|
Kanadada silahlı insident nəticəsində 16 nəfər öldürülüb- YENİLƏNİB, FOTO

Kanadanın Yeni Şotlandiya əyalətində 51 yaşlı Qabriel Uortman adlı şəxsin atəş açması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

APA-nın RİA Novostiyə-yə istinadən verdiyi məlumata görə, bu barədə CBC NEWS məlumat yayıb.

Milli polis komissarı Brend Lakinin sözlərinə görə, asayiş keşikçiləri cinayətkar tərəfindən odlu silahla 16 nəfərin öldürüldüyünü müəyyən ediblər.

O əlavə edib ki, hadisə hələ də terrorla əlaqəli hesab olunmur.

Qeyd edək ki, bundan əvvəl polis əyalətin müxtəlif yerlərində 13 nəfərin öldüyünü bildirmişdi. Hüquq-mühafizə orqanları ölənlərin sayının arta biləcəyini istisna etməmişdi.

***

Kanadanın Yeni Şotlandiya vilayətində polis insanlara atəş açan şəxsi saxlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Portapik şəhərində baş verib.

Hüquq mühafizə orqanlarının məlumatına görə, 51 yaşlı Qabriel Uortman 18 aprel axşam saatlarında insanlara atəş açmağa başlayıb. Hadisə nəticəsində bir neçə nəfər ölüb.

Polis cinayətkarı saxlayaraq həbs edib. Qeyd olunub ki, 51 yaşlı şəxs hüquq mühafizə orqanının əməkdaşı olmasa da əynində polisin xüsusi geyim forması olub.

***

Kanadanın Yeni Şotlandiya əyalətinin Portapik şəhərində baş verən silahlı insident nəticəsində azı 10 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb. Polis əməkdaşı Kris Lezer bildirib ki, faktla bağlı araşdırma aparılır.

“Deyə bilərəm ki, 10-dan çox dinc sakin qətlə yetirilib. Lakin, ölü sayının artacağı istisna olunmur”.

"CBC" kanalının məlumatına görə, insanları güllələyən şəxs zərərsizləşdirilib. Cinayətkarın tutulması üçün aparılan əməliyyatda bir polis əməkdaşı öldürülüb, digəri yaralanıb.

Qeyd edək ki, Kanadanın Yeni Şotlandiya əyalətinin Portapik şəhərində 51 yaşlı Qabriel Uortman insanlara atəş açıb.

***

Kanadanın Yeni Şotlandiya vilayətində baş verən silahlı insident zamanı dünyasını dəyişən şəxslərin sayı 13 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “CBC” kanalına milli polis komissarı Brend Laki məlumat verib. Onun sözlərinə görə, istintaq davam edir və polis cinayətin digər qurbanlarının aşkar olunacağını da istisna etmir.

Qeyd olunub ki, 51 yaşlı Qabriel Uortman bazar günü gecə (19 Aprel - Red) Portalik şəhərində və daha sonra bir sıra digər yaşayış məntəqələrində insanlara atəş açıb.

Cinayətkarın tutulması üçün 12 saat davam edən əməliyyat nəticəsində polis əməkdaşı öldürülüb, daha biri yaralanıb. 51 yaşlı şəxs hüquq mühafizə orqanının əməkdaşı olmasa da əynində polisin xüsusi geyim forması olub və patrul avtomobilində hərəkət edib.