Karantin rejimi səbəbindən Azərbaycanda bir çox müəssisələr, ictimai-iaşə obyektləri və digər bu kimi yerlər fəaliyyətini dayandırıb. Bu isə əhalinin gəlirlərinin aşağı düşməsinə səbəb olub. Bütün bunların fonunda sosial şəbəkələrdə çağırışlar edilir ki, banklar kreditlərin ödənişlərində müştərilərə zaman tanısınlar.
Ötən gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, Mərkəzi Bank xüsusi karantin rejimi dövründə bank kreditləri üzrə faizlərin hesablanmasının dondurulması mümkünlüyünü nəzərdən keçirə bilər: “Hazırda bank kreditləri ilə bağlı işlər gedir. Yaxın vaxtlarda bu məsələ ilə bağlı addımlarımızı açıqlayacağıq”, - deyə o, parlamentin ötən gün keçirilən plenar iclasında deputatların sualına cavab verərkən bildirib.
İclasda deputat Aydın Mirzəzadə ölkədə tətbiq olunan sərt sosial izolyasiya tədbirləri ilə əlaqədar əhalinin bank kreditləri üzrə faiz hesablanmasının dondurulması ilə bağlı məsələ qaldırıb. Bəs belə bir addımın atılması nə dərəcədə realdır?
Musavat.com-a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, bankların bu cür güzəşt etməsi iqtisadi baxımdan mümkündür: "Yaxşı olar ki, bu iş həm vətəndaş, həm də banklar üçün minimum itkilərlə həll olunsun. İlkin etapda mart, aprel və may ayları daxil olmaqla 3 aylıq müddətə bütün kredit faizlərinin hesablanması dondurula bilər. Yəni dövlətin qərarı ilə bu, mümkündür. Mərkəzi Bank və dövlətin bunun üçün sazişi olmalıdır. 3 ay müddətində də banklar bütün vergilər azad edilsin. Düzdür, bu, kreditlərdən gələn faiz gəlirlərini əvəz etməyəcək. Ancaq Mərkəzi Bank daha başqa bir güzəştlə bankları stimullaşdıra bilər. Məsələn, çox aşağı faizlə - ilk 6 ayı 0 faiz, növbəti 6 ayı isə 2-3 faizlə banklara manat cinsindən kredit verə bilər. Ən azından bu, 1-2 il üçün razılaşdırıla bilər. Çünki Mərkəzi Bankın dollar ehtiyatlarından başqa manat rezervləri də var. Həmin manat ehtiyatlarını banklara çox aşağı faizlə təklif edə bilər. Nəticədə bununla bankları da stimullaşdırmaq olar ki, indiki itkilərini bir müddətdən sonra aşağı faizlə götürdükləri krediti daha yüksək faizlə istehlak və biznes kreditlərinə yönəldərək, artıqlaması ilə pullarını qazanacaqlar. Burada həm vətəndaşları, həm də bankları qane edəcək ortaq məxrəcə gəlmək mümkündür. Heç şərt deyil ki, ikisindən biri uduzsun".
Ekspert bildirib ki, məsələyə baxılması vacibdir: “Çünki əgər önləyici tədbirlər alınmasa, problemli kreditlərin həcmi artacaq. Bir müddətdən sonra isə dövlət yenidən müdaxilə etməyə məcbur qalacaq. Gecikən müdaxilə isə daha baha başa gələcək. Ondansa indidən yuxarıda qeyd etdiyimiz kimi addımlar atmaq daha məntiqli olar. Növbəti 3 aylıq və 3 aylıq da uzatma ehtimalı ilə addım atmaq olar. İlk 3 ayda faizlər hesablanmır, may ayının sonunda məsələyə bir də baxılır və vəziyyət ürəkaçan deyilsə, uzadılır. Çox güman ki, uzatmaq lazım gələcək. Çünki ən optimist ssenari ilə belə, əgər may ayında bu proses səngiyib iqtisadiyyatın çarxları dönməyə başlasa belə, özünə gəlməsi üçün ən azı 6 ay zaman lazım olacaq. Ona görə də birdəfəlik 6 aylıq da qərar vermək olar ki, faizlər hesablanmır, kreditlərlə bağlı ancaq əsas borc yerində qalır. Həmin 6 ay müddətində vergilərdən azad olunan banklar yuxarıda da göstərdiyimiz hallarla zərər görmədən fəaliyyətlərinə davam edirlər”.
