ürkiyədə koronavirus təhlükəsi ilə əlaqədar bu həftəsonu yenə komendant saatı tətbiq ediləcək. Prezident Rəcəb Teyyub Ərdoğan aprelin 13-də epidemiyanın yayılmasının qarşısını almaq üçün bu addım atılacağını söyləyib. Bundan əvvəl isə küçəyə çıxmaq qadağası tətbiq olunanda Türkiyədə panika yaşanmışdı. İnsanlar marketlərə, bazarlara axışmışdılar. Hətta mağazalarda növbəyə dayanan vətəndaşlar arasında qarşıdurma, əlbəyaxa davalar baş vermişdi.
Azərbaycanda da xüsusi karantin rejimi elan edilib, insanlar SMS yazaraq yalnız bir dəfə 2 saatlıq zəruri ehtiyacını qarşılamaq üçün küçəyə çıxa bilər. Lakin nə Bakıda, nə regionlarda Türkiyədəki mənzərə yaranıb. Vətəndaşlar icazə alaraq aptekə, marketə, bank və ya poçta gedirlər.
Elə xüsusi karantin rejiminin ilk günlərində də əhali marketləri qardaş ölkədəki kimi boşaltmamışdı. Bəs, Bakı ilə İstanbulun fərqi nədir?
Bu fərqin səbəbləri barədə Musavat.com-a danışan Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayılın sözlərinə görə, Azərbaycanda insanlar küçəyə çıxmamaq qadağasına hazır idilər.
T.İsmayılın fikrincə, Türkiyə hökumətinin niyyəti düzgün olub, sadəcə, zaman məsələsində yanlışlığa yol verilib:
“Hökumət özü də etiraf etdi ki, zaman uyğunluğunda problem olub. Əslində, hava yaxşı keçəcəkdi, insanlar mütləq evdə oturmalıydılar. Sadəcə, 12-dən 2 saat əvvəl qadağanın elan edilməsi panika yaratdı. Bu da kütlə psixologiyasıdır. İnsanlar aclıq, qıtlıq yaranacaq deyə küçəyə atıldılar.
Amma bu da kütləvi xarakter almadı. Sadəcə, mediada yayıldı, elə təsəvvür yarandı ki, sanki Türkiyədə millət küçələrə axışıb. Əslində, bəzi yerlərdə belə hallar olmuşdu”.
Politoloq hesab edir ki, İstanbul, Ankara kimi böyük şəhərlərdə belə halların yaşanması başadüşüləndir: “Hökumət fövqəladə vəziyyəti aradan qaldıranda da yenə insanlar küçəyə çıxdılar. Türkiyə iqtidarı düşünürdü ki, vətəndaşları komendant saatına hazırdırlar”.
T.İsmayıl medianın bu məsələdə böyük rolu olmasını qəbul etmir: “Sosial şəbəkə hər şeyi olduğu kimi göstərir. Ərdoğan da dedi ki, yenə eyni vəziyyət olacaq. Mənim ətrafımdakı tanışlardan heç kəs çölə çıxmadı. İndisə vəziyyət normaldır. Mən onsuz da gözləyirdim ki, küçə qadağası tətbiq edilsin. Çox maraqlıdır ki, panikanın səbəbi tək çörək deyildi, insanlar ehtiyac olmayan mallar üçün alış-veriş etmişdilər. Bu da kütlə psixologiyasıdır, vəziyyət düzgün hesablanmalıydı.
Hətta bizim küçədə polis yalvarırdı ki, evdə oturun. Çünki insanlar pandemiyanın ciddiliyini qəbul etmirlər, anlamırlar ki, gözlə görünməyən təhlükədir”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanda da koronavirusa inanmayanlar var, belələri konspiroloji mülahizələr irəli sürürlər:“Əgər koronavirus 200-dən çox dövlətə yayılıbsa, ölü sayı dünyada 100 mini keçibsə, Amerika kimi dövlətin səhiyyəsi acizdirsə, necə komplo teorelər irəli sürmək olar?!
Sadəcə, koronavirusun öldürücülük səviyyəsi yüksək deyil, amma yayılması çox sürətlidir. Bu da ölkələrin səhiyyə sistemlərini çökdürə bilər. Çünki nə qədər ölkələrin səhiyyələri mübarizə aparsa da, heç bir dövlət pandemiya qarşısında hazırlıqlı deyil. Azərbaycana gəlincə, əhali sayı azdır, vətəndaşlar ehtiyatlıdırlar. Lakin bu, bizi arxayınlaşdıra bilməz, yoluxma sürətlə arta bilər”.
Türkiyədə yaşayan araşdırmaçı - jurnalist Dilqəm Əhməd isə bildirdi ki, problemə səbəb şənbə-bazar günü çölə çıxmaq qadağası idi.
“Bu qadağa cümə gününün bitməsinə son iki saat qaldığına görə insanlar axın etdilər. Xoş görüntülər deyildi. Amma diqqət etdim, orada əsasən orta yaşlı insanlar idilər. Bu da o deməkdir ki, onların ailə məsuliyyəti var: ya yaşlı valideynlərə, ya da uşaqlara sahibdirlər. Bir növ iki gündə valideyn və övladlarının ac qalma qorxusuna görə marketlərə axışmışdılar.
Çünki Türkiyə kimi ölkələrdə dövlətlə vətəndaş arasında qarşılıqlı inam olmadığına görə qadağanın iki günlə bitməyəcəyini düşünənlər olmuşdu”, - deyə D.Əhməd vəziyyəti izah etdi.
Onun sözlərinə görə, Azərbaycanda market problemi yoxdur: “SMS yolu ilə iki saat ərzində rahat alış-veriş etmək olur. Əgər bizdə də qəfil tamamilə çölə çıxma qadağası gəlsə, bəlkə də eyni görüntülər olacaq. Amma bizim xalq evində qida ehtiyatı saxlayır. İstanbulda yaşamış biri kimi əminəm ki, orada günlük qida alanlar da çoxdur. Azərbaycan xalqı həm də bir az soyuqqanlıdır. Daha çətin günlərin şahidi olub. Üstəlik, sosial şəbəkədən də görürük ki, vətəndaşlarımız çox gözəl yardım kampaniyaları aparırlar”.
