|
“Mağazalarda virusun yayılma yeri kassalardır”

Ekspert: "Kassada oturanlar özləri əlcəkdən istifadə etsələr də, əllərini hər müştəridən aldıqları ödəniş kartına, pul əskinasına, bonus kartına vururlar"

Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində yalnız markelər və apteklər istisna olmaqla, digər obyeklərin, əyləncə mərkəzlərinin fəaliyyətinə müvəqqəti qadağa qoyulub. Məqsəd insanların koronavirusa yoluxmasının qarşısını almaq, ölkədə sosial izolyasiya tədbirlərini gücləndirməkdir. Azərbaycanla bərabər digər ölkələrdə də oxşar və hətta daha sərt addımlar atılıb. Ekspertlər bildirirlər ki, bütün bunların nəticəsidir ki, Azərbaycanda koronavirusa yoluxma digər ölkələrlə müqayisədə kütləvi deyil.

Lakin sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələ marketlərdəki durumdur. Belə ki, marketdə kassaların qarşısında növbə sistemi yaradılsa da, bununla bağlı döşəməyə nişanlar vurulsa da, bir çox hallarda vətəndaşlar qaydalara əməl etmirlər. Bundan əlavə kassada oturan şəxslər də yalnız maska və əlcəkdən istifadə edirlər. Halbuki, digər ölkələrdə kassada oturan şəxslər xüsusi qoruyucu şüşənin əhatəsinə alınır və xidməti oradan göstərirlər.

Musavat.com-a danışan ekspert Eyyub Hüseynov bildirib ki, doğrudan da bu kimi məsələlərə diqqət edilməlidir. Ekspert hesab edir ki, Azərbaycanda mağazalardakı duruma ciddi nəzarət edilmir:

"Bu gün mağazaların girişində əlləri spirtləyir, insanların hərarətini ölçürlər. Lakin qeyd etdiyimiz nüanslar nəzərə alınmır. İnsanlar unudurlar ki, virusun yayılma yeri elə kassalardır. Çünki kassada oturanlar özləri əlcəkdən istifadə etsələr də əllərini hər müştəridən aldıqları ödəniş kartına, pul əskinasına, bonus kartına vururlar. Sonra isə digər müştərinin əşyalarına, aldıqları ərzağa toxunub, onları paketə yığırlar. Əgər virus deyildiyi kimi-toxunma üsulu ilə yayılırsa, o zaman marketlərdə kassalar da ciddi təhlükə mənbəyidir. Bu gün baxıram ki, Nyu-Yorkda polislər maskasız gəzir, əhali isə maskadadır. Belə təzadlı məqamlar var. Əgər virus havada da varsa, o zaman necə eyvana çıxıb, alqışlama aksiyası keçirmək olar? Bütün bunlara ciddi nəzarət edilməlidir. Təzadlı informasiyalar çoxdur. Aydın məsələdir ki, koronavirus nəfəslə, toxunma ilə yoluxur. Ona görə də kassa oturan şəxslər nəzarətdə saxlanmalıdır. Bu işə Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ qərargah baxmalı, müvafiq qərarlar verməlidir. Çox təssüf ki, məsələ həll edilməyib".

Onu da bildirək ki, iri supermarketlərin bəzilərində çörəklər xüsusi qoruyucu lentin arxasında saxlansa da, tərəvəzlərin yanına rezin əlcəklər qoyulsa da, insanlar bu qoruyucu hədləri aşıb, çörəkləri özləri götürür, rezin əlcəkdən isə əksər hallarda istifadə etmirlər...