|
Türkiyə koronavirusa yoluxanların sayına görə Çini keçib

Dünyada koronavirus pandemiyasından ölüm halları davam edir. 

Son saatlara ən çox yoluxma yenə də ABŞ-da qeydə alınıb. Bu ölkədə son bir neçə saat ərzində artıq 1402 nəfər ölüb, 22 min 565 yeni yoluxma qeydə alınıb. Ümumilikdə ABŞ-da 761 min 357 nəfər koronavirusa yoluxub, 40 min 416 adam isə bu virusdan ölüb.

Yoluxma sayına görə ABŞ-dan sonrakı sırada yer alan İspaniyada bu gün həm yoluxma, həm də ölüm sayında azalma var. Belə ki, son saatlarda İspaniyada 2 min 248 nəfər yoluxma, 552 ölüm qeydə alınıb.

Növbəti sırada yer alan İtlaliyada son saatlarda 3 min 47 yoluxma, 433 ölüm qeydə alınıb.

Fransada son saatlarda 1101 nəfər yoluxub, 395 nəfər ölüb. Almaniyada bir neçə saat içərisində 1460 nəfər yoluxub, 48 nəfər isə ölüb.

Azərbaycanla quru sərhəddə olan ölkələrdə də də yoluxma sayı artmaqdadır. Qardaş Türkiyə yoluxanların sayına görə artıq Çini keçib. Belə ki, hazırda Çində cəmi 82 min 735 nəfər koronavirusa yoluxan var. Bu gün Çində 16 yeni yoluxma qeydə alınıb, ölüm halı isə yoxdur. Türkiyədə isə ümumilikdə 86 min 306 yoluxma var. Qardaş ölkədə bu gün 3 min 977 yeni yoluxma, 127 yeni ölüm faktı qeydə alınıb. Siyahıda Çin 8-ci, Türkiyə isə 7-ci yerdədir. Çindən 1 pillə aşağıda isə digər qonşumuz İrandır. İranda bu gün 1343 nəfər yoluxub, 87 nəfər ölüb. Ümumilikdə bu ölkədə 82 min 211 yoluxma, 5 min 118 ölüm qeydə alınıb.

Son saatlarda Rusiyada 6 min 60 nəfər yoluxub, 48 nəfər isə ölüb. Gürcüstanda bu gün 6 nəfər yoluxub, ölən yoxdur.

Ümumilikdə son saatlara qədər dünyada 2 milyon 399 min 827 yoluxma, 164 min 936 ölüm qeydə alınıb.

Dünyada 1 milyon 619 min 217 nəfər koronavirus xəstəsi var. Onlardan 54 min 215 nəfərinin vəziyyəti ağırdır.