|
Görünən pozitivlər –

İkicə ay öncə ağlımıza da gəlməzdi ki, gün gələr, apteklərdə adi tibbi maska olmaya bilər. Tanış-biliş, yaxın çevrə arasında apardığım kiçik bir sorğuya görə, əksər insanlar heç ömrü boyu maskadan istifadə etməyiblərmiş də...


İlin əvvəlindən Çində, daha sonra digər ölkələrdə, o cümlədən dünyanın bir parçası olaraq Azərbaycanda başlayan virus pandemiyası səbəbindən dünya boyunca bəlkə də hamı maska alıb taxmağa başladı. Beləcə, illərdir anbarlarda yığılıb qalıb, satılmayan maskalar da bütün ölkələrdə tükəndi. Azərbaycanda da o cümlədən. Nəinki kiçik ölkələr, hətta dünyanın əksər qüdrətli, iqtisadiyyatları güclü ölkələri – ABŞ, Almaniya, Çin, Türkiyə və s. hazırda bu problemi necə həll edəcəklərini düşünürlər. Pandemiyanın artıq bitdiyi elan olunan, illərdir dünyanın tibbi maska ilə əsas təmininatçısı olan Çin hazırda məhdud sayda tibbi maskanı ixrac edə bilir xaricə. Hətta elə bir acınacaqlı tələbat dövrüdür ki, Çinin Fransaya, Almaniyaya göndərdiyi maskaları Amerika “oğurlayıb” aparır karqodan...
Əlbəttə, bütün dövlətlər qısa zamanda bu məsələni həll edəcək. Çox sevindirici hal isə odur ki, Azərbaycan bunu demək olar ki, hamıdan birinci həyata keçirə bildi.


Belə bir ümumdünya maska çatışmazlığı dövründə dövlətimiz vəziyyətdən çıxmaqda aciz qalmadı. Xaricdən idxal üçün bütün mümkün variantlar tətbiq edildi, amma ən mühüm olanı daxili istehsalı təşkil etmək idi ki, bu da qısa bir müddətdə həllini tapdı. Prezident İlham Əliyevin tapşırığı əsasında maska istehsal edən müəssisələrin yaradılmasına başlanıldı. Aprelin 6-da Prezident Sumqayıtda tibbi maska istehsalı müəssisəsinin açılışını etdi.

gallery_news_202004060441511.jpg (93 KB)

Artıq məsələ həllini tapmış hesab olunur. Şəxsən özüm aprelin 8-də axşam saatlarında buna şahidlik etmişəm. Ümumiyyətlə, ötən günün 3 pozitivini müşahidə etdim 2 saat ərzində:


1-ci pozitiv: Artıq əksər apteklərdə maska var. Dövlətin müdaxiləsi, Prezident İlham Əliyevin qərarlarının, atılan addımların nəticəsi ciddi hiss olunur. Aprelin 8-də axşam işdən gələndə 4 ədəd tibbi maska aldım, 2-ni "Neftçilər"dən, 2-ni "Şamaxinka"dan. “Neftçilər”də və “Şamaxinka” digər bir neçə aptekə də müşahidə üçün baş çəkdim, onların da demək olar hamısında var idi, almadım, çünki 4-ü bizə bəs edirdi, hamıya çatsın. Sadəcə durumu öyrənmək istəyirdim.
Hə, burada bir maraqlı müşahidəmi də qeyd edim. Ümumdünya maska qıtlığı olan günlərdə Azərbaycanda insanların bir çoxu hökuməti ciddi şəkildə tənqid edirdilər. Haqlı tənqidlər varsa, əlbəttə ki, danmaq doğru sayılmaz. İndi isə demək olar, bütün apteklərdə maska var və qarşıdakı günlərdə say daha da artacaq, ancaq bir çox tənqidçilərin sevincini, təşəkkürlərini də görə bilmirik... Tənqid etmək, giley bildirmək varsa, problemi aradan qaldıranda təşəkkürlər də olmalıdır...

92245775_10207860139296994_8626732737920761856_o.jpg (96 KB)


2-ci pozitiv: Əhali ərzaq baxımından arxayın olsun deyə, böyük marketlər un, digər zəruri məhsulları topa-topa yığıblar ara cərgələrə. Bir neçə gün öncə əhalidə belə bir təşviş hiss olunurdu ki, ərzaq qıtlığı yarana bilər, hamı araba-araba gündəlik tələbat malları alırdı. Görünür, marketlər insanları əmin etmək, məhsulları yığıb evdə xarab etməmələri üçün anbarların bir hissəsini, rezervləri göz önünə daşıyıb...
Yenə də qos-qoca ölkələrlə müqayisə aparaq: Nəinki bu günlərdə, hətta 1 ay öncədən Avropa dövlətlərində marketlərin vitrinləri bom-boş qalmışdı. Bizdə isə əksinədir. Deməli, dövlət dar gün üçün də çalışıb hər zaman...

92734609_10207860139977011_2869563080335949824_o.jpg (91 KB)

3-cü pozitiv. Zəncəfil də marketlərə gəlib və qiymət 8,99 manatdır. (Ünvan, Araz market). Hansı ki, bununla bağlı neçə günlərdir sosial şəbəkələrdə bir kampaniya gedirdi. Hətta bəzi marketlərdə zəncəfilin kilosunun 45-50 manata çatdığı da qeyd olunurdu. Lakin göründüyü kimi, bu məsələyə də əncam çəkilib.

93110596_10207860140697029_3194161633232420864_o.jpg (120 KB)
Bu arada digər müşahidələr də var. Azərbaycanda pandemiya dövründə hələlik işdən azad etmələr, ixtisarlar baş verməyib və dövlət başçısı bununla bağlı ciddi tapşırıqlar verib. İndi gəlin Rusiya təcrübəsinə baxaq. Bununla bağlı rəsmi rəqəmləri iqtisadçı-ekspert, kifayət qədər tənqidçi adam olan, dostumuz İlham Şaban açıqlayıb facebook səhifəsində.

Sitat: "Valyuta ehtiyatı bizdən 11 dəfə çox olan qonşumuzda vəziyyət:
Rusiyada “сидим дома” karantinidir. RBC kimi işgüzar dərgi "Putin kanikulları" adlandırdığı dövrdə məşğulluq məsələsinə nəzər salıb və sorğu nəticəsində hansı məsələləri üzə çıxarıb:

1) 20% özəl müəssisələrdə əmək haqları azaldılıb;

2) 16%-də işçilərin ixisarı başlanılıb;

3) Qanunları pozaraq 30% müəsissələrdə işçilərin öz hesablarına məzuniyyətə göndərilməsi faktı aşkarlanıb."


Beləliklə, bu və digər olanların fonunda biz öz ölkəmizi tənqid etmək, gileylənmək əvəzinə, ümumibəşəri pandemiyada və ondan doğan iqtisadi-sosial böhran vəziyyətində, neftin qiymətinin 20-25 dollara düşdüyü vaxtda dövlətimizin məğrurcasına duruşu ilə qürurlanmağa haqq edirik. Təbii, çatışmayan nələrsə ola bilər və ona da göz yummaq olmaz. Zatən, son illərdə çatışmazlıqları, neqativləri ən çox dilə gətirən və onları aradan qaldıran, məmurları tənqid edən və sərt cəzalandıran da elə Prezident İlham Əliyev özüdür...