“İstilik haqqı ödəməyən heç bir vətəndaşa məhdudiyyət tətbiq etməmişik”.
Bu sözləri “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev oistilik mövsümünün aprelin 25-ə qədər uzadılması ilə bağlı Musavat.com-a açıqlama verərkən səsləndirib.
O qeyd edib ki, havalar soyuq keçdiyindən istilik mövsümünün uzadılması zərurəti yarandı: “Pandemiya ilə mübarizə çərçivəsində ölkədə elan olunan sosial təcrid tədbirlərinə görə vətəndaşlarımız evdə qaldığı müddətdə əsas tədbirlərdən biri o idi ki, zəruri kommunal xidmətlər göstərilsin və bu məsələdə əziyyət çəkməsinlər. Havalar son günlər gecə saatlarında soyuq olduğundan cənab prezidentin göstərişi ilə Nazirlər Kabineti tərəfindən “Azəristiliktəchizat” ASC-yə və Energetika Nazirliyinə tapşırıq verildi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gələn hidrometeroloji proqnozları təhlil edib müvafiq məlumatlar göndərsinlər. Biz də Energetika Nazirliyi ilə növbəti günlərin temperatur göstəcilərini təhlil edib Nazirlər Kabinetinə göndərdik. Nazirlər Kabineti tərəfindən istilik mövsümünün aprel ayının 25-ə qədər uzadılması haqqında qərar verildi. Hazırda “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanaları işlək vəziyyətdədir. İstilik təminatı tam həyata keçirilir. Eyni zamanda, 956 Çağrı Mərkəzində mütəxəssislərdən ibarət komanda fəaliyyətini davam etdirir. İstilik təchizatı ilə bağlı heç bir problem yoxdur”.

R.Əliyevin sözlərinə görə, burada əsas məqsəd insanların sağlamlığının qorunmasıdır: “İstilik tarifləri elə də böyük deyil, 1 kvadratmetr üçün 15 qəpikdir. Nəzərə almalıyıq ki, vətəndaşlarımız evdə qaldıqları müddətdə istiliyə ehtiyac var və bu qərar problemin həllinə yönəlib”.
Qurum sözçüsü əlavə etdi ki, “Azəriqaz” İB tərəfindən hazırda qazanxanaların təbii qazla təminatında heç bir problem yoxdur: “İki qurum arasında bağlanmış müqavilə var və bu müqavilə əsasında “Azəristiliktəchizat” ASC öz fəaliyyətini həyata keçirir. Bağlanmış müqaviləyə əsasən hər hansı fasilə nəzərdə tutulmayıb, müqavilə illik bağlanıb və nə qədər lazımdırsa, istifadə ediləcək”.
R.Əliyev onu da vurğuladı ki, istilik haqqını ödəməkdə çətinlik çəkənlərə güzəşt olunur: “Bizdə hələ ki, istilik haqqı ödəməyən heç bir vətəndaşa məhddudiyyət tətbiq etməmişik. Mövsüm ərzində istilik haqqını ödəməyən vətəndaşlarımız var, karantin dövrünü nəzərə alaraq onların da mənzillərinin istiliklə təminatı davam etdirilir. Aprel ayının 25-ə qədər də hər hansı məhdudiyyətin tətbiqi nəzərdə tutulmayıb”.
