|
Avropaya gedib, ağ günə çıxmayan azərbaycanlıların dramı

Azərbaycandan Avropaya mühacirətə gedənlərin heç də hamısı ağ günə çıxmırlar. Onların çoxu ağır, şəraitsiz kamplara düşürlər, sənədlərin hazırlanması zamanı bürokratik əngəllərlə qarşılaşırlar, uzun müddət işlərinə məhkəmələrdə baxılır, dolanışıq sarıdan da avropalı həyatı sürmürlər. 

Əksinə, dil öyrənməkdən tutmuş iş tapmağa qədər mürəkkəb bir adaptasiya dövrü keçirlər. Xüsusən də “Dublin sazişi” ilə bağlı ilişənlərin işi müşkülə çevrilir.

Çünki İtaliya səfirliyindən viza alıb bu ölkəyə ayaq basmadan, Almaniyaya gedib sığınacaqlar istəyənlərə həmin sazişə əsasən birmənalı olaraq rədd cavabı verilir.

Bu zaman onları viza aldıqları ölkəyə qaytarırlar, yaşayış icazəsi vermirlər. Bir sözlə, böyük bir məşəqqət yaşayırlar.

Bu yaxınlarda Almaniyadan İsveçrəyə deport edilən Təhməzovlar ailəsi də bu qəbildəndir. 

Musavat.com-un İsveçrədəki yazarı Elbəyli Həsənli bu ailənin dramını işıqlandırmışdı. Ancaq Təhməzovlar tək deyil, Qərb ölkələrində onlarla belə ailələr var.

 9f46b5fbe49621b63fefc0feac7e0abb.jpg (90 KB)

İsveçrədə sığınacaq ala bilməyən Təhməzovlar ailəsi

Bəs, Azərbaycan dövləti bununla bağlı hansısa addımlar ata bilirmi, xoşbəxt gələcək üçün Avropaya üz tutub çarəsiz vəziyyətdə qalan vətəndaşlarımıza kömək etmək mümkündürmü? 

Ümumavropa Qarabağ mitinqi: dünya səsimizi eşitdimi - ilginc ...

Vəsilə Vahidqızı

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı Musavat.com-a bildirdi ki, komitənin rəsmi internet saytında elektron müraciət bölməsi var və xaricdə olan soydaşlarımız hər hansı problemlə bağlı müraciət edə bilər. 

Onun sözlərinə görə, [email protected] ünvanı hər zaman aktivdir və daxil olan heç bir müraciət cavabsız qalmır: “Komitəyə istər maddi, istər hüquqi yardım və digər mövzularda  daxil olan hər bir müraciətə imkan daxilində cavab verilir, lazım olan yardımlar edilir və ya məsələ hər hansı digər quruma aiddirsə, həmin quruma yönəldilir”. 

O, İsveçrədə yaşayan Təhməzovlar ailəsi komitəyə heç bir rəsmi müraciət daxil olmadığını vurğuladı: “Bununla yanaşı xaricdə yaşayan azərbaycanlılarla bağlı məlumatları Komitə diaspor təşkilatları, ayrı-ayrı şəxslər vasitəsilə də əldə edir, onların çətinlikləri ilə maraqlanır və problemlərinin həllinə imkan daxilində kömək göstərilir”.