Müğənni Rəqsanə İsmayılova həmkarlarını tənqid edib.
Musavat.com xəbər verir ki, müğənni instaqramda canlı yayıma qoşulub. İfaçı yüksək məbləğə toya gedən, amma karantin günlərində insanlara yardım etməyən müğənniləri qınayıb:
“Müğənnilərin əlinə şans düşüb. Biri eyvanında, digəri divanının üstündə konsert verir. Biri 5 müğənnini yığır, mahnı yazır. Mahnı oxumaq, konsert vermək vaxtıdır? Hamı bilir ki, bu xəstəlik yayılıb. Evdə qalmalı, əl sabunlanmalı, maska taxılmalıdı. Bunu hamı bilir...
14-15 min dollar toy pulunuzdan 1 qəpik də enmirsiz. İndi niyə camaata yardım etmirsiz? Qeyrətinizi göstərin! Mən artıq dostlarımdan pul istəməkdən, kömək üçün yalvarmaqdan utanıram. 40 yaşım var, indiyə kimi özüm üçün heç kimdən 1 manat pul, kömək istəməmişəm. İnsanlarımız üçün bunu edirəm. Rusiyada yaşayan azərbaycanlıların vəziyyəti pisdir, çatdıra bilmirik.
Bu gün hər kəs bir olmalıdır. Niyə kor qalmısınız? Gözlərinizi niyə yummusunuz? Milyon nəfər var ki, toylarında çıxış etmisiz. Mənə fəxri ad lazım deyil, ada görə də bunu etmirəm. Amma xalq artisti adı alan xalqa görə o adı alıb. İndi niyə xalqa kömək etmir? Ay xalq artistləri, niyə gözünüzü yummusunuz? 50 dostunuz-tanışınız var, toyunu oxuduğunuz imkanlı şəxslər var, yardım istəyin. Hələ çətin vəziyyətdə instaqramda yemək görüntüləri paylaşırsız.
Ərzaq yardımı kənara qalsın, burada körpə və uşaqlar var ki, koronavirusa yoluxanlarla bir evdə qalır.Onların vəziyyətinə əlac etmək lazımdır”.
Qeyd edək ki, ifaçı daha öncə bildirib ki, 700 nəfərə yardım edib. 3000 nəfər isə yardım üçün qeydiyyatdan keçib.
