|
Razi Nurullayevdən torpaq, qaz və işıqla bağlı təkliflər

Milli Məclisin plenar iclasında çıxış edən deputat Tahir Kərimli seçicilərilə görüşündən danışdı və bəzi təəssüratlarını bölüşdü. Deputat qeyd etdi ki, ölkə prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın atdığı addımlar, vətəndaşlarımızın xəstəlikdən qorunması istiqamətində görülən tədbirlər, insanlara maliyyə dəstəyinin verilməsi istiqamətində ayrılan böyük vəsaitlər məmnunluq yaradır və xalq bu durumdan çox razıdır. T.Kərimli hər kəsi həmrəy olmağa, dövlətin atdığı addımları dəstəkləməyə çağırdı.

Deputat Razi Nurullayev isə çıxışında dedi ki, rəhbərlik etdiyi Xalq Cəbhəsi Partiyasının adına Əli Kərimli də iddialıdır. O, dövlətin koronavirusla mübarizə çərçivəsində atdığı addımları dəstəkləməklə yanaşı, bir sıra təkliflərini də səsləndirdi. R.Nurullayev 190 manatlıq yardımı almağa mane olan torpaq məsələsindən danışdı. “Bir çox insan bu yardımı almaq hüququndan məhrumdur, çünki ayağında torpaq var. Vətəndaşlar torpağı yeməyəcək ki. Yardım alan şəxslər sadəcə işsiz kimi qeydiyyata düşənlər olmamalıdır. Bu məsələni 1 həftə ərzində aydınlaşdırmaq mümkündür. Eyni zamanda kiminsə adına torpaq varsa, ona yardım düşməməsi normal deyil. Bu məsələlər həll olunmalıdır”.

Daha sonra R.Nurullayev təklif etdi ki, “ehtiyacı olan insanlar üçün qaz və işıq sərfiyyatı sıfırlansın”.