|
“Dünya virusla mücadilədə, biz Qarabağda müharibəyə başlayaq” təklifinə reaksiyalar

Fəzail Ağamalı: “Azərbaycana qarşı beynəlxalq səviyyədə yeni hücumlar başlaya bilər”

Elxan Şahinoğlu: “Koronavirusun yayıldığı indiki halda müharibə ehtimalı yüksək deyil”

Dünya hər gün müxtəlif ölkələrdə  minlərlə insanın həyatına son qoyan koronovirusla mücadilədədir.  Doğrudur, ölkəmizdə də dəhşətli virusa yoluxanlar var. Amma buna baxmayaraq, təcavüzkar Ermənistanın daha çətin durumda olduğunu, eləcə də, ermənilərin havadarı olan dövlətlərin daxilində epidemiyanın sürətlə yayılması səbəbindən başlarının özlərinə qarışdığını nəzərə alaraq, Azərbaycanın torpaqlarını azad etmək üçün əməliyyatlara başlamasının vacibliyi önə çəkilir.  

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov azpolitika.info-ya müsahibəsində diqqətçəkən fikirlər səsləndirib.

Sitat: “Münaqişə tərəflərinin qüvvələr balansına təsir edən məqamlardan biri də Rusiyanın Ermənistana olan dəstəyi idi. Bu, hamıya bəlli olan reallıqdır. Rusiya Ermənistana hərbi, siyasi və iqtisadi mənada böyük dəstək göstərir. İndiki atmosferdə bu dəstəyin davam etməsi mümkündürmü? Hazırda Rusiya nəhəng ölkə kimi öz problemləri ilə üz-üzə qalıb. Biz görürük ki, ABŞ kimi güclü dövlətdə belə, Nyu-Yorkda müşahidə olunan ciddi problem yaşanır və Milli Qvardiya artıq küçələrdədir. Bu vəziyyət müxtəlif bölgələrdə və dövlətlərdə də ola bilər”.

Sabiq nazir dünya bazarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinin də düşmənə ciddi zərbə olduğunu vurğulayıb: “Neft qiymətinin kəskin azalması müşahidə olunur. Bu amilləri nəzərə alaraq deyə bilərik ki, Rusiyada rəhbərin kim olmasından asılı olmayaraq, həmin lider ilk növbədə öz vətəndaşlarının maraqlarını güdməli olacaq. Məntiq bunu deyir. Və Ermənistan bu köməkdən məhrum olarkən istər-istəməz yalnız özünün real qüvvəsinə arxalanmalıdır. Bu real qüvvəni isə biz yaxşı tanıyırıq və bilirik ki, o, Azərbaycanla müqayisə oluna bilməz. Məhz bu səbəbdən də qeyd edirəm ki, biz yeni çağırışlara hazır olmalıyıq”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı sabiq XİN rəhbərinin dediklərinə bu cür münasibət sərgilədi: “Tofiq Zülfüqarovun açıqlamaları ilə tanışam. Olduqca mövcud reallığa uyğun olaraq fikirlərini ifadə edib.  Bu kifayət qədər maraqlı təklifdir. Əslində ürəyimdən gələn bir təklifdir. Mən də istərdim ki, dərhal yaranmış imkandan, fürsətdən istifadə edib, torpaqlarımızı azad edək. Bunun üçün Azərbaycanın hazırda həm çox geniş imkanları var, həm də siz demişkən, dünyada hər bir ölkənin başı virusa qarşı mübarizəyə qarışıb. Bütün diqqətlər buna yönəlib. Hətta bu gün Maykl Pompeonun televiziyada bir açıqlamasını izlədim. Deyəsən o, ayrı-ayrı ölkələrin İrana, Venesuelaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı fikirlərinə anlayışlı yanaşır. Belə bir zaman kəsiyində bizim fəal şəkildə haqqımız olan torpaqlarımızın azad edilməsi ilə bağlı əməliyyat keçirməyimiz dünya ictimaiyyəti tərəfindən necə qarşılanar, bax, məni düşündürən sual budur. Bunu yaddan çıxarmayaq ki, ermənilər dünya miqyasında geniş diaspor imkanlarına malikdirlər. Onların ixtiyarında yetişmiş olan geniş lobbiçilik var. Bu lobbinin içərisində məmurlar, siyasətçilər, böyük maqnatlar, eyni zamanda, hətta mətbuat maqnatları da var. Ehtiyat edirəm ki, Azərbaycana qarşı ən müxtəlif adlarla yeni beynəlxalq səviyyədə hücumlar başlaya bilər. Belə bir vəziyyətdə Azərbaycan qarşı yeni-yeni kampaniyalara da start verilə bilər. Uzun illərdən bəri bizim dünya miqyasında ermənilərin anti-humanist, vəhşi, vandal hərəkət və davranışlarına qarşı aparmış olduğumuz uğurlu təbliğata problemlər yarana bilər. Ermənilər bilirsiniz ki, kifayət qədər hiyləgər, çox fürsətçildirlər. Bütün bunlardan istifadə edib, bizə qarşı çox geniş informasiya və təbliğat cəbhəsi, müharibəsi aça bilərlər. Mənim əsas ehtiyat etdiyim də elə məhz budur. Ancaq buna baxmayaraq, hər halda mənə elə gəlir ki, bəşəriyyəti bəlaya salan bu virus fenomeni başa çatdıqdan sonra tamam fərqli bir durum dünya düzənində əmələ gələcək.  Eyni zamanda, münaqişə zonalarında artıq məncə haqqın və ədalətin kimin yanında olması prioritet təşkil edəcək. Bizim imkanlarımız, gücümüz bu baxımdan daha da artacaq və problemin həllində məncə yeni bir stuasiya yaranacaq. Bu situasiyadan Azərbaycanın çevik diplomatiyası, onun arxasında dayanan güclü hərbi qüvvəsi, prezidentimizin sarsılmaz, təmiz iradəsi və xalqımızın bütün mənalarda olduğu kimi bu baxımdan prezidentimizlə tam həmrəy olması daha geniş və ciddi imkanlar qazanacaq. Heç şübhəsiz ki, yaranmış olan həmin situasiyadan tam əminəm ki, biz uğurla istifadə edə biləcəyik. Ancaq indiki halda mən bu məsələyə çox ehtiyatla yanaşıram, yəni Tofiq Zülfüqarovun bu təklifinə”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ehtiyatlı danışdı: “Əlbəttə, münasib zaman olduğunu söyləmək olar. Ermənistanın vəziyyəti ağırdır. İşğalçı siyasətlə əlaqədar Azərbaycan və Türkiyə ilə illərdir ki, sərhədlər qapadılıb. Üstəgəl koronavirusla əlaqədar İran və Rusiya ilə sərhədləri bağlamaq məcburiyyətində qalıb. İqtisadi vəziyyəti getdikcə ağırlaşır. Xəstələnənlərin sayı nəinki Ermənistanda, Dağlıq Qarabağda da artacaq. Belə bir vəziyyətdə Ermənistanın durumu getdikcə pisə doğru gedir. Mövcud durumda belə səslər eşidilir ki. Azərbaycan torpaqlarımızın azad edilməsi əməliyyatına başlasın. Burada obyektiv səbəblər əlbəttə ki var. Ancaq biz onu da nəzərə almalıyıq ki, özümüz də koronavirusla mübarizə aparırıq. Bizdə də xəstələrin sayı durmadan artır. Onu düşünməliyik ki, biz torpaqlarımızı azad etməyə baş vursaq, iki düşmənlə mübarizə aparmaq məcburiyyətində qalacağıq, biri həmişəki düşmən Ermənistan, biri də gözəgörünməyən düşmən koronavirus. İkisi ilə paralel mübarizə aparmalıyıq. Bu isə, Azərbaycana çətinliklər yarada bilər. Üstəlik də beynəlxalq aləmdə erməni lobbisinin təsiri ilə müəyyən səslər  eşidilə bilər ki, Azərbaycan yaranmış fürsətdən istifadə etməyə çalışır. Biz bütün bu çağırışlara cavab verməyə hazırıqsa, əlbəttə ki, torpaqlarımızı işğaldan azad etmək haqqımızdır. Amma bir daha deyirəm ki, mövcud çətinliklər var. Bu baxımdan hesab etmirəm ki, koronavirusun yayıldığı indiki halda müharibə ehtimalı yüksəkdir”.