Azərbaycan hakimiyyətinin ölkənin siyasi sistemini yeni konfiqurasiyada qurmaq və bu məqsədlə də müxalifətlə dialoqa başlamaq istiqamətindəki addımlarının daha bir əlaməti ötən həftə iki müxalifətyönlü partiyanın Ədliyyə Nazirliyində qeydiyyata alınması hadisəsi oldu.
Uzun illərdən bəri qeydiyyata alınmayan partiyaların qeydiyyatdan keçirilməsi yeni prosesin başlanğıcı sayıla bilərmi?
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı musavat.com-a bildirdi ki, bu hadisə siyasi mühitdə çox müsbət qarşılanıb. Bu, bir daha ölkə prezidentinin 2018-ci ilin aprelində keçirilən seçkilərdən sonra başladığı geniş miqyaslı islahatların içərisində yer alan siyasi islahatların məntiqinə söykəndiyini sübut etdi: “Prezident apardığı islahatlarda cəmiyyətin bütün tərəflərini ehtiva edən addımların atılmasını önə çəkmişdi. Artıq 2019-cu ildə bununla bağlı cənab prezidentin Bakı Dövlət Universitetinin 100 illiyində söylədiyi tezislər, daha sonra yeni Milli Məclisin ilk iclasında cənab prezidentin xüsusi olaraq aparılan islahatlarda siyasi islahatların ciddi əhəmiyyət kəsb etdiyini və siyasi islahatların aparılmasının vacibliyini önə çəkməsi, buna doğru addımların atılmasına doğru əməli tədbirlərin özü göstərdi ki, cəmiyyətimizdə yeni bir ictimai-siyasi konfiqurasiya formalaşdırılır. Bu məsələdə prezidentin siyasi iradəsi ortalıqdadır. Təsadüfi deyil ki, Milli Məclisin rəhbərliyi formalaşarkən Yeni Azərbaycan Partiyasından başqa digər partiyaların da parlamentdəki təmsilçiləri Milli Məclisin rəhbərliyində təmsil olundular. Bu, artıq ciddi bir hadisə idi, Azərbaycanda siyasi partiyaların yerinin və rolunun güclənməsinə doğru atılan mühüm addım idi. Prezident İlham Əliyev bundan sonrakı çıxışlarında hər zaman bunun üzərində dayandı. Yəni islahatlarla bağlı söyləmiş olduğu fikirlərdə siyasi islahatların daha da dərinləşməsi, siyasi partiyaların Azərbaycanın siyasi mühitində ciddi rol almasına doğru atılacaq addımların davamlı olacağını önə çəkdi”.

Fəzail Ağamalı: “Yeni partiyalar meydana gələcək”
F.Ağamalı bildirdi ki, İlham Əliyev Prezident Administrasiyasında struktur dəyişikliklərində ayrıca bir şöbə - Siyasi Partiyalarla və Qanunverici orqanla əlaqələr üzrə İş Şöbəsi yaratdı: “Bu şöbəyə Azərbaycanda müsbət imici olan Ədalət Vəliyev təyin olundu. Prezidentin tapşırığı ilə o, parlament seçkilərindən sonra siyasi partiyaların rəhbərləri ilə görüşdü, müzakirələr aparıldı. Beləliklə, iqtidarla siyasi partiyaların dialoqunun əsası qoyuldu. Təəssüf edirəm ki, bu prosesdən iki partiya - Müsavat və Xalq Cəbhəsi özünü kənarda qoydu”.
Deputat dedi ki, bu gün Azərbaycanda real imkanları olan və həqiqətən Azərbaycanın siyasi mühitində fəaliyyətini bu və ya digər dərəcədə qura bilən, beşinci kolonun nümayəndəsinə çevrilməyən, Azərbaycanın milli maraqlarına xidmət eləyə siyasi partiyaların geniş şəkildə fəaliyyətinə əsaslı imkanlar yaradılacaq. Ədliyyə Nazirliyi tərəfindən iki partiyanın qeydiyyata alınması da bunun sübutdur. Siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürüdür.
F.Ağamalının sözlərinı görə, o da etiraf olunmalıdır ki, 50-dən çox qeydiyyatda olan partiyanın içərisində bir çox partiyaların sadəcə adı var, özü yoxdur: “Bu cür partiyalar heç bir siyasi mühitdə, prosesdə görünmürlər. Bəzilərinin sədrləri dünyasını dəyişib və faktiki olaraq o partiyaların fəaliyyəti yoxdur. Belə partiyalar cəmiyyətdə tədricən sıradan çıxıb gedəcək və yeni partiyalar meydana gələcək. Bu da təbiidir. Yeni partiyaların da vacib olan ana xətti dövlətçiliyə və xalqa bağlılığı önə çəkilməklə onlar həm qeydiyyata alınacaq, həm də fəaliyyətlərinə geniş imkanlar veriləcək”.

Əli Orucov: “Partiyaların çoxu təbii seçmə yolu ilə sıradan çıxacaq”
AMİP katibi Əli Orucov isə bildirdi ki, siyasi partiyaların qeydiyyata alınması müsbət haldır və yeni siyasi prosesdən xəbər verir: “Partiyaların çoxluğu yaxşı haldır. Qeydiyyatdan sonra hansı partiyanın fəaliyyət göstərib-göstərməyəcəyi artıq öz problemləridir. Azərbaycanda normal siyasi rəqabət şəraiti olsa, bu partiyaların çoxu təbii seçmə yolu ilə sıradan çıxacaq, ya da başqa partiyalarla birləşəcək. Yaxşı olardı ki, hakimiyyət partiyaların fəaliyyətinə, onların maliyyələşməsinə və rəqabətinə lazımi imkan yaratsın. Belə olarsa, cəmiyyətin özündə də siyasi fəallıq daha da artar. Bu isə nəticə etibarı ilə dövlətin daha da möhkəmlənməsinə, idarə olunmasına müsbət təsir göstərərdi”.
