Fazil Mustafa: “Ölüm sayının başqa ölkələrlə müqayisədə az olması, yoluxanların da artım tempinin yüksək olmaması məhz karantin rejiminin nəticəsidir”
“Müşahidələrimiz onu göstərir ki, 20 apreldən sonra karantin rejimi daha da sərtləşdiriləcək. Mümkündür ki, may ayının 15-dək bu, davam edə bilər. Hər halda həmin dövrə qədər duruma daha çox aydınlıq gələcək”.
Deputat, Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa bu fikirləri Musavat.com-a koronavirus pandemiyası səbəbindən ölkəmizdə tətbiq olunan karantin rejiminin uzadılıb-uzadılmayacağı barədə danışarkən söylədi. Millət vəkilinin sözlkərinə görə, rejimin faydası əlbəttə ki, böyükdür: “Statistik nəticələr özü də bunu təsdiqləyir. Ölüm sayının başqa ölkələrlə müqayisədə az olması, yoluxanların da artım tempinin yüksək olmaması məhz karantin rejiminin nəticəsidir”.
Ancaq F.Mustafanın fikrincə, çox güman ki, fövqəladə rejim tətbiq olunmayacaq: “Artıq seçilən forma budur, onun sərtləşdirilməsindən söhbət gedə bilər. Çox güman ki, belə də olacaq. Ümid edirəm ki, bir ay da səbrimizi nəzarətdə saxlaya bilsək, ümidvaram ki, sərbəst həyata qayıda biləcəyik”.
