtisadçılar da prezident Vladimir Putinə müraciət edərək analoji təklifləri səsləndiriblər.
“Financial Times” qəzetindən Maks Seddonun yazdığına görə, dövlət tərəfindən bu vaxta qədər ayrılan 2 trilyon rublluq (26 milyard dollar) dəstək Qərbi Avropanın digər ölkələrində bu sahədə atılan addımla müqayisəyə belə gəlmir.
“Rusiya indi çəkiç və zindanın arasındadır, çünki neftdən asılıdır. Ona görə də məsrəflərdə ehtiyatlı davranmalıdır”, - deyə Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçısının müavini Elina Rıbakova “Financial Times”a danışıb.
Lakin iqtisadçılar federal Milli Rifah Fondundan pul ayrılmayacağı təqdirdə ölkənin əsl iqtisadi pandemiya ilə üzləşəcəyi proqnozunu veriblər.
