Dünən dünyada koronavirusa (COVİD-19) yoluxma sayı əvvəlki günlə müqayisədə aprelin 3-də bir də qədər artıb. Musavat.com xəbər verir ki, bu artım əsasən 3 dövlətin hesabına olub. Artıq dünyada yoluxma sayının çox olduğu ölkələrdə, ölüm sayı da həndəsi silsilə ilə artmaqdadır...
Ümumilikdə dünən dünyada 101 min 578 nəfər koronavirusa yoluxub, 5 min 990 nəfər ölüb.
Ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə dünən 32 min 284 nəfər yoluxub, 1321 nəfər ölüb. Bu göstərici 2 aprellə müqayisədə xeyli yüksəkdir. Yoluxmanın ən çox qeydə alındığı ikinci ölkə Fransa olub (23 min 660 yoluxma, 1120 ölüm). Dünən yoluxmaya görə üçüncü sırada isə İspaniya yer alıb ( 7 min 134 yoluxma, 850 nəfər ölən olub).
Dünyada ümumi yoluxanların siyahısında 2-ci yerdə gələn İtaliyada dünən yoluxanların sayı əvvəlki günlərlə müqayisədə xeyli aşağı olub (4 min 585 yoluxan, 766 nəfər ölən).
Dünən koronavirusdan ən çox ölüm halı ABŞ-da olub (1321 nəfər).
Hazırda dünyada yoluxanların ümumi sayı 1 milyon 118 min 559 nəfər, ölənlər isə 59 min 226 nəfərdir.
Artıq İtaliyada yoluxanların sayı azalan xətt üzrə gedir. ABŞ, İspaniya və Fransada bunun əksi yaşanır. Bu ay xüsusilə də ABŞ-da ölüm sayının ciddi şəkildə artacağı bildirilir. Hesab edilir ki, bu ay ABŞ-da 200 min nəfər koronavirusdan ölə bilər...
