|
Tramp koronavirusun ikinci dalğasının gələcəyini deyən məmurdan izahat tələb etdi

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinq zamanı Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin rəhbəri Robert Redfildə qarşı qəzəbini ifadə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, dövlət başçısı R.Redfilddən mətbuata verdiyi müsahibədə koronavirusun ikinci dalğasının gələcəyi halda daha böyük fəlakətin yaşanacağı barədə sözlərinə aydınlıq gətirməsini istəyib.

Öz növbəsində R.Redfild sözlərinin “The Washington Post” qəzeti tərəfindən təhrif olunmuş şəkildə çatdırıldığını deyib.
“Mən müsahibədə vəziyyətin pis deyil, mürəkkəb olacağını söyləmişdim. Mən demişdim ki, “COVİD-19”-un ikinci dalğası gəldiyi halda amerikalılara qriplə yoluxmaq riskini minimallaşdırmaq olduqca çətin olacaq ”,- deyə o, özünə haqq qazandırıb.
Amerikalı alimin sözlərinə görə, o, bununla ölkə vətəndaşlarını sadəcə vaxtında xəbərdar etmək istəyib.
Prezident Tramp isə Redfildə qəti şəkildə etiraz edərək, koronavirusun təkrar gəlməsi halında onun bu il olduğu kimi eyni miqyasda insanlara təsir göstərməyəcəyinə əmin olduğunu söyləyib.
Ağ Ev rəhbərinin fikrincə, koronavirus növbəti qrip mövsümündə olduqca az insanda görünəcək.