|
Manat 20-25 faiz devalvasiyaya uğrasa...

Rövşən Ağayev: “Bunun ağır sosial-iqtisadi nəticələri olur”

Koronavirus pandemiyasından sonra dünya neft bazarında çəkişmə yeni kəskin dalğalanmalara səbəb olub.  

Azərbaycan nefti də aprelin 20-də qısa arada 15 dollara qədər ucuzlaşsa da, sonra mövqelərini bərpa edərək 22 dollara yaxınlaşıb. Bütün analitik mərkəzlər hesab edirlər ki, pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı kəskin durğunluq şəraitində neft bazarında təlatümlər, qeyri-sabitlik hələ  bir neçə ay davam edəcək. Bu şəraitdə əsas gəlirləri neftdən formalaşan Azərbaycan üçün ciddi risklər formalaşır. 

Dövlət Neft Fondunun yaydığı açıqlamadan aydın olur ki, bu ilin birinci rübündə qurumun aktivləri 1 milyard 973,8 milyon dollar azalıb. Nəzərə alsaq ki, neft qiymətlərində kəskin ucuzlaşma martın ortalarından başlayıb, onda ikinci rübdə DNF-nin  aktivlərinin daha kəskin azalmasının qaçılmaz olduğu görünür. 

Ölkə daxilində tətbiq edilən sərt karantin tədbirlərinin iqtisadiyyatın digər sahələrindən dövlət büdcəsinə yığımların kəskin azalmasına gətirib çıxaracağı gözlənilir. Bu vəziyyətdə ölkədən xaricə çıxan valyutanın da məbləği azala bilər.

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının xarici əməliyyatlar üçün rüblük valyuta ehtiyaclarının həcmi 2016-2019-cu illərdə 5.5-6 milyard dollar arasında dəyişib: “Bu, ilin hər 3 ayında rəsmi kanallarla ölkədən çıxan xarici valyutanın həcmidir. 2015-ci il istisnadır - həmin il ölkədən orta rüblük valyuta çıxışı 8.5 milyard dollara yaxın oldu. İllik əsasda təxminən 34 milyard dollar. Devalvasiya öncəsi 2 ildə isə orta rüblük valyuta çıxışı 7 milyard dollara yaxın olub”.

indir (1).jpg (5 KB)

Bu halda milli valyutanın taleyi necə olacaq? Hökumət manatın məzənnəsini nə qədər saxlaya biləcək? R.Ağayev bildirir ki, iqtisadiyyatları resurslardan kəskin asılı, milli valyutalarının dəyəri sərbəst bazarda formalaşmayan ölkələr həmişə əmtəə bazarlarında qiymət çöküşü yaşananda eyni dilemma ilə qarşılaşırlar: “Ya məzənnəni qorumaq üçün ehtiyatları qorumayacaqsan - amma ehtiyatlar da sonsuz deyil, bir yerdə bitəcək. Ya da milli valyutanı ucuzlaşdırmaqla ehtiyatları mümkün qədər qoruyacaqsan. Amma ikinci ssenarinin ağır sosial-iqtisadi nəticələri olur. Xüsusilə də iqtisadi subyektlərinin valyuta borcu yüksək, idxaldan yüksək asılılığı olan ölkələr daha ağır bədəllər ödəyir devalvasiyaya görə. Azərbaycanda nə biznesin, nə dövlətin, nə də əhalinin xarici valyutada borcu yüksək deyil hazırda. Ona görə devalvasiyanın bu tərəfdən zərbəsi daha az ola bilər. Amma idxaldan yüksək asılılığımız var - ən müxtəlif qiymətləndirmələrə görə, istehlak bazarımızın azı 60 faizi xarici mallar hesabına formalaşır. Belə vəziyyətdə devalvasiya çox ciddi inflyasiya riskləri yaradır. Hətta Dünya Bankının bu yaxınlarda bir hesablaması oldu - Azərbaycanda manatın 1 faiz ucuzalaşması əlavə 0.25 bənd inflyasiya yaradır. Məzənnənin inflyasiya ötürücülüyü çox yüksəkdir. Yəni 20 faizlik bir devalvasiya əlavə olaraq 5 faiz üzərində inflyasiya yaradacaq - yəni mövcud inflyasiya səviyyəsini də nəzərə alsaq, 10 faizin üzərində ikirəqəmli inflyasiya  qaçılmaz olacaq. Azərbaycanda yoxsulluq və işsizliyin real səviyyəsinin çox yüksək olduğu, pandemiya şəraitində isə bu göstəricilərin miqyasının daha da böyüdüyünü nəzərə alsaq, ikirəqəmli inflyasiyanın dağıdıcı təsirləri mütləq göz önündə tutulmalıdır”. 

Ekspertin fikrincə, əslində hökumət daha peşəkar yanaşmış olsa idi, 2015-ci ildən sonra idarəolunan üzən məzənnəyə keçə və hazırda cəmiyyət prosesi nisbətən ağrısız ötüşdürə bilərdi: “Nə edə bilərdi - məzənnə hədəflənməsinə keçə bilərdi - məsələn, manatın 5 faiz bahalanma, 20 faiz ucuzlaşma dəhlizini özü üçün müəyyən edərdi. Valyuta bazarına müdaxilə yalnız bu hədləri aşdıqda olardı. Belə olsa idi, biz heç indi devalvasiyanı bu şəkildə davamlı müzakirə də etməyəcəkdik, cəmiyyət isə bu qədər panikaya düşməyəcəkdi. Amma indi bunlar yoxdur və dediyim dilemmadan necə çıxmaq olar? Dəqiq qiymətləndirmə aparmadan devalvasiya qərarı vermək yanlış olardı. Bunları dəqiq hesablamaq lazımdır: 

1) Məsələn, əgər 20 və ya 25 faizlik devalvasiya olacaqsa, ən azından yaxın 6 ayda və 1 ildə nə qədər ehtiyatları qorumaq mümkün olacaq; 

2) 20-25 faizlik devalvasiya hansı səviyyədə inflyasiya riski yaradır; 

3) Yaranan inflyasiya riskinin sosial-iqtisadi təsirlərini minimuma endirmək üçün əlavə nə qədər büdcə dəstəyinə ehtiyac olacaq və bu dəstəklə qənaət edilən ehtiyatların nisbəti necə olacaq;

4) Böhrandan sonrakı dövrdə məzənnənin liberallaşdırılmasına tərəddüdsüz hazırıq, ya yox... 

Son olaraq deyim: hazırda məzənnə məsələsi sırf siyasi qərara bağlıdır. İqtisadi baxımdan şərtlər devalvasiyanı qaçılmaz edir. Amma bizim kimi ölkələrdə iqtisadiyyatda ən xırda məsələlər belə siyasi qərarvericilərin tərcihinə bağlıdır”.

R.Ağayev onu da bildirir ki, hökumətin vətəndaşlara və biznesə yönəlik yardımları qısamüddətli dəstəkdir: “Biznes birdəfəlik yardım aldı, işsizlər və əmək müqaviləsi ilə çalışanlar üçün 2 aylıq dəstək fondu açıqlandı. Səhv eləmirəmsə yalnız yoxsulluq müavinəti alanlar üçün proqram ara vermədən 6 ay davam edəcək. Görünən odur ki, 2009 və 2015 böhranlarının nəticələrini analiz edən hökumət bu dəfə də iqtisadiyyatda dərin çalxalanmaların qısamüddətli (maksimum 3-5 ay) olub, sonradan tədricən dirçəlmə müşahidə ediləcəyini təxmin edib. Real baş verənlər isə artıq göstərir ki, qlobal iqtisadiyyatda enmə və durğunluq daha uzun müddət davam edəcək. Ən azından ilin sonuna qədər qeyri-müəyyənlik və iqtisadi sarsıntılar davam edə bilər. Ona görə hökumətin daha uzun müddətə yeni bir iqtisadi dəstək planı açıqlaması lazımdır. Hətta mayın 4-də karantin yumşadılsa belə, qlobal iqtisadi əlaqələr və neft bazarında durum sabitləşməyənə qədər Azərbaycan üçün ciddi narahatlıqlar qalacaq”.
Hökumət nə edə bilər bu planı hazırlayarkən?

Ekspertin sözlərinə görə, ölkədə elmi müəssisə və müstəqil "beyin mərkəzləri"ndən ibarət mütəxəssislərin (iqtisadçılarla yanaşı həkimlərin də prosesə cəlb çox önəmlidir) də cəlb edildiyi qrup yaxın və orta və uzaq dövr üçün gözləntiləri əks etdirən bir sənəd hazırlamalıdır: “Bu sənəddəki gözləntilər üzərinə hökumətin dəstək planı dizayn edilməlidir. Yardımlarlarla bağlı şəffaflıq artırılmalıdır. Təkcə dövlət büdcəsindən ayrılan vəsaitlərin hara getməsi barədə məlumat açıqlanmamalıdır. Həm də Mərkəzi Bankın bank sektoruna dəstəyi çox detallı və operativ ictimaiyyətə çatdırılmalıdır. Yeri gəlmişkən, Mərkəzi Bank aylıq bank statistikasını indiki kimi 45 gün sonra yox, maksimum 15 gün ərzində açıqlamalıdır. Tədiyə balansında Türkiyə təcrübəsində olduğu kimi aylıq statistika yayımına keçməlidir. Ölkənin beynəlxalq investisiya mövqeyi barədə rüblük məlumatlar açıqlamalıdır. Nəhayət, dövlət zəmanəti ilə ayrılacaq kreditlər barədə şəffaf siyahılar olmalıdır. Ən vacibi dövlətdən yardım alan pandemiya ilə bağlı yardım alan işsiz və yoxsulların siyahısı cəmiyyətə tam açıq olmalıdır”.