|
İşsiz müxalifətçilər də 190 manat yardımı almaq istəyir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi 2 karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə veriləcək.

Ölkədə işsizlikdən daha çox şikayətlənənlərin müxalifət partiyalarının üzvləri olduğu bəllidir. Müxalifət partiyalarının üzvləri sözügedən yardım paketindən yararlanmaq üçün müraciət edəcəklərmi?

ADP sədri Sərdar Cəlaloğlu musavat.com-a bildirdi ki, bu məsələ dövlətin yaranmış vəziyyətdə işsiz insanlara müəyyən dəstəyidir. Müxalifətçi olub-olmamaq burada rol oynamır, istənilən işsiz Azərbaycan vətəndaşı həmin vəsaiti əldə etmək hüququna malikdir və əldə etməlidir: “Müxalifət partiyalarının üzvləri də Azərbaycan vətəndaşıdır. Dövlətin həmin vətəndaş qarşısında öhdəlikləri var. Siyasi mənsubiyyətin vətəndaşlığa heç bir aidiyyatı yoxdur. Başqa vətəndaşlar necə, müxalifətçilər də o cür dövlətin dəstək paketindən yararlanmalıdırlar. Yəqin ki, bizim partiyanın işsiz üzvləri də 190 manatı dövlətdən almaq üçün müraciət edəcəklər. Söhbət burada hakimiyyətə müraciət etməkdən getmir, dövlətə müraciət etməkdən gedir. Çünki o vəsait dövlətindir. Dövlətin qəbul etdiyi qərarlar bütün vətəndaşlara şamil olunur. Orada yazılmır ki, bu qərar müxalifətçiyə şamil olunur və ya olunmur”.

AXP sədri Pənah Hüseyn də bildirdi ki, iqtidar partiyasının və ya müxalifət partiyasının üzvü olmasından asılı olmayaraq ehtiyacı olan bütün vətəndaşlar həmin vəsaiti almaq haqqına sahibdirlər: “Qanuna görə ümumiyyətlə işsizlər karantin oldu-olmadı vəsaitlə təmin olunmalıdır. Bu, dövlətin vəzifəsidir. Ona görə də işsizlərə müaavinətin verilməsinin güzəşt kimi təqdim olunması kökündən yanlışdır. Hər bir ehtiyacı olan Azərbaycan vətəndaşı ayrılan birdəfəlik ödəməni də almaq hüququna malikdir. Müxalifət partiyalarının üzvləri də vətəndaş olaraq bu hüquqlarından istifadə etməlidirlər. Bu məsələdə iqtidar-müxalifət məsələsi qətiyyən ortalığa qoyulmamalıdır”.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə qeyd etdi ki, Milli İstiqlal Partiyası hələ pandemiya ilə mübarizənin ilk günlərində günəmuzd fəaliyyətlə ailəsini dolandıran və yaranmış vəziyyətdə əmək fəaliyyəti göstərmək imkanlarından məhrum olmuş şəxslərin dairəsinin qısa müddətdə müəyyənləşdirililməsinin, bu kateqoriyadan olan şəxslərə dövlət tərəfindən müvafiq maddi yardımların göstərilməsinin vacibliyinin hökumət üçün prioritet vəzifə olduğunu bildirmişdi. Dövlətin bu istiqamətdə addımlar atması müsbətdir: “Digər müxalif partiyalarda olduğu kimi AMİP üzvləri sıralarında da bu gün işsiz və aztəminatlı insanlar yox deyil. Bu anlamda əlbəttə ki, bu məsələ daim diqqət mərkəzindədir və biz həmin üzvlərimizə müvafiq formada qeydiyyatdan keçməklə maddi təminat almaqla bağlı məsləhətlərimizi veririk. Şübhəsiz ki, müraciət edənlər olacaq”.

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, müəyyən olunan 190 manat pul qətiyyən insanların ehtiyaclarını ödəmək iqtidarında deyil: “Hələ birdəfəlik maddi yardımın miqdarının azlığını kənara qoyuram, bu yardımı ala bilmək üçün irəli sürülən şərtlər ümumiyyətlə irrealdır. Odur ki, bu vəziyyət böyük bir kəsimdə haqlı olaraq etiraz doğurub. Fikir versəniz görərsiniz ki, yardımın məbləği və verilmə qaydaları elan olunduqdan sonra insanlar sosial şəbəkələrdə bu vəziyyətə ironiya edən müxtəlif statuslar, videolar və lətifələr paylaşdı. Mən bundan öncə də qeyd etmişdim ki, yardım məsələsində hökumət nümayəndələrinin naşılığı hakimiyyətin pandemiya dönəmində atdığı bir çox müsbət addımlara zərbə vurur. Bu gün də bununla bağlı narazılıqlar kifayət qədər çoxdur. Əslində isə vətəndaş ancaq öz dövlətinə arxayın olmalı və bütün yardımları da ondan gözləməlidir. Dövləti də hər zaman xalqının yanında olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirməlidir. Ancaq belə bir vəziyyətdə xalq və dövlət arasında sarsılmaz, möhkəm və səmimi etimad və güvən mühiyi yarana bilər. Belə olduqda dövlət və xalq sözün həqiqi mənasında azad və güclü ola bilər. Ancaq təəssüf ki, hazırda vəziyyət heç də ürək açan deyil. O ki qaldı müxalifət partiyalarının siravi üzvlərinin yardım üçün müraciət etməsi məsələsinə, təbii ki, imkanı olmayan istər müxalifətçi, istərsə də bitərəf şəxs dövlətindən yardım almalıdır. Bizim də imkansız işsiz partiya üzvlərimiz bu minimal yardımdan yararlanmaq üçün müraciət edirlər. Ancaq bir çoxunuun bu yardımdan yararlana biləcəyinə inanmıram. Çünki yardımın verlməsi üçün qoyulan qaydalar əslində insanları yardımdan məhrum edir. İnandırıcı deyil ki, bu fantastik şərtlərə çox adam cavab verə bilsin”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, Statistika Komitəsinin aprelin 1-ə olan məlumatına görə ölkədə işsiz sayı 86,2 min nəfərdir. İndi hökumət 190 manat yardım ala biləcək insanların sayını 200 min nəfər civarında göstərir və ayrılan maliyyə vəsaiti də da elə 200 min adam üçün nəzərdə tutulub: “Birdəfəlik ödəməni almaq üçün müraciət müddəti iki həftədir. Sistemlər də yüklənir, xeyli müraciətləri qəbul etmir. Lap etsə belə, 500 min işsiz müraciət etsə necə olacaq? Bu işlər hazırlıqsız, yarımçıq və qarışıq üsulluarla görülür. Müraciətə qalsa bəli, bizim- müxalifətin işsiz üzvləri də müraciət edəcəklər. Amma bu məsələdə natamamlıq göz önündədir. Mən yardım üçün sadə üsul təklf etmişəm-10 milyonluq əhalinin hər bir nəfərinə minimum əmək haqqı miqdarında - 250 manat yardım edilsin, bu da 150 dollara yaxın vəsait deməkdir. Cəmi bir aya 1,5 milyard, iki aya isə 3 milyard dollar vəsait ayırmaqla bu problemi ədalətlə həll etmək olar. Nəzərə alaq ki, Neft Fondunda təqribən 50 milyard dollarlıq vəsait var, qoy onun 3 milyard dolları da millətin ağır günündə millətə verilsin”.