İndiyədək onların 7 min sakini koronavirusdan ölüb
Koronavirus pandemiyası bütün inkişaf etmiş ölkələrdə qocalar evlərinin real vəziyyətini ortaya çıxardı. Məlum oldu ki, bu müəssisələrin əksəriyyəti işçi və maliyyə problemləri yaşayır, fövqəladə vəziyyətlərə hazırlıqsızdırlar. Bu isə bir çox hallarda onların sakinlərinin ölümə tərk edilməsinə səbəb olur...
“New York Times”ın yazdığına görə, pandemiya başlayandan ABŞ-dakı qocalar evlərində diqqət xidməti personalın qoruyucu vasitələrlə təminatına yönəlib, virusa yoluxmanın qarşısını almaq üçün yeni sakinlərin qəbulu dayandırılıb. Nəticədə, onların gəlirləri azalıb ki, bu da bir çox qocalar evlərinin hökumətin dəstəyi olmadan icarə haqqı və digər xərcləri qarşılamasında çətinliklər yaradıb.
Minnesota ştatında 16 qocalar evinin sahibi olan “Presbyterian Homes and Services” qeyri-hökumət təşkilatının hesablamalarına görə, 72 çarpayılıq bir belə müəssisə orta hesabla gündəlik qoruma vasitələrinə 2265 dollar, əlavə tibbi xidmətə görə isə 1500 dollar xərcləyir. Buna görə də bir çox qocalar evi sahibləri xərcləri qarşılamaq üçün müxtəlif xeyriyyəçilərə üz tutmalı olurlar.
Qeyd edək ki, hazırda ABŞ-da fəaliyyət göstərən 15 400 qocalar evi 1,5 milyon insana xidmət göstərir. Bu müəssisələrin 70 faizi sırf biznes məqsədlidir – yəni gəlir əldə etmək üçün yaradılıb. Hazırda qocalar evləri artan xərclərinin bir hissəsini dövlətin Medicaid adlı proqramı vasitəsilə qarşılamağa çalışırlar, lakin bu istiqamətdən gəlirlər də getdikcə azalır.
Bütün bunlar qocalar evi sahiblərinin dövlətdən dəstək istəməsinə səbəb olub. Şəhər inkişafı və yaşayış sahələrinin tikintisi departamenti dövlətdən 2300 qocalar evinə 20 milyard dollar məbləğində ipoteka krediti vəd edib.
Koronavirus pandemiyası yayılmağa başlayandan ABŞ-da qocalar evlərində ciddi faktlar aşkarlanıb. Məsələn, Nyu-Cersidə kiçik morqunda 17 meyit aşkarlanan qocalar evində virusdan ölənlərin sayı 5 gündə 70 nəfərə çatıb.
“New York Times”ın hesablamalarına görə, indiyədək ABŞ-da 4 min qocalar evində koronavirusa yoluxma qeydə alınıb. Bu evlərin 36 50-dən çox xidmət heyəti və sakini virusa yoluxub ki, onların da 7 min nəfəri həyatını itirib. Ölümlərin 4 mini 1700 qocalar evində qeydə alınıb. Bu şəraitdə qocalar evlərinin sahibləri yeni sakinlərin qəbulunu tamam dayandırıblar. Onların daha bir gəlir mənbəyi tibb müəssisələrindən əməliyyatdan sonrakı reabilitasiya üçün göndərdikləri xəstələr olurdu ki, koronavirusa görə bu göndərişlər də demək olar ki, tamamilə dayanıb.
Qocalar evlərinin müdafiəçilərinin hesablamalarına görə, bu müəssisələrin böhrandan çıxması üçün dövlətin 15 milyard dollar həcmində dəstəyinə ehtiyac var. “Medicare” və “Medicaid Services” xidmətləri indiyədək bu evlərə cəmi 1,5 milyard dollar əlavə vəsait ayırıb. Lakin sahə üzrə mütəxəssislər bunu yetərli saymırlar. Onların fikrincə, dövlət dəstəyi vaxtında təmin olunmasa qocalar evlərində vəziyyət kritik həddə çatacaq.
