|
Neftin ucuzlaşması Rusiya büdcəsində 5,6 trilyon rublluq kəsir yaradacaq

Neftin qiymətinin ucuzlaşması Rusiyanın dövlət büdcəsində trilyonlarla rublluq kəsir yaradacaq.

“İzvestiya” qəzetinin yazdığına görə, Rusiyada büdcə fevralda korrektə olunmuşdu. Onda büdcənin profisitli olacağı gözlənilirdi: neftin orta qiyməti olaraq 57,7 dollar götürülmüşdü. Bu qiymətlə büdcənin gəlirlərinin 20,6 trilyon rubl, xərclərinin isə 19,7 trilyon rubl olacağı proqnozlaşdırılmışdı. Martın sonunda büdcənin yeni iqtisadi şəraitə - koronavirus pandemiyası və neft qiymətlərinin yeni səviyyəsinə uyğunlaşdırılması gözlənilirdi, lakin hökumət bunu təxirə saldı.

Lakin nəşrin əldə etdiyi məlumata görə, hökumətdə büdcənin yeni “işçi” variantı hazırlanıb. Bu varianta əsasən 2020-ci ildə neftin orta qiyməti 20 dollar, büdcə isə böyük defisitli olacaq. Bu qiymətlə büdcənin gəlirləri 15,2 trilyon rubl, xərcləri isə 20,8 trilyon rubl təşkil edəcək. Beləliklə, büdcə kəsirinin həcmi 5,6 trilyon rubla çatacaq. “İzvestiya”nın məlumatına əsasən kəsirin 2 trilyonu Milli Rifah Fondundan, 1 trilyonu əlavə mənbələrdən təmin olunacaq. Qalan 2,6 trilyon rublun isə dövlət qiymətli kağızları ilə borclanma hesabına qapadılması planlaşdırılır.