Elşən Mustafayev: “ÜST-nın tələsik pandemiya elan etməsi şübhəlidir”
Yeni koronavirus Çinin Uhan şəhərindəki bioloji tədqiqat laboratoriyasından sızıntı nəticəsində təbii yolla əmələ gəldiyi iddiaları ilə dünyanın bir sıra aparıcı media orqanları çıxış etməkdədirlər.
Hətta bir neçə gün öncə Böyük Britaniya hökuməti bəyan etdi ki, həm elmi rəylər, həm də təhlükəsizlik xidmətlərinin bu barədə rəyləri kifayət qədər əsaslıdır.
Çinin belə bir virusu bilərəkdən yaydığı haqda da iddialar, mülahizələr çoxalır. Çin rəsmiləri sızıntı iddialarını və qəsdən virus yayma iddialarını “internet dedi-qoduları” olaraq səciyyələndirsələr də, ittiham xarakterli iddialar səngimək bilmir.
Bəs əgər nə zamansa bu fərziyyələr təsdiqlənsə, Çini beynəlxalq səviyyədə nə gözləyir? ABŞ üçün bu Çini sıradan çıxarmağa bəhanə rolunu oynaya bilərmi?
Politoloq Elşən Mustafayev Musavat.com-a bildirib ki, koronavirusla bağlı dünyada çoxlu sayda fərziyyələr irəli sürülür. Fərziyyələrdə öldürücü virusun Amerika tərəfindən hazırlandığı kimi fikirlərə də rast gəlinir. Amma bu günə kimi bu fərziyyələrin heç biri öz təsdiqini tapmayıb: “Bu gün bir çox mütəxəssislər Ümumdünya Səhiyyə Təşkilatının bu virusu pandemiya elan etməsini əsassız hesab ediblər. Belə ki, onların iddialarına görə, hansısa xəstəliyi pandemiya elan etmək üçün lazım olan standartlar hazırkı virus yayılmasında müşahidə olunmamışdı və ÜST-nın tələsik bu addımı atması və dövlətlərə təkidlə müxtəlif tövsiyələr verməsi həmin mütəxəssislərin fikrincə, çox şübhəlidir. Bəziləri bu virusun laboratoriya şəraitində yaradıldığını, digərləri isə heyvanlardan keçdiyini iddia etsələr də, əsasən bu prosesdə Çin və ABŞ-ın adı daha çox hallandırılır. Virusun ilk dönəmlərində bəzi Çin rəsmiləri bəlanın ABŞ tərəfindən gəldiyinə eyham vurmağa başlamışdılar. Sonradan ABŞ eyni ittihamlarla Çindən şübhələndiyini səsləndirməyə başlamışdı. Amma bir məsələ aydındır ki, bu problemin bilərəkdən, ya bilməyərəkdən kimlər tərəfindənsə yaradıldığı iddiasını sübut etmək çox çətindir. Bu gün Çinin hədəfdə olmasına şərait yardan əsas səbəblərdən biri əhalisinin sayı nəzərə alınmaqla dünyada aşağı faiz yoluxmaya və ölümə səbəb olmuş ölkələr sırasında olmasıdır. Eyni zamanda, virusun qısa müddətdə lokallaşdırılması da bir çox ölkələrdə suallar yaradıb. Bütün bunlara baxmayaraq, rəsmi şəkildə koronavirusla bağlı hansısa dövlətin ittiham olununmasına və yaxud cəzalandırılması perspektivinə inanmıram”.
Ekspertin sözlərinə görə, hansısa ölkə cəzalandırılmasa belə, virusun vurduğu iqtisadi zərbələr ağır sanksiyalardan daha kəskin olacaq: “İqtisadi nöqteyi-nəzərdən bir çox ölkələrin dərin böhrana yuvarlanacağı şübhəsizdir. Ölkələr iqtisadiyyatı, ərazisi və insan sayı cəhətdən nə qədər böyükdürsə bir o qədər çox ziyan çəkə bilərlər. Çin, Rusiya, Avropa Birliyi ölkələri, ABŞ bu kateqoriyaya aiddirlər. Eyni zamanda, bir-birlərinə rəqibdirlər. Lakin kimin öncədən planı varsa və daha çevik və ağıllı tərpənəcəksə uğurlu olacaq və dünyanın iqtisadi cəhətdən yenidən bölüşdürülməsində son sözünü deyəcək”.
