Dünya neft bazarındakı görünməmiş dalğalanma fond birjalarına da mənfi təsir göstərib.
Nyu-York fond birjasında Dow Jones sənaye indeksi 539 bənd, ABŞ-ın 500 ən böyük şirkətinin səhmlərindəki dəyişikliyi göstərən S&P 500 indeksi 46,05 bənd, Nasdaq elektron birja indeksi 87,04 bənd azalıb.
Yaranmış vəziyyəti şərh edən The Wall Street Journal-ın yazdığına görə, koronavirus pandemiyasında qarşı tətbiq edilən tədbirlər dünya neft bazarına öldürücü zərbə vurub.
Commerzbank-ın xammal bazarlarının araşdırılması departamentinin rəhbəri Yucin Uaynberg bildirir ki, hamı şok yaşayıb: “Neft bazarı iştirakçılarının 50, yaxud 100 il ərzində topladıqları təcrübələrin hamısı sual altına alındı”.
Wall Street Journal-a danışan digər ekspert, xammal treyderi Trafigura-nın baş iqtisadçısı Saad Rəhimin sözlərinə görə, bazardakı vəziyyət neft şirkətlərinə hasilatı azaltmaq üçün siqnaldır.
