ABŞ Dövlət Departamenti Müsavat funksioneri Tofiq Yaqublunun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda müsavatçının həbsindən narahatlıq ifadə edilir və onun azadlığa buraxılması tələb olunur.
“Birləşmiş Ştatlar Tofiq Yaqublunun həbsindən və ona qarşı ittihamlardan narahatdır”. Bunu Departamentin sözçüsü “Turan” informasiya agentliyinin Vaşinqtondakı müxbiri Ələkbər Raufoğluna bildirib.
“Biz həbslə bağlı baş verənləri yaxından izləyirik və öz naharatlığımızı Azərbaycan hökumətinə çatdırmışıq. Azərbaycan rəsmilərini cənab Yaqublunu və öz fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırırıq” - sözçü bildirib.
ABŞ rəsmisi əlavə edib ki, Vaşinqton fundamental azadlıqları dəstəkləyir və Azərbaycandan bu sahədə öz öhdəliklərinə uyğun davranmağı gözləyir. “Bütün dünya boyu hökumətlər COVID-19 pandemiyasına reaksiya verdikcə biz Azərbaycan rəsmilərini insan haqlarına və fundamental azadlıqlara, o cümlədən azad mətbuatın ictimaiyyətə böhran və hökumətin ölçüləri barədə məlumatlandırmaq imkanlarına məhdudiyyətlərdən yayınmağa çağırırıq. Şəffaflıq və dürüst məlumat pandemiya zamanı sağlamlıq və insan təhlükəsizliyi üçün vacibdir”.
YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Müsavat.com-a açıqlamasında bəyanata bu cür reaksiya verdi: “ABŞ Dövlət Departamentinin bəyanatı sadəcə olaraq təəccüb doğurur. Dünyaya insan hüquqları, hüquqi dövlət, demokratiya prinsipləri təbliğ edən bir ölkə başqa bir ölkəyə qarşı özünü hökmran kimi aparmağa çalışır. ABŞ-la Azərbaycanın möhkəm dostluq əlaqələri var. Əməkdaşlıq sahələrimiz kifayət qədər böyükdür. Amma Azərbaycan kimi müstəqil bir dövlətdən onun hüquqlarına zidd olan nəyisə tələb etmək anlaşılmazdır. Digər tərəfdən, onun burada səfirliyi var. Səfirlik Azərbaycan hüquq-mühafizə orqanlarından məsələ ilə bağlı maraqlana bilər. Onlara məlumat veriləcəkdi ki, Azərbaycan vətəndaşlarından biri ictimai yerdə xuliqanlıq hərəkətləri edib və o şəxs bununla bağlı qanunlarımıza uyğun olaraq müvəqqəti saxlanılıb. Araşdırma sonrakı nəticələr göstəriləcək. Öz vətəndaşlarının hüquqlarının qorunmasında Azərbaycan dövləti hamıdan maraqlıdır. Biz müstəqilliyi ona görə qazanmışıq ki, vətəndaşlarımıza geniş hüquqlar verək, onun hüquq və azadlıqlarını qoruyaq və dünya birliyində layiqli yer tutaq. Azərbaycanda qanun şahdır. Hamı bu qanunlara riayət etməlidir. Burada kiminsə siyasi baxışlarının yaxud hansı vəzifəni tutmasının elə də əhəmiyyəti yoxdur. Hər bir insan öz davranışında, digərlərinə münasibətində qanunun aliliyini qorumalıdır. ABŞ rəsmilərindən belə bir bəyanatın gəlməsi sadəcə olaraq təəccüb doğurur”.
YAP funksioneri koronavirusla T.Yaqublunun həbsinin bir-biri ilə əlaqələndirilməsinə də toxundu: “Hesab edirəm ki, bu bəyanatı hazırlayan və yayanlar Azərbaycanda gedən proseslərdən tamamilə xəbərsizdirlər. Heç bir aidiyyəti olmayan, bir-birinə uyğun gəlməyən məsələləri bir araya toplamağa çalışırlar. Koronavirus pandemiyası bu gün dünya üçün çox böyük bir təhlükədir. Digər ölkələr kimi, Azərbaycan da bu gün vətəndaşlarını qorumaq üçün maksimum işlər görür. Onun nəticəsidir ki, biz hər milyon nəfərə düşən koronavirus xəstəsinin sayına görə dünyada ən az xəstəsi olan ölkələrdən sayılırıq. Eyni zamanda, dünyasını dəyişənlərin sayı da çox azdır. Görülən tədbirlər çox qısa zamanda virusun Azərbaycanda qarşısının alınmasına tam imkan verəcək. Bununla belə, ölkəmizdə insan və hüquq azadlıqları heç bir halda məhdudlaşdırılmayıb. Şəffaflıq günümüzün reallığıdır. Həm koronavirusla bağlı görülən işlərlə, həm də gündəlik işlərimizlə bağlı vətəndaşlarımız vaxtaşırı məlumatlandırılır. ABŞ-ın anlaşılmaz, bir-birinə qətiyyən uyğun gəlməyən məsələlərlə bağlı ölkəmizi ittiham etməsi başadüşülən deyil. ABŞ ölkəmizdəki səfirliyi vasitəsilə Azərbaycanda görülən işlərlə bağlı məlumatlar alır. Bu işlər nə beynəlxalq hüquq normalarına, nə də ki, konstitusiyamıza zidd deyil. Bir nəfərin xuliqanlıq zəminində fəaliyyətinə görə həbs edilməsini bu gün siyasiləşdirmək, onun azadlığa buraxılmasını daxili işlərimizə qarışaraq əsassız şəkildə tələb etmək yolverilməzdir. Bu tip məsələlər hər halda beynəlxalq hüquq, mehriban qonşuluq və bir-birinin daxili həyatına hörmətlə yanaşma zəminində həll edilməli, araşdırılmalıdır”.
