|
AŞ PA Qarabağdakı “seçki” oyunbazlığına niyə susdu -

Prezident İlham Əliyev aprelin 14-də keçirdiyi müşavirədə bir sıra vacib və aktual məsələlər, o cümlədən Qarabağ münaqişəsi ilə bağlı fikirlərini açıqlayıb.

Azərbaycanın Münhen Təhlükəsizlik Konfransından bəhs edərkən dövlət başçısı bildirib ki, bu dünya miqyasında təhlükəsizliklə bağlı bir nömrəli konfransdır. “Bu dəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imkan oldu ki, canlı efirdə həm tarixi həqiqətlər, həm münaqişə ilə bağlı həqiqətlər geniş auditoriyaya çatdırılsın. Çünki bu auditoriya milyonlarla insanı əhatə edir. Nəzərə alsaq ki, tarixdə ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərləri canlı efirdə debatda idilər. Bu debatlara çox böyük maraq var idi. Bu, bir daha göstərdi ki, erməni təbliğatı saxtakarlıq, yalan, mifologiya üzərində qurulub. Bizim sözümüz isə tarixə, tarixi sənədlərə, tarixi reallıqlara və beynəlxalq hüquqa əsaslanır. Ona görə Münhen Təhlükəsizlik Konfransının yekunları Ermənistan təbliğatını darmadağın edib və bunların uzun illər ərzində uydurduğu yalan məlumatlara son qoyub. Əlbəttə, istisna edilmir ki, bu cəhdlər bundan sonra da göstəriləcək, ancaq artıq buna heç kim inanmayacaq”, deyə Prezident bildirib.

Ölkəmizin başçısı qeyd edib ki, həm münaqişə ilə bağlı, həm Cənubi Qafqazın tarixi ilə bağlı keçirilmiş bu tədbir bizim böyük uğurumuzdur. “Azərbaycan xalqı mənə göndərilən on minlərlə mesajlarda, məktublarda öz dəstəyini bir daha ifadə etmişdir”-cənab Əliyev əlavə edib.

Ardınca Prezident işğal zonasında təşkil edilmiş saxta “seçki” şousundan bəhs edərkən bildirib ki, Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Sitat: “Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.

Prezident daha sonra çox zəruri bir məsələni vurğulayaraq qeyd edib ki, bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur: “Hesab edirəm, hər kəs başa düşür ki, söhbət Avropa Şurasından, Avropa Şurası Parlament Assambleyasından gedir, hansı ki, uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir. Avropa Şurası Parlament Assambleyası susubdur. Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycanla bağlı məruzəçilər var və bu məruzəçilər də susub, bir söz demirlər: “Burada balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında ağızdolusu yalan, böhtan uydururlar. Nə üçün susublar? Bundan sonra onlar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər. Azərbaycan xalqı hər şeyi yaxşı görür. Görür ki, bunların çirkin bəyanatlarının arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi dayanmır. Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir”.

Sonda ölkə rəhbəri Bakının dəyişməz siyasətini bir daha xalqa və bütün dünyaya bəyan edib: “Biz isə öz yolumuzla gedirik. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bütün beynəlxalq aləmin bu qondarma “seçkilər”ə olan reaksiyası bizim mövqeyimizi daha da gücləndirir”.

Doğrudan da haqq-ədalətdən bəhs edən, elə bir neçə gün əvvəl Azərbaycanı növbəti bəhanələrlə tənqid edib, işğalçı Ermənistanı görməzdən gələn AŞ PA nədənsə Qarabağdakı “seçki” adına rəzalətə diqqət yetirmədi. Hansı ki, ötən illərdə vaxtaşırı Qarabağ separatçılarının səsi Strasburqdan gəlib. Xatırladaq ki, AŞ PA-da işğal altındakı ərazilərimiz də dəfələrlə müzakirə mövzusu olub və hətta Sərsəng Su Anbarı barədə qurumun qəbul etdiyi qətnamədə “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” kimi müddəalar əksini tapsa da, işğalçıya qarşı təsirli tədbirlərə əl atılmayıb. Qətnamədə çağırış edilirdi ki, “Ermənistan hakimiyyəti su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırsın”. Amma rəsmi İrəvan BMT qətnamələri kimi, AŞ PA qətnamələrini də kağız parçası kimi, bir kənara tullayıb. Həmçinin AŞ PA İnsan hüquqları üzrə Avropa Məhkəməsində “Çıraqov və digərlərinin Ermənistana qarşı” qətnaməsinin yerinə yetirilməməsinə görə də heç olmasa işğalçı ölkənin mandatını dondurmur. 

Fazil Mustafa: “Ermənistanı qınamaq lazım gələndə susqunluğa bürünürlər, Azərbaycanla bağlı kiçik bir detalı şişirdərək qlobal məsələyə çevirirlər”

Fazil Mustafa: “Qızlar arasında da siqaret çəkənlərin sayı artıb”

Deputat Fazil Mustafa Musavat.com-a açıqlamasında dedi ki, AŞ PA-nın Azərbaycanla bağlı mövqeyində həmişə bu tendensiya hiss olunur: “Ermənistanı qınamaq lazım gələndə susqunluğa bürünürlər, Azərbaycanla bağlı kiçik bir detalı şişirdərək qlobal məsələyə çevirirlər. Ölkə prezidentinin məsələyə yanaşması da bu kontekstdəndir. Necə ola bilir ki, qeyri-qanuni qondarma qurumun qanunsuz seçkilər keçirməsinə susqunluqla yanaşaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik ifadə edirlər, işğalçı Ermənistanı və onun himayə etdiyi qondarma qurumu qınayıcı bircə kəlmə də istifadə etməyi özlərinə rəva bilmirlər? Bu açıq-aşkar Azərbaycana qarşı o qurumu idarə edən güclərindüşmənçilik münasibətinin təzahürüdür. Bunu açıq şəkildə prezidentin ifadə etməsi həm də ona görə lazımdır ki, anlasınlar ki, Azərbaycanın maraqlarına qarşı bu cür münasibətlərə qarşı öz iradəmizi ortaya qoyacaq qədər güclü dövlətik”.

Arzu Nağıyev: “Məlumdur ki, bu qurum illərdir ölkəmizi nüfuzdan salmaq üçün əlindən gələni edir, qarayaxma kompaniyası aparır”

Arzu Nağıyev: "Müharibədə iştirak edib status almayan şəxslər var"

Deputat Arzu Nağıyev bildirdi ki, cənab Prezident İlham Əliyev öz çıxışında çox haqlı və yerində AS PA-nı sərt tənqid etdi: “Birincisi, bu seçkilər bütün beynəlxalq qanuna zidd olduğu halda neçə keçirilə bilərdi. Paşinyan öz siyasi ambisiyalarını həyata keçirmək üçün bu “seçkiləri keçirir və iki marionet “namizəd” ikinci tura keçirir. İkinci tur da saxtakarlıqla keçdi və hətta yerli “müşahidəçi”lər də qeyri-legitim olduğunu qeyd etdilər. Cənab Prezident bu proseslərlə bağlı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunmuş debatda da öz fikrini səsləndirmişdi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər dünyaya çatdıqdan sonra bütün beynəlxalq qurumlar təbii ki, işğalçının kim olduğunu başa düşdülər”. A.Nağyevin fikrincə, Qarabağdakı qondarma seçkilər bir daha göstərdi ki, bu rejimi heç kim qəbul etmir: “Çox təəssüf ki, ayrı-ayrılıqda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısını alan dövlət kimi tanıyan dövlətlərin millətçi, ermənipərəst, antiazərbaycan qüvvələrinin qullarına çevrilmiş nümayəndələri və hətta adını həmməruzəçi qoyanlar susqunluq nümayiş etdirdilər. Təsəvvür edin, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar “seçkiləri” tanımadı, AŞPA isə susdu. Məlumdur ki, bu qurum illərdir ölkəmizi nüfuzdan salmaq üçün əlindən gələni edir, qarayaxma kompaniyası aparır. Cənab İlham Əliyev də öz çıxışında vurğuladı ki, o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur, hətta belə qarayaxmalardan, susqunluqdan sonra Azərbaycan üzrə məruzəçi olmağa mənəvi haqları yoxdur, məqsədləri isə həmişə olduğu kimi şantaj nüfuzdan salmaq, maraqlarımıza zərbə vurmaq dan başqa bir şey deyil”. 

Azərbaycanın dövlət başçısının haqlı iradlarına Strasburqdan hansı reaksiya gələcəyini təxmin etmək olar. Ötən illərin təcrübəsi bunu deyir. Amma yenə də ümid edək ki, nəhayət, beynəlxalq qurum işğalçı və separatçıya münasibətini ifadə etmək üçün özündə cəsarət tapacaq...