SOCAR rəsmisi: “Neft mayasından aşağı satıldıqda onu anbara yığmaq zərurəti yaranır, Azərbaycan nefti isə...”
Neft bazarında aprelin 20-dən başlayan təlatüm hələ davam etməkdədir. Belə ki, ABŞ-ın mayda çatdırılacaq WTI neftinin qiyməti tarixdə görünməmiş həddə ucuzlaşaraq mənfi qiymətə satılmağa başlayıb. Aprelin 20-də axşam saatlarında Nyu-Yorkun NYMEX birjasında qeydə alınan kəskin ucuzlaşma bu gün səhər 2 dollara qədər bahalaşma ilə əvəz olunsa da, Musavat.com-un “Bloomberg” ə istinadən verdiyi xəbərə görə, gün ərzində WTI nefti yenidən mənfi qiymət göstəricisinə düşüb. Bakı vaxtı ilə saat 15.02-də qiymət -6,4 dollar təşkil edib.
Londonun ICE birjasında Brent markalı neftin qiymətində də ciddi ucuzlaşma baş verməkdədir. Bakı vaxtı ilə 15.02-də bu marka neftin iyun fyucersləri 15,8 faiz ucuzlaşmaqla 21,52 dollara satılıb.
Dünən 15 dolların altına düşən Azərbaycanın Azeri Light markalı nefti isə müəyyən qədər mövqelərini bərpa edə bilib. Bu gün səhər saatlarında neftimiz 21,30 dollara satılıb.
Neft sahəsi üzrə mütəxəssis, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın Musavat.com-a dediyinə görə, dünən və bu gün baş verənlər dünya neft hasilatı tarixində görünməmiş haldır: “Qiymətlərin bu səviyyədə ucuzlaşması təklifin tələbi dəfələrlə üstələməsi ilə bağlıdır. Bundan bir qədər əvvəl Beynəlxalq Enerji Agentliyi məhz aprel ayında qlobal bazarda gündəlik tələbin 29 milyon barel az olacağını proqnozlaşdırmışdı.
Neftin belə görünməyən səviyyədə ucuzlaşmasının ABÇ kimi dünyanın ən böyük neft istehlakçısı olan ölkədə baş verməsi özü də maraqlı hadisədir. Bunun bir səbəbi ölkənin Oklahoma ştatında yerləşən, həm daxili, həm də xarici bazara neft ötürülən anbarların dolmasına dair xəbərlərin yayılmasıdır . Qiyməti öldürən digər səbəb Səudiyyə Ərəbistanından hər birinin tutumu 1 milyon barel olan 20 tankerin ABŞ-a istiqamətlənməsi ilə bağlı yayılan xəbərdir. Bu tankerlər mayın ortalarında ABŞ-a çatmalıdır. Təbii ki, ABŞ neftlə aşıb-daşır, əlavə neftin gəlməsi xəbəri isə bazarda təzyiq yaratdı və qiymətlərə təsir etdi”.
Ekspertin sözlərinə görə, ucuzlaşma bütün dünyadakı bazarlarda müşahidə olunub. Belə ki, ötən gün axşama doğru London əmtəə birjasında Brent markalı neftin də ucuzlaşması qeydə alınıb: “İlk dəfə Rusiyanın Urals markalı nefti mənfi qiymətlərlə (-1,63 ABŞ dollarına alıcılara təklif edilib. Bu gün səhər isə Brent markalı neft London birjasında 19 dollara qədər ucuzlaşdı. Bu, 2002-ci ilin fevral ayının qiymətləridir.
Məlumdur ki, koronavirus (COVID-19) pandemiyasının təsiri ilə Avropa və Amerika bazarları karantin rejiminə keçib və istehlak daralıb, bu günə qədər də vəziyyət dəyişməyib. Avropada bir neçə ölkə karantin rejimini qismən yumşaltsa da, istehsal, hava nəqliyyatı ilə uçuşlar dayanıb və istehlak minimuma düşüb. Nəticə etibarı ilə bazarda neftin ucuz olmasından istifadə edən şirkətlər, ölkələr, neftayırma zavodları çoxlu neft alıblar. Yəni, onlar öz enerji ehtiyatlarını görüblər və bu ehtiyatlarda azalma olmayıb, odur ki, sonda neft bazarı çöküb. Bu da gözlənilən hal idi”.

İlham Şaban
İ.Şabanın fikrincə, OPEC+ çərçivəsində aprelin 9-da gündəlik neft hasilatının 9,7 milyon barel azaldılması ilə bağlı qəbul olunan qərar neftin bahalaşmasına səbəb olmayacaq: “Çünki bu, 2016-cı ilin oktyabr ayının göstəricisidir. Reallıqda Rusiya və Səudiyyə Ərəbistanı üçün gündəlik hasilatın azaldılması 2,5 milyon bareldirsə, mart və yaxud aprel ayının göstəriciləri Rusiya üçün 1,8 milyon barel, Səudiyyə Ərəbistanı üçün isə 1,3 milyon barel olub. Yəni kağız üzərində neftin gündəlik hasilatının azaldılması 10 milyon bareldirsə, təcrübədə hamı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə belə, cəmi 6-7 milyon barel yığışdırılması deməkdir. Bu isə bazar üçün real nəticələr deyil. Çünki aprel ayının yekunları üzrə bazarda gündəlik olaraq 29 milyon barel izafi neft mövcuddur. Bu qədər nefti alan yoxdur, ancaq istehsal davam edir. Təbii ki, neftin qiyməti düşməlidir. Burada heç bir siyasi qüvvənin, hər hansı qrup ölkələrin digər bir qrup ölkələrə qarşı birləşməsi halı görünmür. Bu, sırf olaraq təklifin tələbi dəfələrlə üstələməsi amilidir".
“Bloomberg” agentliyinin yaydığı məlumata görə, dünyada mövcud olan neft anbarlarının dörddə üçü artıq dolub. Qalan dörddə bir hissə - 1 milyard barel nefti saxlamağa imkan verir. Bu, dünya bazarında böhrandan əvvəlki tələb həcmi olan 100 milyon bareldən 10 dəfə çoxdur. Böhran üzündən dünyada neftə tələbatın gündəlik 30 milyon barel azaldığını nəzərə alsaq, gündə məhz bu qədər neftin saxlanmaq üçün anbarlara vurulmasının lazım gəldiyini görərik. Bu hesabla, mövcud anbarlar artıq nefti ən yaxşı halda ayyarım saxlaya biləcək. Bir şərtlə ki, anbarlar əlçatan olsun. Məsələ burasındadır ki, anbarlarda saxlama haqqı dəfələrlə qaldırılıb. Məsələn, Sinqapur və ABŞ-da bu məbləğ 2 dəfə artıb. Qurudakı anbarlarda saxlanan 3 milyard bareldən əlavə, treyderlər nefti dənizdə - nəhəng tankerlərdə də saxlamağa başlayıblar.
“Reuters” in hesablamalarına görə, son 2 həftədə dənizdə dayanan tankerlərdəki neftin miqdarı iki dəfə artaraq 160 milyon barelə çatıb. Haradasa 150-dək nəhəng tanker neftlə dolu halda lövbər atıb dayanıb. Tutumu 2 milyon barelə qədər olan belə tankerlərin sayı isə xeyli məhduddur – bütün dünyada 770 ədəd belə daşıyıcı var. Buna görə də treyderlər nefti çən-vaqonlarda saxlamağa başlayıblar.
Neft hasilatçısı olan Azərbaycanda necə, qiymətlər əlverişli olmadığı, yaxud alıcı tapılmadığı təqdirdə məhsulu yığmağa anbarlar varmı? Varsa, onların tutumu hansı həcmdə neft saxlamağa imkan verir?

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun Musavat.com-a bildirdiyinə görə, neft maya dəyərindən aşağı satıldıqda onu anbara yığmaq zərurəti yaranır: “Azərbaycan nefti maya dəyərindən yüksək qiymətə satılır. Belə ki, hazırda SOCAR üzrə hasil olunan neftin maya dəyəri ortalama 9 dollar civarındadırsa, dənizdəki əsas yataqlar üzrə bundan daha aşağıdır. ABŞ-da isə şist nefti əsasən baha başa gəlir, əhəmiyyətli hissəsi maya dəyərindən ucuz satılmasın deyə, anbarlar dolurdu. Lakin dünən orada gördüyümüz vəziyyət may fyuçerslərinin son saat satışına aid idi”.
Azərbaycandakı anbarlara gəlincə, İ.Əhmədovun sözlərinə görə, təxminən 3,5 milyon bareldən çox ehtiyat üçün SOCAR-ın özünün müxtəlif müəssisələrində çənlər mövcuddur: “Azəri-Çıraq-Günəşli və “Şahdəniz”də də təxminən bir o qədər var, yəni 3,5 milyon barel neft və kondensat saxlamaq üçün çənlər var. Ümumilikdə ölkə üzrə 7 milyon bareldən çox anbar həcmləri deməkdir”.
