Türkiyə parlamenti 90 min məhbusun müvəqqəti azad edilməsi barədə qərar qəbul edib. Müvəqqəti azadlığa xırda cinayətlərə görə məhkum edilənlərin, 65 yaşdan yuxarı şəxslərin, həmçinin 6 yaşına çatmamış uşaqları olan qadınların buraxılması nəzərdə tutulur. Qərar ağır cinayətlərdə, terror aktlarında, qadınlara qarşı zorakılıqda günahkar bilinənlərə şamil edilməyəcək. Türkiyənin ədliyyə naziri Əbdülhəmit Gül, 5 həbsxanada məhkumlar arasında 17 yoluxma və 3 ölüm hadisəsi barədə məlumat verib. Son məlumatlara görə, Türkiyədə koronavirusa yoluxanların sayı 61 mini keçib, xəstəlikdən 1 296 nəfər dünyasını dəyişib.
Dünyanı silkələməkdə olan koronavirus pandemiyası hökumətləri operativ tədbirlər görməyə, vətəndaşların ölümcül xəstəliyin cənginə düşməkdən xilas etməyə səfərbər edib. Azərbaycanda da koronavirus pandemiyasının önlənməsi üçün Operativ Qərargah yaradılıb və müvafiq addımlar atılır. Belə addımlar çərçivəsində ilkin olaraq 260 məhkum cəzadan azad olunub. Ardından əfv sərəncamı verilərək koronavirusa görə xüsusi risk qrupuna aid edilən yaşı 65-dən yuxarı olan məhkumlar azadlığa buraxılıb. Sərəncamla 176 məhbus ailəsinə qovuşub. Onların içində 11 qadın və ömürlük azadlıqdan məhrum edilmiş 2 nəfərin olması xüsusi diqqət çəkir.

Bununla belə, azad olunanların sayının daha da artmasını istəyən xeyli məhbus ailələri var. Pandemiya səbəbi ilə Azərbaycanda cəzaçəkmə yerlərinin, həbsxanaların boşaldılması prosesi davam edəcəkmi? Bu gün ölkə ərazisindəki cəzaçəkmə yerlərində məhbus sayı nə qədərdir və onların neçə faizinin azad olunma ehtimalı var?
“Yeni Müsavat” əməkdaşı bu suallarla “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevə müraciət edib.
Əliməmməd Nuriyev deyib ki, Azərbaycanda Türkiyədən əvvəl bu sahədə addımlar atılmağa başlayıb və bu addımların davamı olacaq: “Azərbaycanın 10 milyon nəfər vətəndaşı var və azadlıqdan məhrum etmə yerlərində 18 min nəfər məhkum var. 83 milyonluq Türkiyədə məhkumların sayı 100 minlərlədir. Türkiyədə məhkumlar müvəqqəti olaraq azadlığa buraxılır. Azərbyacanda isə məhkumlar tam olarq cəzadan azad olunur. 5 gün əvvəl prezidentin verdiyi əfv sərəncamı ilə 176 məhbus cəzadan tam azad olundular. Bu adamlar yenidən həbsə qayıtmayacaqlar. Azərbaycanda yaşı 65-dən yuxarı olan 30-35 məhkum qalıb. Onlar da xüsusilə ağır cinayət etmiş şəxslərdir. Xroniki ağır xəstəlikləri olan, xüsusi risk qrupunda olan şəxslər tamamilə cəzadan azad olunublar”.

Əliməmməd Nuriyev deyib ki, bu gün böyük ictimai təhlükəli cinayət törətməyən şəxslərə azadlıqdan məhrumetmə cəzası 100 nəfərdən 1-2 nəfərə tətbiq olunur: “O da cəza müddəti 1 ilə qədər olur. Belə şəxslər əsasən Probasiya Xidmətinin nəzarətinə verilir. Türkiyədə isə əksinə, böyük ictimai təhlükəli cinayət törətməyən şəxslər də azadlıqdan məhrum olunurlar. Bu gün ölkədəki cəzaçəkmə yerlərində saxlanılan məhkumların cəmi 15-20 faizi az ağır cinayət törətmiş şəxslərdir. Bu kateqoriyaya aid məhkumlara vaxtından əvvəl azad etmə tətbiq olunur və cəzadan azad olunmaqla sərbəst buraxılırlar. Cəzaçəkmə yerlərində əsasən ağır və xüsusilə ağır cinayət etmiş məhkumlar cəza çəkir. Bu şəxslərin də azadlıqdan vaxtından əvvəl azad etmə hüququ yaranırsa, onların da azad olunması üçün işlərinə yenidən baxılır, müvafiq qərarlar verilir”.
Əliməmməd Nuriyev deyir ki, bu proses daimidir və davam edəcək: “Bir neçə ilə əvvələ qədər Azərbaycanda olan cəzaçəkmə yerlərində bu gün Türkiyədə olduğu kimi sıxlıq vardı. Lakin bu gün Azərbaycan vəziyyət fərqlidir. Prezidentin 2017-ci il 10 fevral tarixli sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi üçün addımlar atıldı. Bu sərəncam 8 min məhkuma şamil olundu, 2 min 500 nəfər məhkum azadlığa qovuşdu. Bu sərəncamda sonra həbs qəti-imkan tədbirlərinin tətbiqi 40 faizə qədər azalıb. Bu cür tədbirlər cəzaçəkmə müəssisələrinin yüklənməsinin qarşısını alır”.
Əliməmməd Nuriyevin deyir ki, pandemiya zamanı cəzaçəkmə yerlərindən ucdantutma məhkumların azad olunması da xoşagəlməz problemləri ortaya çıxara bilər: “Ədalətə inam zəifləyər, ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslər çölə çıxıb keçmiş ədavətlərini davam etdirə bilərlər. Dövlətin cəza siyasətinin mahiyyəti itər. Ona görə də vaxtından əvvəl cəzadan azad etmə məsələləri xüsusi diqqətlə araşdırılır, müvafiq qərarlar qəbul olunur”.
Əliməmməd Nuriyev qeyd edib ki, bununla belə məhkumların azad edilməsi istiqamətindəki addımlar daim diqqətdədir və zaman-zaman əfv, amnistiya verilməsi də mümkündür.
