|
Asiya İnfrastruktur İnvestisiya Bankı Çinə 355 milyon dollar ayırıb

Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) COVID-19 pandemiyası ilə mübarizə üçün Çinə 355 milyon ABŞ dolları məbləğində suveren kredit ayırıb.

AIIB-in Pekindəki mənzil-qərargahından AZƏRTAC-a bildiriblər ki, vəsait paytaxt Pekində və 31 milyon əhalisi olan Çunçin bələdiyyəsində ictimai səhiyyə infrastrukturunun müasirləşdirilməsinə və COVID-19 infeksiyasının yayılması şəraitində təcili avadanlıq təminatının həllinə yönəldiləcək.

Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. AİİB fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, 68 layihəyə, ümumilikdə, 13,45 milyard dollar kredit ayırıb.