Milli Məclisin növbəti plünar iclası öz işinə başlayıb. Sədr Sahibə Qafarova deputatları və iclası konfrans otağından izləyən media nümayəndələrini salamladıqdan sonra gündəliyi səsverməyə çıxartdı.
93 nəfər gündəliyin təsdiqlənməsindən sonra çıxış edən xanım sədr dedi ki, bu günlərdə Azərbaycan prezidenti yeni humanist addım atıb, pandemiya ilə əlaqədar olaraq yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan 167 nəfər əfv edilib. S.Qafarova dedi ki, siyasi mənsubiyyətindən, cəmiyyətdə mövqeyindən asılı olmayaraq, hər bir insanın həyatına dəyər verilir və bütün işlər möhtərəm prezidentimizin diqqətindədir. Sədr bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Sumqayıtda tibbi maska istehsal edən müəssisənin açılışında iştirak etməsindən, ölkədə modul tipli 6 tibb ocağının tikintisi ilə bağlı Prezident sərəncamı ilə ayrılan vəsaitdən də bəhs etdi. S.Qafarova ölkədə pandemiyanın yayılmasının qarşısının alınması üçün həyata keçirilən bütün işlərə görə dövlət başçısına təşəkkür etdi.
Xanım Sədrin təklifindən sonra parlament ayaq üstə ölkəmizdə COVİD-19 pandemiyasına qarşı mübarizədə fədakarlıq edən tibb işçilərini, polisləri, hərbçiləri, gömrük əməkdaşlarını və digərlərini sürəkli alqışladılar.
