|
Milli Məclisin iclasları ilə bağlı qanun qəbul edildi

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik layihəsi III oxunuşda yeni redaksiyada müzakirəyə çıxarıldı.

Layihə barədə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli məlumat verdi. Sənədin yeni redaksiyasına əsasən, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək.

Videokonfrans sistemi vasitəsi ilə keçirilən iclaslarda səsvermə ilə bərabər, həm də qeydiyyat deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.

I oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək və real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcəkdi.

Sənəd layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edildi. Qanun bu il dekabrın 30-dək qüvvədə olacaq.