Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov və TƏBİB-in rəhbəri Ramin Bayramlı iştirak edib.
İbrahim Məmmədov bildirib ki, mətbuat konfransının keçirilməsində məqsəd ölkədə koronavirus təhlükəsinin qarşısının alınması istiqamətində görülən işlər barədə ictimaiyyəti tam məlumatlandırmaqdır.
Brifinqdə martın 31-dən bu günə qədər xüsusi karantin rejimində tətbiq edilən yeni qaydalar və son vəziyyətlə bağlı məlumatlar verilib.
İbrahim Məmədov bildirib ki, son olaraq ölkədə 56 nəfər koronavirusa yoluxub, 53 nəfər isə sağalıb.
Hazırda ölkəmizdə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 402 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
