“Azərbaycanın potensialı, valyuta ehtiyatları bu böhrandan optimal müddətdə çıxmaq üçün yetərincə yaxşı əsaslar yarardır”
“Post-pandemiya mərhələsində yerli istehsalın inkişaf etdirilməsi, ixracı əvəz edən məhsulların bir hissəsinin istehsalının ölkəmizdə təşkil edilməsi və qeyri-neft sahələrinin ixracının artırılması kimi məsələlər xüsusi aktuallıq kəsb edəcək”.
Deputat, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bu fikirləri Musavat.com-a açıqlaması zamanı bildirdi. Millət vəkili ölkə iqtisadiyyatının ötən illəri ilə bağlı göstəriciləri xatırlatdı: “Ötən il idxalımız 13,7 milyard dollar, qeyri-neft ixracımız 2 milyard dollara yaxın olmaqla ilk dəfə 2015-ci ilin devalvasiyalarından əvvəlki səviyyəni bir qədər ötüb. Devalvasiyadan əvvəl idxalımız 9,2 milyard dollar idi. Yəni idxalımız devalvasiyadan vvəlki dövrlə müqayisdə 4,5 milyard dollar, qeyri-neft ixracımızda isə bu cür nəzərəçarpan artım olmayıb... Yerli istehsalın inkişaf etdirilməsi, ixracı əvəz edən məhsulların bir hissəsinin istehsalının ölkəmizdə təşkil edilməsi idxalımızı bir neçə milyard dollar azaldar, qeyri-neft sahələrinin ixracının artırılması isə bu sahənin ixracını hazırkı 2 milyard dollardan 2-3 dəfə yüksəyə qaldırmağa imkan verər. Bu isə əhalinin yerli məhsul və mallarla təminatının etibarlılığını artırmaqla yanaşı, həm də milli valyutanın - manatın dünya bazarında neftin qiymətindən asılılığı kimi, Azərbaycan üçün çox bəlalı bir problemin aradan qaldırılmasına imkan verər. Bax, onda tam üzən məzənnəyə ağrısız keçmək üçün zəruri şərtlərdən çox önəmlisini də həll etmiş olarıq”.
Ə.Məsimli qeyd etdi ki, hazırkı böhran bir sıra qlobal problemlər və fəsadlar yaradıb: “Bu, Azərbaycan iqtisadiyyatına da təsir etməyə başlayıb. Azərbaycan üçün ən təsirli amil neftin qiymətinin kəskin surətdə aşağı düşməsidir. Neftin qiymətinin kəskin surətdə aşağı düşməsi, belə aşağı qiymətin nə qədər müddət qalacağından asılı olaraq neft gəlirləri bir o qədər çox azalacaq. Bu, iqtisadi artım templərinə, maliyyə durumuna mənfi təsirsiz ötüşməyəcək, tədiyyə balansına ciddi təsir edəcək və bu da öz növbəsində manata təzyiqi gücləndirəcək. Bu ilin iki ayı ərzində inflasiya göstəricisi 2.8 faiz olmaqla 2019-cu ildəkindən elə də fərqlənməsə də, böhranlı şəraitdə böyük ehtimalla inflyasiya təzyiqi də arta bilər. Ona görə də antiböhran tədbirləri optimal variantada qurula bilsə belə, azı 2020-ci il əksər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da çətin olacaq. Koronavirusun iqtisadiyyta təhdidləri və ondan doğan fəsadlı təzyiqi ilə bütün dünya ölkələrində iqtisadi artım templəri aşağı düşür, maliyyə bazarında ciddi problemlər yaşanır, milli valyutalar dəyər itirir. MDB məkanına aid və bir sıra qonşu ölkələrin milli valyutaları 2-15 faiz intervalında dəyərsizləşib. Fərq ondadır ki, Azərbaycanın potensialı, valyuta ehtiyatları bu böhrandan optimal müddətdə çıxmaq üçün yetərincə yaxşı əsaslar yarardır”.
