Türkmənistanda əhalinin kütləvi tibbi müayinəsi keçirilir. Kampaniyaya ilk olaraq 13 aprel bazar ertəsi ümumtəhsil məktəblərindən başlayıb.
Konkret.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumat Türkmənistanın “Orient” nəşrində yer alıb.
Bütün şagirdlər pediatr və ya terapevt (yaş qrupundan asılı olaraq), oftalmoloq, otolarinqoloq, stomatoloq, dermatoloqdan ibarət tibbi qrupda profilaktik müayinələrdən keçəcəklər.
Müayinələr birbaşa təhsil yerində olur, bu məqsədlə məktəblər əlavə tibb kabinetləri ilə təchiz olunmuş, məlumatları qeyd etmək üçün lazımi avadanlıq və ofis avadanlığı gətirilmişdir. Mayın 25-dək məktəblərdə reyd yoxlamaları, o cümlədən uşaqların sağlam qidalanması, gigiyenik mədəniyyət qaydaları və sanitariya-epidemioloji tədbirlərə dair müayinələr aparılacaqdır.
8 apreldə Türkmənistan Prezidenti ölkədə koronavirus infeksiyasının qarşısının alınmasının əsas mövzulardan biri olduğu iclasda baş nazirin elm, təhsil və səhiyyə işləri üzrə müavininə və təhsil nazirinə təhsil müəssisələrində profilaktik tibbi müayinələrin başlanması barədə göstəriş verib.
Universal tibbi müayinə bütün əhali qruplarını əhatə edəcəkdir. Bunun üçün Aşqabadda və ölkənin bölgələrində tibbi komissiyalar yaradılıb.
Məqsəd isə hər hansı bir xəstəliyi erkən aşkarlamaq üçün profilaktik müayinələr aparmaq və sağlamlıq vəziyyətini qiymətləndirməkdir.
