Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov dümnya bazarında neftin şok həddə ucuzlaşması, bunun Azərbaycana təsirləri, yeni maliyyə mənbələrinin tapılması, bank sektorunun durumu və sair məsələlərlə bağlı Musavat.com-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Vahid müəllim, ölkədə neft gəlirləri azalıb və yeni maliyyə qaynaqlarına ehtiyac var. Belə bir məqamda maliyyə və əmlak amnistiyasının verilməsi məqbul olarmı, sizcə?
- Gəlirlər həqiqətən azalıb, həm koronavirusla, həm də neftin qiymətinin kəskin düşməsi, birjalarda baş verənlər, ölkəmizin əsas portnyoru olan İtaliyada vəziyyətin çox ağır olması və sair səbəblərdən problemlər yaşanır. Burada ən ciddi məsələlərdən biri neftin qiymətinin kəskin aşağı düşməsidir. Bizim əsas gəlir mənbəyimiz və ixracımızın 90 faizini təşkil edən neftdir və neftdən əldə olunan məhsullardır. Ən ciddi problem məhz bununla bağlıdır. İkincisi, biz uzun müddətdir qeyri-neft sektorunun inkişafına kifayət qədər vəsait qoysaq da, ciddi ixraca nail ola bilməmişik. O cümlədən qeyri-neft sektorunda böyük iş yerlərinin yaradılmasına da nail ola bilməmişik. Təbii ki, müəyyən işlər görülüb, ona etiraz etmirəm. Ancaq daha ciddi işlər görmək lazımdır ki, ixracımızda qeyri-neft sektoru 40-50 faiz yer tutsun. Əgər hazırda belə olsaydı, problemləri müəyyən qədər həll etmək olardı.
Koronavirus pandemiyası ilə əlaqədar dünya dövlətlərində baş verənlər bizim ixrac-idxal əməliyyatlarımıza da təsir edib. Ən çox iqtisadi əlaqələrimizin olduğu dövlətlərdə vəziyyət pisdir. Ona görə də, bu bizi vadar edir ki, tezliklə ciddi addımlar atılsın. Biz maliyyə amnistiyasını və əmlak amnistiyası haqqında qanunu hazırlayıb verməliydik. Elə etməliyik ki, bu vəsaitlər kənara çıxmasına, başqa ölkələrin iqtisadiyyatına yatırılmasın, Azərbaycana qoyulsun. Bu vəsaitlər düz və ya əyri yolla əldə edilib, yığılıb, indi onun Azərbaycana gətirilməsinə ehtiyac var. Bu pullar Azərabaycan iqtisadiyyatının inkişafına yönəldilsin, digər məsələlərə insan qaçaqmalçılığına, narkotikə yönəldilməsin. Bu çox ciddi məsələdir və bunu həll etmək lazımdır.
“Xidmət sahələrini dövlətdən ayırıb özəlləşdirməyə vermək lazımdır”
|
- Dövlət sektorunda daha ciddi özəlləşdirməyə gedilərsə, bu da əlavə vəsaitlər cəlb etməyin bir yolu sayıla bilərmi?
- Həqiqətən bu gün elə obyektlər var ki, özəlləşməyə getməlidir və dövlətin nəzarətindən çıxmalıdır. Buraya əsasən xidmət sahələri aiddir. Xidmət sahələrini ümumiyyətlə dövlətdən ayırıb özəlləşdirməyə vermək lazımdır. İri şirkətlərə həvalə etmək lazımdır. Böyük bir plan var, bu planı işləyib hazırlamaq lazımdır, bəlkə də artıq işləyiblər. Bu çərçivədə həm də böyük özəlləşdirməyə getmək lazımdır. Biz bunun vacibliyini hələlik hiss etməsək də, müəyyən müddətdən sonra Azərbaycanın vəziyyətində müəyyən problemlər yarana bilər.

- Vahid müəllim, hazırki durumda bank sistemində yarana biləcək problemlər nələrdir?
- Bu prosesdə ən ciddi məsələlərdən biri bank sistemidir. Bank sistemində biz hələ normal vəziyyət yarada bilməmişik, böyük problemlər var. İstər fiziki, istərsə də hüquqi şəxslər bank sistemindən normal şəkildə istifadə edə bilmirlər. Yaxşı bir hal o oldu ki, cənab prezident Maliyyə Bazarlarına Nəzarət Palatasını ləğv elədi. Çox düzgün addım idi. Ancaq indi bütün səlahiyyətlə Mərkəzi Bankdadır. Mərkəzi Bank artıq çoxdan tədbirlər planı hazırlamalı və həyata keçirməli idi ki, bank sistemində problemlər çoxalmasın. Ölkədə sistem əhəmiyyətli 4-5 bank var. Bir müddətdən sonra həmin banklarda da ciddi problemlər yaranacaq. Bank sisteminə kömək etmək lazımdır, onları ayağa qaldırmaq, likvitliyini azaltmaq lazımdır. Problemlərin həlli gecikir.
- “Kredit tətili” verilmədi, lakin biznes və sadə vətəndaş ödəmə imkanından məhrum olub. Bu problemli kredit məsələsini təkrar aktuallaşdıra bilərmi?
- Bank sistemində təkcə kredit məsələsi deyil, çox sahə var. Mən bir neçə dəfə təklif etdim ki, bank rəhbərləri, bu sistemə nəzarət edən qurumlar toplaşaq və oturub məsələhətləşək ki, sistemi necə ayaqda saxlaya bilərik. İndiki problemli vəziyyətdə bank sistemi işləməsə, biz real sektoru normal səviyyədə maliyyələşdirə bilməsək, problemlərlə üzləşəcəyik.
“Quyuların bağlanmasından söhbət gedə bilməz” |
- Bəs bütün bu problemlər və neftin kəskin ucuzlaşması manata necə təsir edəcək?
- Manata təzyiqlər artıq var. Neftin qiymətinin aşağı olması, ixracda yaranan problemlər manata ciddi təzyiq formalaşdırır. Bu təzyiqin nə ilə nəticələnəcəyini demək çətindir. Dövlət indiki vəziyyətdə çalışır ki, manatı qoruyub saxlasın, bu vacibdir. Çünki insanlara onsuz da vəsaitlər dövlət tərəfindən ödənilir, hətta işləməyənlərə də, günəmuzd çalışanlara da vəsaitlər dövlət tərəfindən verilir. Dövlət başçısı 3,5 milyard manata yaxın vəsait ayırıb. Ona görə də, manata təzyiq mümkündür. Ancaq baxaq görək, 2-3 ay ərzində vəziyyət dəyişəcəkmi? Fakt odur ki, biz neftin ixracında ciddi problemlərlə üzləşə bilərik. Dünya dövlətlərində istehsalat kəskin aşağı düşüb, ÜDM azalıb, həm də saxlama yerləri yoxdur. Ukrayna hökuməti açıqlama verdi ki, kifayət qədər rezervuarları var , kim istəsə neftini ona sata bilər. Hökumət bununla bağlı müəyyən işlər görməlidir və çalışmalıdır ki, neft ixrac olunsun. Quyuların bağlanmasından söhbət gedə bilməz. Quruda olan quyularda işi saxlamaq mümkündür, ancaq dənizdə olan quyuları saxlayandan sonra onu işə salmaq üçün bir o qədər də vəsait qoymaq lazımdır. Bu da ciddi bir çətinlikdir. Ona görə də, bütün bu problemlər üzərində işləməyə ehtiyac var.
- Vahid müəllim, bir tərəfdən gəlirlər azalır, digər tərəfdən dövlət həm manatı, həm sahibkarları, həm də vətəndaşları qoruya bilmək üçün daha çox pul ayırmalı olur. Valyuta ehtiyatlarımız sürətlə əriyə bilərmi?
- Ehtiyatların bir qismi onsuz da əriyəcək. 10-15 milyard, yoxsa daha çox ehtiyat vəsaitin əriyəcəyini demək çətindir və mən bu işin içində deyiləm. Mən çox istərdim ki, Azərbaycan dövlət büdcəsində olan iri layihələr , xüsusən də böyük investisiya layihələri hələlik saxlanılsın. Onları qısa müddətə saxlamaq olar. Bəzi xərcləri də dediyiniz istiqamətlərə yönəltmək olar.

- Yəni, yeni iqtisadi düzənə ehtiyac var?
- Bəli, tendensiyanı dəyişmək lazımdır. Artıq dünya yeni düzənə qədəm qoyur, buna hazırlıq gedir. Ona görə də, biz özümüzdə müəyyən dəyişiklikləri etməliyik. Bəzi nazirlik və komitələri birləşdirmək lazımdır. Xidmət sahəsindəki qurumları özəlləşdirmək lazımdır.
- İndiki şəraitdə bu böhran dövrünün nə qədər davam edəcəyini demək mümkündürmü?
- Dəqiq demək çətindir ki, koronavirus pandemiyası və neftin hazırki qiyməti nə qədər davam edəcək. Neftin qiyməti ilə bağlı hələ ki, ümumi razılıq yoxdur. Səudiyyə Ərəbistanı, Rusiya və Amerika arasında da razılaşma əldə olunmayıb.
“Dövlət büdcəsi mütləq dəyişməlidir” |
- Azərbaycan bu çətin məqamda xarici borclanmaya gedə bilərmi?
- İnanmıram ki, xarici borclanmaya ehtiyac olsun. Ölkənin özünü kifayət qədər ehtiyatları var, dövlət başçısı da xarici borclanmanın əleyhinədir. Burada əsas məsələ əlimizdə olan vəsaitləri doğru və şəffaf xərcləməkdir. O zaman bu vəsaitlər iqtisadi inkişafa xidmət edə bilər və problemlərimiz də azalar. İndi xarici borc almaq o qədər də çətin deyil, ancaq sonradan onsuz da həmin borclar qaytarılmalıdır.
- Bütün bu baş verənlərdən sonra Milli Məclis ikinci yarımil üçün cari dövlət büdcəsini yenidən hazırlaya bilərmi?
- Büdcə mütləq dəyişməlidir. Çünki xüsusi karantin rejimindən ziyan çəkənlərə dövlət dəstəyi üçün 3,5 milyard vəsaitdən söhbət gedir, bu haradan və necə ayrılacaq. Daha sonra vergi sistemində də sahibkarlarla əlaqədar müəyyən güzəştlər müzakirə olunur. Bunlar hamısı dövlət büdcəsində öz əksini tapmalıdır.
