Yeni Zelandiyanın baş naziri Casinda Ardern bu gün bəyan edib ki, onun hökumətinin üzvləri koronavirus pandemiyasından zərər çəkənlərlə həmrəylik əlaməti olaraq əmək haqlarının 20 faiz azaldılması qərarına gəliblər. Qərar 6 ay qüvvədə olacaq. Baş nazirin mətbuat konfransında dediyinə görə, Yeni Zelandiyada indiki böhran üzündən çoxları işini itirib, bəzilərinin isə gəlirləri azalıb. Maaşların azalması ilə yanaşı, yaxın vaxtlarda yüksək vəzifəli məmurlar bəzi mükafatlardan məhrum olacaqlar. Bu, dövlət orqanlarında çalışanların əksəriyyətinə, o cümlədən tibbi heyətə, polis işçilərinə, səhiyyə sistemi işçilərinə şamil olunmayacaq. Qeyd edək ki, Yeni Zelandiyada martın sonunda koronavirus pandemiyasına görə elan olunmuş fövqəladə vəziyyətin davam edib-etməyəcəyi aprelin 20-də məlum olacaq.
