|
“Milli Şura antimilli mövqeyini bir daha nümayiş etdirdi"

Əli Hüseynli: “Onların səsləndirdikləri bu fikirlər təəccüb və ikrah hissi yaradır”

Fəzail Ağamalı: “AXCP-yə aid adam karantin qaydalarını pozduğuna görə…”


Azərbaycan dövlətinin koronavirus pandemiyası ilə bağlı atdığı addımlar, gördüyü qabaqlayıcı tədbirlər ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Lakin müxalifət camiəsində bir qrup şəxslər iddia edirlər ki, pandemiyadan hökumət fərqli məqsədlər üçün istifadə edir. Konkret olaraq Milli Şuranın üzvləri bəyanat yayaraq iddia ediblər ki, Azərbaycan hakimiyyəti koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan ciddi karantin rejimindən siyasi rəqiblərinə qarşı istifadə edir.

Məsələ ilə bağlı Modern.az saytına danışan birinci vitse-spiker Əli Hüseynli deyib ki, onların səsləndirdikləri bu fikirlər təəccüb və ikrah hissi yaradır: “Bilirsiniz ki, yayılmasının qarşısının alınması məqsədilə inzibati və cinayət qanunvericiliyimizə də dəyişiklik olundu. Bütün Azərbaycan vətəndaşlarına vaxtında və operativ şəkildə bu dəyişikliklər haqqında məlumat verilib və ictimaiyyət bu məsələlər haqqında tam məlumatlıdır. Hamı bilir ki, biz hazırda tamamilə fərqli bir hüquqi rejimdə yaşayırıq. Bu dövr ərzində Azərbaycanda karantin rejimi qaydalarını pozmalarına görə 3 cinayət işi üzrə 5 nəfər haqqında həbs qəti-imkan tədbiri seçilib, 75 nəfər inzibati qaydada həbs edilib, 18767 nəfərə inzibati qaydada cərimə tətbiq edilib, 475 nəfərə isə xəbərdarlıq edilib. Onların sırasında iddia olunan bir neçə nəfərin olmasının siyasiləşdirilməsi qeyd etdiyimiz rəqəmlərin fonunda çox məntiqsiz görünür. Bu baxımdan müvafiq qurumlar tərəfindən həyata keçirilən hüquqi tədbirlərin siyasiləşdirilməsinin heç bir əsası yoxdur. Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə hüququn aliliyi tam təmin olunur. Əgər kiminsə əməllərində, fəaliyyətində qanun pozuntusu varsa, qanunsuzluğa yol verirsə, o da mütləq şəkildə qanun qarşısında cavab verməlidir.

Əlbəttə ki, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt anti-Azərbaycan qüvvələrə, beşinci kolon təmsilçilərinə vəziyyətdən istifadə edib hansısa təxribat törətməyə imkan verməyəcək”.

Musavat.com-a danışan deputat Fəzail Ağamalı bildirib ki, Azərbaycan hazırda dünyada böyük bir bəlaya çevrilən koronavirusun ölkədə yayılmasının qarşısını almaq üçün bütün lazımı tədbirləri atır: "Koronavirusun dünyada yayılması ilə bağlı məlumat kütləvi informasiya vasitələrində verildiyi andan dərhal cənab prezident İlham Əliyev ciddi addımlar atmağa başladı. Qabaqlayıcı tədbirlərin atılmasına start verildi. Həmin tədbirlər hər kəsə aydındır və bunları bir-bir sadalamaq istəmirəm. Dövlət bütün mümkün olan tədbirləri həyata keçirdi və keçirməkdədir ki, ölkədə bu infeksiya genişlənməsin. Təsadüfü deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı ən səmərəli mübarizə aparan ölkələr içərisində Azərbaycanı da xüsusi olaraq qeyd edir. Şükürlər olsun ki, Azərbaycanda bu virusun genişlənməsinin qarşısı alınır. Atılan addımlar özünün konkret və əhəmiyyətli nəticələrini göstərməkdədir. Ümid edirəm ki, biz bütövlükdə az itki verməklə bu bəladan xilas ola biləcəyik. Təbii olaraq, Azərbaycanda koronavirusa qarşı mübarizə aparılmasının ilkin mərhələsində maariflənmə işinə də xüsusi əhəmiyyət verildi. Eyni zamanda, təhsil müəssisələrinin hamısı bağlandı, qabaqlayıcı tədbirlər görüldü, istirahət mərkəzləri, 4 və 5 ulduzlu otellər bu işə cəlb edildi. Bu gün görülən işlərin nəticələrini görməkdəyik. Lakin insanların bu bəlanı ciddiyə almaması da problem yaratmaqda idi. Nə qədər maariflənmə işi aparılsa da, yenə də parklarda, ayrı-ayrı yerlərdə insanlar gəzir, qaydalara məhəl qoymurdular. Bu səbəbdən də qaydalar sərtləşdirildi, cərimələr tədbiq edildi və sairə. Bütün bunların bir məqsədi var: yoluxmanın qarşısını alıb, vətəndaşı qorumaq".

Deputat bildirib ki, bunların fonunda Milli Şuranın belə bir bəyanatla çıxış etməsi başqa məqsədə xidmət edir: "Əgər Milli Şuraya və ya Azərbaycan Xalq Cəbhəsi Partiyasına aid olan hər hansı bir adam karantin qaydalarını pozduğuna görə cərimə olunubsa və ya inzibati qaydada həbs edilibsə, bunu siyasiləşdirməyin özü əbləhlikdən başqa bir şey deyil. Ona görə də təəssüf edirəm ki, bununla bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin himayəsində olan Milli Şura deyilən qurum, qərəzli xarakter daşıyan bəyanatla çıxış edib. Hər kəsə bəllidir ki, Milli Şura Əli Kərimli tərəfindən idarə olunur. Bu qurum karantin rejiminin sərtləşdirilməsinə siyasi rəng verməklə, əslində özlərinin məkirli məqsədlərinə xidmət edirlər. İstisna etmirəm ki, bəlkə də qəsdən və düşünülmüş şəkildə Əli Kərimliyə yaxın olan kimlərsə xüsusi karantin rejimini pozaraq, həbs olunmaq qərarını veriblər. Bu addımı atmaqla özlərinin xaricdəki ağalarına da məlumat veriblər. Oradan da artıq Azərbaycana qarşı müxtəlif təzyiqlər gəlməkdədir. Baxın, burada Əli Kərimlinin Sevinc Osmanqızı ilə debatı, insanları küçələrə çıxmamağa səsləyən fikirlərə qarşı qərəzli yanaşmağı, başqa bir yanda Milli Şuranın bəyanatı və üçüncü tərəfdə də ABŞ-da bunlara yaxın olan dairələrdən bir nəfərin xüsusi yazı ilə çıxış etməsi faktı. Bütün bunlar göstərir ki, yaranmış olan ən ağır situasiyadan bunlar öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır, özlərinin antimilli mövqelərini ortaya qoyur, fəlakətlər üzərində hakimiyyətlərini qurmağa çalışırlar. Düşünürəm ki, bu, həm Milli Şuranın, həm də bu şuranın içərisində xüsusi olaraq yer alan Əli Kərimlinin bütün mahiyyətini, antimilli mövqeyini bir daha nümayiş etdirdi".