|
Financial Times: "Bəzi ölkələr neft hasilatını dayandırmağa məcbur olacaqlar"

OPEK+ çərçivəsində hasilatın azaldılmasına dair imzalanmış yeni saziş koronavirus pandemiyasına görə dünyada neftə olan tələbin azalmasının qarşısını ala bilməyəcək. Bu barədə nüfuzlu Financial Times qəzetinin dərc etdiyi təhlil yazısında qeyd olunur.

Qəzet bildirir ki, pandemiya dünyada neft tələbatını 30 faiz azaldıb. Buna görə də neft istehsalçıları məcbur olacaqlar ki, xammalı aşağı qiymətlərlə satsınlar. Hətta nəşr hesab edir ki, anbarların və kəmərlərin tam dolması nəticəsində bir çox ölkələr istehsalı dayandırmalı olacaqlar.

Çünki OPEK+ razılaşması mayın əvvəlindən qüvvəyə minir. Ona qədər istehsal olunan nefti nə satmağa alıcı var, nə də saxlamağa yer.

Onu da qeyd edək ki, Rusiya artıq istehsal olunan nefti saxlamağa yer tapmaq problemi ilə üzləşib. Bu ölkənin hasilatçı şirkətləri dəmiryol çən-vaqonlarını kirayəyə götürməyə başlayıblar. Neft məhsullarını isə polietilen kisələrə yığmaq təklif olunur.