“Cənubi Qafqazın ən böyük və iqtisadi cəhətdən özünü təmin edən ölkəsi olmasına rəğmən, Azərbaycan da koronavirus dönəmində duruş gətirmək problemi ilə üzləşib. Bununla belə, dövlətin əhaliyə və biznesə köməyi heyranlıq yaratmaya bilməz”.
Musavat.com-un məlumatına görə, bu barədə Rusiyanın nüfuzlu nəşrlərindən olan Rosbalt.ru-da üç Güney Qafqaz ölkəsinin pandemiya ilə mübarizəsinə həsr olunmuş təhlili məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, Azərbaycan dövləti iş yerlərinin qorunub saxlanması üçün sahibkarlara 215 milyon manat (təxminən 16 milyon dollar) ayırıb: “Həmin vəsait əmək müqaviləsi olan şəxslərin əmək haqqını ödəməyə yönələcək. Əlavə olaraq, biznesə maliyyə dəstəyi üçün 195 milyon manat, əhalinin sosial cəhətdən ən həssas təbəqəsinə kömək üçün 200 milyon manat ayrılıb. Habelə, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarının ödənməsi üçün büdcədən 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Karantin dövründə rəsmi işsizlər 190 manat (111 dollar) alacaqlar. Dövlət bundan əlavə, iş adamları tərəfindən götürülmüş kreditlərin bir hissəsini və əhalinin elektrik enerjisinə görə xərclərinin böyük hissəsini ödəməyi öz öhdəsinə götürüb”.

Məqalədə həmçinin deyilir: “Turizm sahəsinin xilas edilməsinə isə xüsusi diqqət ayrılıb: ən azından, aprel və may ayları ərzində dövlət əməkdaşların əməkhaqlarını kompensasiya edəcək. Əgər işçi 712 manatdan az əməkhaqqı alıbsa, onun hamısı, çox alıbsa, o zaman 712 manat həcmində onlara pul ödəniləcək – bir şərtlə ki, bu və ya digər şirkət vergiləri yaxşı ödəsin və iş yerlərini ixtisara salmasın. Bundan əlavə, koronavirus pandemiyasının yaratdığı çətinliklər fonunda Azərbaycanda Şimal-Cənub Nəqliyyat Dəhlizi üçün magistral yolların tikintisi çərçivəsində 700 yeni iş yeri yaradılıb. Fitch-in hesablamalarına görə, Azərbaycan təkcə ev təsərrüfatları və biznesə dəstək tədbirləri üçün 2.5 milyard manat, yəni təxminən 1.5 milyard dollar ayrılıb”.

Portal daha sonra bu xərclərin neftin kəskin ucuzlaşması fonunda qətiyyən yerinə düşmədiyini xatırladı: “Halbuki karbohidratlar Azərbaycanın ixracının və valyuta gəlirlərinin əsasını təşkil edir. Dünya Bankının hesablamasına görə, mövcud şərtlərdə Azərbaycanda ÜDM-nin 2.3%-lik cari artımı mümkün deyil və onun həcmi 0.2% təşkil edəcək. Ancaq gələcəkdə proqnozlaşdırılan göstəriciyə çatacaq”.
Məqalə müəlliflərinin fikrincə, Azərbaycanda istər indiki, istərsə də perspektiv situasiya iqtisadiyyata tənəzzül vəd eləmir. “Ölkə həm də ÜDM-nin təxminən 100% həcmində olan valyuta ehtiyatları hesabına özünübərpa qabiliyyətinə malikdir. Bu isə manevr üçün böyük imkanlar açır. COVİD-19-un qeyri-müəyyən davranışı şəraitində situasiyanın təmtəraqlı inkişaf ssenarisi əlbəttə ki, ola bilməz. Ancaq əgər “orta” variant əsas kimi götürülərsə, dövlət vəziyyətdən qurtulacaq, nəinki qəliz duruma düşəcək”, - deyə təhlili yazıda qeyd edilir.

Nəşrin qənaətincə, pandemiyaya qədərki dövrə qayıdış üçün üç Güney Qafqaz ölkələrindən hər birinə müxtəlif zamanlar lazım olacaq. “Buna hamıdan tez Azərbaycan müvəffəq olacaq. Özü də Bakı bunu müstəqil şəkildə, donor təşkilatları qarşısında böyük borclanmaya getmədən edəcək. Azərbaycanın ardınca Gürcüstan, lap axırda isə Ermənistan “özünə gələcək”. Axı start göstəriciləri, yeni virusla görüş və onun nəticələrinə hazırlıq dərəcələri bu 3 Cənubi Qafqaz ölkəsində fərqli olub. Üstəgəl, böhranın idarə edilməsi bacarığı da üç ölkədə fərqlidir”, – deyə məqalənin sonunda vurğulanır.
