Dünyanı cənginə alan koronavirus bəlası ucbatından əksər ölkələrdə karantin vəziyyətidir, insanlar evdən çölə çıxmır. Əksəriyyət özünü bu durumda motivasiya etməyə çalışır, evdə müxətlif məşğuliyyətlər edir, əvvəllər vaxt azlığından görə bilmədiyi işləri həyata keçirir, yaradıcılıqla məşğul olur, kitab oxuyur və sairə. Bəs yerli məşhurlarımızın karantin günləri necə keçir, evdəki məşğulliyətləri nədir?
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan mövzu ilə bağlı Musavat.com-a maraqlı müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Karantin günləriniz necə keçir? Virusdan özünüzü necə qoruyursuz?
- Əlbəttə ki, karantin günlərimizdə narahatçılığımız var. Amma buna rəğmən həyatdan küskün deyilik. Dərk etməliyik ki, Allah bizi bundan da çətin imtahana çəkə bilərdi. Özümüzü koronavirusdan bioloji olaraq qorumalı, həm də əhval-ruhiyyəmizi Allahın lütfi ilə təmizləməliyik. Bunun özü də bir xəbərdarlıqdır. Dünya yaranandan bu günə qədər müəyyən tarixi zamanlarda bu cür bəlalar olub. Yəni bu günlərdə daha məsuliyyətli, diqqətli olmalı, rəsmi informasiyalara, qərarlara tabe olmalıyıq, yalnız bu zaman təhlükədən tezliklə çıxa bilərik.
Prezidentimiz İlham Əliyev dəfələrlə xalqa müraciət edərək, bu günlərdə məsuliyyətli olmağımıza, yaşlı nəslin və öz yaxınlarımızın qayğısına qalıb onları qorumağa, arxa-dayaq olmağa, uşaqlarımızı, özümüzü qorumağa, milli həmrəyliyə çağırış edib. Hətta ötən gün birinci vitse-prezident Mehriban xanım Əliyevanın“Ana kimi sizdən xahiş edirəm, evdə qalın!” deməsi bizi çox kövrəltdi.
Bu problemi bütün ölkələr yaşayır. Özümüz də müşahidə edirik ki, hansı ölkədə bu qaydalara riayət olunursa, orada bu bəla sovuşmağa başlayır, karantin ləğv edilir. Bu yolda da həmrəylik göstərməliyik. Prezidentimiz də çevik və uzungörən siyasət yürüdərək tezliklə koronavirus bəlasının qarşısını almağa çalışır.
![]()
- Yəqin ki, nəvəniz Səmərrux evdə qalmaqla darıxır. Onu bu vəziyyətə alışdıra bilmisiz?
- Yox, nəvəm darıxmır, hətta məni darıxmağa qoymur. “İnstagram” səhifəmə diqqət etsəniz görərsiz ki, orada nəvəmlə birgə çoxlu paylaşımlarımız var. Çalışırıq ki, maraqlı paylaşımlarımızla insanlara xoş-əhval ruhiyyə bəxş edək. Peyğmbərimiz deyib ki, “Uşaqları sevin”. Bizim ailədə də ilk diqqət nəvələrimə və anama göstərilir.
- Tez-tez televiziya proqramlarına dəvət alırsız. Virusa yoluxma riskiniz böyükdür desək, yanılmarıq.
- Bəli, demək olar ki, hər gün televiziya proqramlarına dəvət alıram və getməyi özümə borc bilirəm. Evdən çıxanda əllərimə spirt vurur, tez-tez əlcəyimi, maskamı dəyişirəm. Çox sevindirici haldır ki, televiziya məkanlarında koronavorusla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət olunur. Beləliklə, proqramlar bitdikdən sonra dərhal evə gedirəm. Mümkün qədər yalnız anamı görməyə gedirəm. Çünki anamın 72 yaşı var, ona tez-tez dərman almaq lazım olur, vaxtaşırı vəziyyətini yoxlayıram. Başqa heç bir kənar yerə getmirəm. Hətta bu günlərdə o biri nəvəmin 5 ayı tamam oldu, koronavirus təhlükəsinə görə onu görməyə getmədim.
![]()
- Azərbaycan müğənnilərinin qazancı əsasən toylarla bağlı olur. İndi toylarsız necə dolanırsız?
- Bəli, bir çox müğənnilərin əsas qazancı toylardan çıxır. Lakin elə sənətkarlarımız var ki, onlar tək toyu düşünmür, onlar üçün əsas sənətdir və təmənnasız olaraq sənət üçün çalışırlar. Bu vəziyyət o müğənnilər üçün çətin olacaq ki, toylara pulsuz getmir, deyirdilər ki, “pulumu ver, gəlim”, qiymətlərində bir manat da aşağı düşmək istəmirdilər. Elza Seyidahan elə müğənnilərdəndir ki, pulsuz olaraq da toylara gedib. Xeyli sayda kasıb, imkansız ailələr olub ki, onların toyunda təmannasız olaraq iştirak etmişəm. Ona görə də bu gün toysuzluğu hiss etmirəm.
- 1 apreldə kimisə aldada bildinizmi və yaxud sizi aldada bildilərmi?
- Aprelin 1-də iki nəfəri aldatdım (gülür). Onlardan biri nəvəm Səmərrux oldu. Yemək yedizdirirdim, dedim ki, “aç ağzını, pişik gəlir”, amma pişik gəlmədi.
Bir də özümü aldatdım, gözlərimi yumdum və fikirləşdim ki, sanki bir şəhzadə ilə rəqs edirəm. Bunu təsəvvür etdikdən sonra gözlərimi açdım və öz-özümə dedim, “1 apreldir, heç kimə inanma”.
![]()
- Xarici ölkələrin, o cümlədən Türkiyə sənətçiləri bu günlərdə kifayət qədər xalqa dəstək oldular, evlərə yardımlar payladılar. Bizim sənətçilərin xalqa verdiyi dəstəyi yetərli hesab edirsinizmi?
- Bildiyiniz kimi ölkə prezidenti və xanımı Mehriban Əliyeva öz bir illik maaşını Koronavirusla Mübarizə Dəstək Fonduna bağışladı. Bundan sonra çoxlu sayda fiziki və hüquqi şəxslər, şirkətlər fonda dəstək oldular. Biz onların hamısına öz təşəkkürümüzü bildiririk.
Sənətkarlarımız hər zaman xalqa dəstək olub. Məsələn, çox dəyərli sənətkarlarımız, incəsənət nümayəndələrimiz var ki, televiziya proqramlarına çıxanda qonorar almır. Lakin Türkiyə sənətçiləri, dünya ulduzları addım qoyduqları hər yerdə qonorar tələb edirlər. Bizim sənətçilərin qazancı toylardan çıxır, xarici sənətçilər də konsertlərdən qazanır, hər yerdən qonorar alırlar. İnanıram ki, inşallah bizdə də bu belə olar.
Əlbəttə ki, bizim sənətçilər də öz dəstəklərini verir. Nəinki karantin dövründə, bundan əvvəl də kimsə müraciət edəndə imkanları çərçivəsində yardım etməyə çalışıblar. Təbii ki, hər şey imkan daxilində olur. Biz sənətlə məşğuluq deyə “imkanımız hər şeyə yetir” demək olmaz. Olur ki, bizim də nəyəsə imkanımız çatmır, buna görə bizi də başa düşmək lazımıdr. Əlimizdə olanda onu həmin an paylaşırıq. Bəziləri elə bilir ki, bu hər zaman belə olur. Lakin delə deyil.
Mən də bacardığım qədər aksiyaya dəstək oluram. Bir sıra şirkət və firmalar var ki, onların dəstəyi ilə imkansız, şəhid, əlil, çoxuşaqlı ailələrə qida və gigiyenik məhsullar paylayırıq. Karantin müddəti bitənə qədər biz bunu davam etdirəcəyik.
![]()
- Son vaxtlar tacdan çox istifadə edirsiz. Bu sadəcə aksessuardır, yoxsa sizin üçün bir anlamı var? Hətta xalq artisti Rafael Dadaşovun yasına tac taxıb getdiyiniz üçün tənqid olunmuşduz.
- Mən tacdan tez-tez istifadə edirəm. Tac Azərbaycanın qədim adət-ənənələrindən bizə qalan bir mirasdır. Koronaviruslu günlərdə taclı, korifey sənətkarlarımız, o cümlədən xalq artistləri Rafael Dadaşov, “Qaya” qrupunun üzvü olmuş Rauf Babayev, “Yuğ” Teatrının baş rəssamı Rəşid Şerif, ustad sənətkarımız Xanlar Cəfərov bizi tərk etdilər. Onlar mələk kimi, təvazökar, sadə insanlar idi və sanki birdən-birə qeybə çəkildilər, ölümləri ilə də yaxınlarına, doğmalarına əziyyət vermədilər. Ona görə də Rafael müəllimin yasına tacımı geyindim. Bütün mətbuat günlərlə ondan yazdı ki, “Elza Seyidcahan Rafael Dadaşovun yasına tacla gedib”. Amma mətbuat Rəşid Şərifin, Rauf Babayevin, Xanlar Cəfərovun yasından səs-küy salaraq yazmadı, çünki Elza Seyidcahan o yaslara tacla getmədi. Mən ora da tacla getməli idim. Onlar bizim taclı sənətkarlarımızdır. Əlbəttə ki, karantinə görə yas məclisi təmtəraqlı keçmədi, qaydalara hamımız riayət etməliyik. Amma əgər mən başımda tac getsəydim inandırım ki, o insandan çox mənim tacımdan yazardılar. Çox təəssüf ki, belə də olur. Çox istərdim ki, mətbuatımız həmin sənətkarların həyatından, yaradıcılığından günlərlə yazsın. Ancaq elə Elza Seyidcahanın tacından, o birisinin başından, digərinin daşından yazmaq olmaz ki...
İkinci bir tərəfdən, yasa tacla getmək qəbahət deyil. Bu, bir ziyalılıq, kübarlıqdır. İngiltərədə krallıq ailəsində yas olanda başlarına papaq da qoyurlar, tac da geyinirlər. Bizim bəzi axundlarımız daş-qaşla, hicabın üstündən qızıl-brilliant taxıb gəlir, məclisləri idarə edirlər. Eləcə də yasa gələnlər bəzən ən bahalı paltarlarını, şubalarını geyinir. Bu da mənim tərzmdir, başımda ya tac, “abadoq”, ya da papaq, gül olar...
Üstəlik Rafael Dadaşovun yasına xeyli adam aksessuar taxıb gəlmişdi, mənim də aksessuarım tacdır. Həm də tacımın qaşları qara rəngdə idi.
![]()
-Bu günlərdə koronavirusa aid yeni şeir yazdınız və maraqla qarşılandı. Bundan başqa yeni şeirləriniz varmı?
- Bəli, koronavirusa aid yeni şeir da yazdım, mahnı da bəstələdim. Bildiyiniz kimi hər zaman mənim adımdan yalan olaraq şeirlər yazırlar. Mənim koronavirusa yazdığım şeir “Taclı eybəcər!” adlanır.
- Bəs kitab mütaliə edirsizmi? Ən son nə vaxt və hansı kitabı oxumusuz?
- Deməzdim ki, hansısa roman və yaxud pyes oxuyuram. Lakin şeirlər vurğunu, müqəddəs kitablar aşiqiyəm. Bugünkü günümüzün hər biri bir kitabdır və çalışıram ki, hər kitabı diqqətli, səbrli, şükranlı, ağzı dualı oxuyum. Çünki bəzilərin ağzı açıq qəbrə dönüb, dillərindən ancaq lənət, naşükürlük, rişxənd, qeybət çıxır.
Görkəmli rus şairi Lermontov dünyasını dəyişəndə heç kəsə “əlvida” deməyib, sadəcə kitablarını nəzərə alaraq deyib: “Əlvida mənim etibarlı dostlarım”.
Məmməd Arazın silsilə şeirlər kitabı var, onları oxuyuram. Ümumiyyətlə pianinomun üstündə hər zaman şeir kitabları olur. Əlbəttə, istərdim ki, böyük pyesləri olan kitabı da açıb, oxuyum. Bir kitabı açıb, oxuyanda özümü tamamilə əsərdəki hadisəyə kökləyir, həmin ərəfədə heç kəslə danışmır, eşitmək istəmirəm.
![]()
- Karantin günlərini geridə qoyduqdan sonra ilk görəcəyiniz işlər hansılar olacaq? Bu günlərdə daha çox nə üçün darıxdınız və yaxud heyfsləndiniz?
- Bu günlərdə nə darıxdım, nə də heç nə üçün heyfslənmədim. Doğrudan da evim üçün darıxmışdım. Evdə olanda da öz işlərimi görür, yaradıcılığımla məşğulam, royalım, əzizlərim yanımdadır.
Bildiyiniz kimi mərhum müəllimim, əfsanəvi bəstəkar Arif Məlikova dövlət tərəfindən gözəl ev hədiyyə olunmuşdu. Lakin son nəfəsinə qədər o, uzun illər yaşadığı evi tərk etmədi. Çünki yaradıcı otağından kənarda qalmaq istəmirdi. Onun üçün ən gözəl saray, qəsr ora idi. Onsuz da böyük iqamətgahlarda insanlar onun bir küncündə oturur. İnsan gərək ətrafdakılara gözəl aura bəxş etsin, əlindəki inciləri paylaşmalı, bölüşməlidir. Ona görə də imkanlı şəxslərə, sənət dostlarıma çağırış edirəm – gəlin, bu günlərdə həmrəylik nümyiş etdirək. Bu bir sınaqdır. Necə ki, əvvəllər xalqımızla ünsiyyətdə olur, toylarında iştirak edirdik, indi də bu qayğılı günlərdə onlarla birgə olmalıyıq.
Bu günlərdə Madonnanın bir kompozisiyası xeyli müzakirə olundu. Bildirildi ki, onun kompozisiyasında bir il əvvəldən koronavirusla bağlı detallar olub və sairə. Bəzən deyirlər ki, o, bunu bilərəkdən edib. Lakin bu belə deyil. Yaradıcılığı dəyərləndirən, hiss edən insanlar ondan nəticə çıxarır, dünyanı dərk edir və özlərini günahlardan qoruyurlar. Mənim yaradıcılığımda da Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri əsasında hazırlanmış kompozisiyada qəhqəhələr, gülüşlər, Qənirə Paşayevanın sözlərinə yazdığım “Həyata küsmə” mahnım bugünki günlərdə insanlara məlhəmdir. Nə vaxtsa bu şeirlərə çox adam gülmüşdü, lakin indi hamı bunu dərk edir.
Bu gün varlı-kasıb bilmədən hər kəs evində oturur, bərabərlik yaranıb. O qədər evlərə sığmayan, günün barlarda əyləncə yerlərində keçirən insanlar var idi, evlər adamlara həsrət qalırdı. Amma bu gün evlər sevinir...
